"ATƏT PA-nın üzvləri Azərbaycan xalqının qurucu xalq olmasına şahidlik etdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

25 May 2023 17:48 (UTC+04:00)

“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq əsas istiqamətlərindən birini təşkil edir. Bu baxımdan, ölkəmizin ATƏT-in Parlament Assambleyası ilə müansibətləri, Assambleya çərçivəsində həyata keçirdiyi siyasət böyük əhəmiyyət kəsb edir. Ölkəmiz bu təşkilatın işində yaxından iştirak edir, eyni zamanda birgə tədbirlər təşkil edir. Bugünlərdə Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfrans da bunun göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, konfransda ATƏT-in 27 müxtəlif ölkəsindən və 4 beynəlxalq təşkilatdan çoxlu sayda nümayəndələr iştirak edib: "Bu platforma çərçivəsində bütövlükdə ATƏT bölgəsi üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək üçün bir çox parlamentarinin bir araya gəlməsi təqdirəlayiqdir. Toplantıda ATƏT PA-nın sədri Marqareta Sederfelt, ATƏT PA-nın Baş katibi Roberto Montellanın iştirakı və çıxışı təşkilatın ölkəmizin təşəbbüsü ilə keçirilən tədbirə verdiyi önəmin göstəricisidir".

Millət vəkilinin sözlərinə görə, Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelti qəbul edərkən Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğuladı: "Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önəmini qeyd edən Prezident İlham Əliyev hazırda həmin ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı görüş zamanı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycanın çıxış etdiyini vurğuladı. Cənab Prezident bu xüsusda, son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd etdi, qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirdi".

“ATƏT PA-nın sədri və beynəlxalq konfransın iştirakçılarının, xarici parlamentarilərin işğaldan azad edilmiş Zəngilan rayonuna səfərinin də böyük əhəmiyyəti var. Nüfuzlu bir beynəlxalq təşkilatın rəhbər heyətinin və üzvlərinin bu səfəri Ermənistanın işğalçı siyasətinin nəticələri, erməni vandalizminin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından çox önəmli oldu. Məlumdur ki, Ermənistan tərəfi ATƏT PA-nın üzvlərinin Zəngilana səfər etməməsi üçün müraciət etmişdi. Bu, onların xislətinin göstəricisidir. Çünki çox yaxşı anlayırlar ki, bu kimi səfərlərlə beynəlxalq birlik özündə Ermənistan dövlətinin Azərbaycan ərazilərində törətdiyi vandalizmlə bağlı aydın təsəvvür yaradır. Belə də oldu. Xarici parlamentarilər Zəngilana səfər edərkən viran edilmiş yaşayış məntəqələrinin, məhv edilmiş təbiətin və digər erməni cinayətlərinin şahidi oldular. ATƏT PA-nın üzvləri həmçinin, Azərbaycan xalqının qurucu xalq olmasına şahidlik etdilər. Zəngilanda onlara dövlətimizin tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verildi. Bütövlükdə, bütün bunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdrılmasında çox mühüm amillərdir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.