Avropa İttifaqı Rusiya Mərkəzi Bankının aktivlərini dondurub

25 May 2023 20:21 (UTC+04:00)

Avropa İttifaqı Ukrayna müharibəsinə görə indiyədək Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurub.

Avropa Komissiyasının sözçüsü Kristian Viqand Belçikanın paytaxtı Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin müharibə səbəbiylə indiyə qədər dondurduğu Rusiya Mərkəzi Bankının aktivləri ilə bağlı açıqlamalar verib.

Avropa İttifaqının 10-cu sanksiya paketi çərçivəsində üzv ölkələrdəki qurumların Rusiya Mərkəzi Bankının bloklanmış aktivləri və ehtiyatları barədə mayın 12-dək Aİ Komissiyasına məlumat verməli olduğunu xatırladan Viqand “Avropa İttifaqına üzv dövlətlər Komissiyaya təqdim edilən Rusiya Mərkəzi Bankının 200 milyard avronu aşan aktivlərini dondurduqlarını bildirdi" ifadəsini işlədib.

Ukraynaya vurduğu zərərin əvəzini Rusiyanın ödətdirməkdə qərarlı olduqlarına diqqət çəkən Viqand bu mövzuda işlərin intensiv şəkildə davam etdiyini bildirib.

Rusiyanın Ukraynadakı dondurulmuş aktivlərinin istifadə variantlarından birinin də Rusiya Mərkəzi Bankının qaynaqları olduğunu ifadə edən Viqand bu aktivlərin faizinin Ukrayna üçün istifadə oluna biləcəyini qeyd edib.

SİA xatırladır ki, Qərb ölkələrində Rusiya Mərkəzi Bankının ümumilikdə 300 milyard dollar olan aktivi Rusiya-Ukrayna müharibəsi səbəbindən dondurulub.