Haaqada Ulu Öndərin 100 illiyinə həsr edilmiş konsert təşkil edilib

25 May 2023 20:02 (UTC+04:00)

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Niderland Odlar Yurdu Assosiasiyasının təşkilatçılığı ilə Haaqada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Niderlanddakı səfirliyinin binasında təşkil edilib.

Əvvəlcə Azərbaycan və Niderlandın Dövlət himnləri səsləndirilib. Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan-Niderland Odlar Yurdu Assosiasiyasının üzvü Nemət Əliyev Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən danışıb, Ümummilli Liderin Vətənimizə və xalqımıza göstərdiyi müstəsna xidmətlərdən söz açıb.

Niderlanddakı səfirliyimizin konsulu Səbinə Sadıxlı Ulu Öndərin siyasi fəaliyyəti, Azərbaycanın inkişaf və tərəqqisinə verdiyi töhfələrdən danışıb.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Azərbaycan-Niderland Odlar Yurdu Assosiasiyasının sədri Frəngiz Bağırova ömrünün 50 ilini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqişünaslıq şöbəsində dirijorluq ixtisasından dərs deyən Elmira Dadaşovanı təqdim edib.

Tədbir Niderland Krallığının müxtəlif şəhərlərində fəaliyyət göstərən musiqi məktəblərinin şagirdlərinin konserti ilə davam edib.

Tədbirdə Niderlanddakı Azərbaycan və türk icmalarının, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.