Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (Hebrew University of Jerusalem (HUJI)) arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqavilələri imzalanıb. SİA xəbər verir ki, imzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, BDU-nun rektoru Elçin Babayev, Yerusəlim İbrani Universitetinin Beynəlxalq məsələlər üzrə vitse-prezidenti Oron Şagrir iştirak edib. Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev BDU tarixində yeni bir akademik uğurun təməl daşını qoymaq üçün toplaşıldığını deyib: “Bakı Dövlət Universiteti ilə Yerusəlim İbrani Universiteti arasında imzalanacaq olan magistr səviyyəsində Biotexnologiya ixtisaslaşması üzrə ikili diplom proqramı haqqında məlumat vermək mənim üçün qürurvericidir. Biotexnologiya həyatımızı və ətrafımızdakı dünyanı dəyişdirmək üçün böyük potensiala malik bir sahədir.
Həyatın sirlərini açmaq və ən aktual problemlərimizə innovativ həllər yaratmaq üçün biologiya, kimya və texnologiya prinsiplərini özündə birləşdirən Biotexnologiya ixtisası müasir dövrün önəmli sahələrindən biri sayıla bilər. Biz HUJİ və onların komandası ilə birlikdə bu beynəlxalq əməkdaşlığı həyata keçirmək və tələbələrimiz üçün unikal imkan yaratmağı qarşımıza hədəf qoyduq. İkili diplom proqramı biotexnologiyanın ən son nailiyyətlərini əhatə edən tədris planı vasitəsilə hər iki qurumun yanaşmasını birləşdirəcək. Bu əməkdaşlıq vasitəsilə tələbələrimiz İsrailin tanınmış professor-müəllim heyəti və mütəxəssisləri ilə birbaşa çalışacaq və biliyi birbaşa mənbəyində əldə edəcəklər. Həm də onlar müxtəlif mütəxəssis yanaşmalarını, qabaqcıl tədqiqatları və mürəkkəb bioloji problemlərin həllinə innovativ yanaşmaları dərindən mənimsəyəcəklər.
Bu ikili diplom proqramı tələbələrimizi sürətlə inkişaf edən qlobal biotexnologiya sahəsində inkişaf etmək üçün lazımi bilik və bacarıqlarla təchiz edəcək. Əlavə olaraq sözügedən proqram tələbələrimizin akademik təcrübəsini artırmaqla yanaşı, mədəni mübadilə və beynəlxalq şəbəkələşmə üçün də yeni imkanlar yaradacaq. Tələbələrimiz həm Bakının, həm də Yerusəlimin zəngin akademik və mədəni mühiti ilə tanış olmaq və mədəniyyətlərarası qardaşlığı gücləndirmək şansı əldə edəcəklər.
Bu proqramının təklif etdiyi müstəsna təhsil imkanlarına əlavə olaraq, HUJI ilə əməkdaşlığımız birgə elmi tədqiqat mədəniyyətini də inkişaf etdirəcək. Bu tərəfdaşlıq hər iki qurumdan olan tədqiqatçıların təcrübəsini və professional yanaşmalarını bir araya gətirən birgə tədqiqat layihələrinə imkan yaradacaq. Biz intellektual resurslarımızı və tədqiqat imkanlarımızı birləşdirərək, mürəkkəb problemləri həll etməyi və elmi biliklərin inkişafına mühüm töhfələr verməyi hədəfləyirik. HUJI ilə birgə icra ediləcək tədqiqat layihələri tələbələrimizin akademik təcrübəsini zənginləşdirməklə yanaşı, cəmiyyətə müsbət təsir göstərə biləcək kəşflərə və yeniliklərə yol açacaq. Mükəmməl tədqiqatlara olan ortaq öhdəliyimiz vasitəsilə biz biotexnologiyanın gələcəyini formalaşdıracaq və ictimai tərəqqiyə təkan verəcək uzunmüddətli əməkdaşlıqların əsasını qoyuruq. Bu əməkdaşlıq bir daha sübut edir ki, Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universiteti yeni nəsil tədqiqatçıların, talantların yetişdirilməsi və innovasiyalara yönəldilməsi hədəflərinə doğru əmin addımlarla irəliləyir.
Resurslarımızı, təcrübəmizi və biliyə olan həvəsimizi bir araya gətirməklə, biz biotexnoloqların gələcək nəslini inkişaf etdirmək üçün platforma yaradırıq. Bu tərəfdaşlığın reallaşdırılmasında göstərdikləri fədakarlıq və dəstəyə görə Yerusəlim İvrit Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Həmçinin, ikili diplom proqramının reallaşdırılması istiqamətində göstərdikləri dəstəyə görə başda Emin müəllim olmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Tələbələrimizi bu fürsəti dəyərləndirməyə çağırıram. HUJI ilə Biotexnologiya üzrə ikili diplom proqramının yaradılması akademik mükəmməlliyə və qlobal tərəfdaşlığa doğru uzun yolumuzun başlanğıcıdır. Bu proqram Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universiteti üçün böyük elmi nailiyyətlər və beynəlxalq əməkdaşlığın yeni dövrünün başlanğıcı olacaq”.