Kubada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edilib

25 May 2023 20:28 (UTC+04:00)

Azərbaycanın Müstəqillik Günü ilə bağlı Kubanın Havana şəhərində rəsmi qəbul keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ölkəmizin Kubadakı səfirliyindən bildirilib ki, tədbir Azərbaycanın və Kubanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Rəsmi qəbulda çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev qonaqlara 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda qurulması və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətləri haqqında danışıb. O, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə qarşılaşdığı çətinliklər barədə məlumat verərək, müstəqillik illərində ölkəmizin əldə etdiyi siyasi-iqtisadi uğurlardan bəhs edib.

Tədbir iştirakçılarına ölkəmizin bugünkü qüdrətinin əldə edilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafı, həmçinin beynəlxalq səviyyədə nüfuzunun artması və uğurlu xarici siyasətinin həyata keçirilməsi istiqamətində müasir dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar bu il Azərbaycanda “Heydər Əliyev İli” elan olub.

Eyni zamanda, son zamanlar ikitərəfli münasibətlərdə müşahidə olunan dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışılıb, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Qəbul zamanı Azərbaycan tarixi, mədəniyyəti, turizm imkanları barədə videoçarxlar nümayiş olunub, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.