"Kılıçdaroğlunun ətrafı zəifləyir" -AÇIQLAMA

25 May 2023 17:58 (UTC+04:00)

"Türkiyədəki seçkilərin 2-ci raundunu Ərdoğanın udmaq ehtimalı çox yüksəkdir. Nəzərə alsaq ki, son günlərdə Ərdoğan öz təbliğatını daha da genişləndirib, daha da gücləndirib və beynəlxalq aləmdə də Ərdoğanın kifayət qədər nüfuzu var buna ehtimal vermək məntiqlidir". Bu sözləri SİA- ya verdiyi açıqlamada politoloq Cümşüd Nuriyev bildirib.
O, vurğulayıb ki, Kılıçdaroğlu buraxdığı səhvlərlə öz qurbanına çevrildi. Seçkidən sonra Kılıçdaroğlunun ətrafı yavaş-yavaş seyrəlməyə başlayır. Ərdoğanın ətrafı isə güclənməyə doğru gedir: "Bu günkü şəraiti nəzərə alsaq Ərdoğan seçkiləri təxmini 60 faizlə udacaq, amma mən daha yüksək nəticənin əldə olunmasını istəyərdim. Nəticə əgər 52-53, 47-48 nisbətində olarsa bu qardaş Türkiyə üçün təhlükəlidir. Birincisi, bu qədər faiz ən azı 20 milyon səs, 20 milyon insan deməkdir. Bununla yanaşı seçkidə iştirak etməyənlər də Ərdoğanın əleyhinə çıxa bilərlər. İkincisi, ən qorxulusu odur ki, Kılıçdaroğlunun yanında islamı qəbullanmamış qeyri-müsəlman türklərnən bərabər, terroru dəstəkləyən PKK var. Üçüncüsü Kılıçdaroğlunun yanında daha çox gənclər var".
Politoloq qeyd edib ki, Ərdoğanın uduzması təkcə Türkiyə yox, Bütün Türk dünyası üçün çox ciddi problem yaradacaq, amma Ərdoğan seçilərsə yeni dünya dizaynında Türkiyənin önəmli yeri olacaq: "Həm siyasi dizaynın, həm hərbi dizaynın formalaşmasında, həm də Yaxın Orta Şərqin yeni müstəvidə araşdırılmasında, gündəmə gəlməsində, bölgədə dayanaqlı sülhün formalaşmasında, eyni zamanda təkcə Türk dünyası deyil, İslam dünyasının bir növ müdafiəsinə çevrilməsində Turkiyənin rolu artacaq.
Ərdoğan eyni zamanda bundan sonra daha çox Azərbaycanın yanında olmalıdır. Çünki Azərbaycanı da müəyyən təhdidlər gözləyir. Həm Rusiyadan, həm İrandan. Yəni indiyənə qədər erməniləri dəstəkləyən qüvvələr yenə də ermənilərin yanındadır. Görünən odur ki, Ərdoğanın seçilməsi tarixi bir zərurətdir və bu zərurətdən qaçmaq mümkün deyil".