Gəncədə “Qarabağ gecəsi” xeyriyyə konserti keçiriləcək

25 May 2023 14:36 (UTC+04:00)

İyunun 17-də Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.

Bu barədə SİA-ya Fonddan məlumat verilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.

Bədii hissədən dərhal sonra rəsmi ziyafət təşkil olunacaq.

Məlumatda qeyd edilib ki, konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilk dəfə olaraq ötən il iyunun 26-da Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunub. Ölkəmizdə böyük əks-səda doğurmuş konsertdən, sponsorlar və bilet satışından öncədən proqnozlaşdırılandan da artıq – 171 257 manat vəsait toplanıb.

Toplanan vəsait hesabına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yüksək keyfiyyətli royalın alınması qərara alınıb.

QDF hər kəsi işğaldan azad olunan ərazilərin bərpasını dəstəkləmək üçün konsertə bilet əldə etməyə dəvət edib.