Nikol Paşinyan Moskvada danışıb...

25 May 2023 20:11 (UTC+04:00)

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər. SİA-nın TASS-dan əldə etdiyi məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

“Təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı razılığa gəliblər və bu əsasda biz münasibətlərimizin nizamlanması istiqamətində kifayət qədər yaxşı irəlilədiyimizi deyə bilərik”.

Baş nazir Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinin “beynəlxalq mexanizm çərçivəsində” təmin edilməsi məsələsinə də toxunub.

“Ümid edirəm ki, Bakı ilə Stepanakert (Xankəndi) arasında normal konstruktiv dialoq tezliklə başlayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, bazar ertəsi İrəvanda keçirdiyi mətbuat konfransında Paşinyan Dağlıq Qarabağın daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin Ermənistan əhalisinin təhlükəsizliyinin təmin edilməsi şərti ilə bildirib.

Ağasəf Babayev