Bu gün bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Məqsəd informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi, eyni zamanda, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsidir. İKT mövzusu qəzetimizdə də geniş işıqlandırılır, müxtəlif səpkili yazılarla yanaşı, tematik səhifələr də hazırlanır.
SİA olaraq AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin süni intellektin yaranma tarixi, inkişaf mərhələləri və müasir vəziyyəti, ölkəmizdə bu istiqamətdə aparılan tədqiqatlar, həyata keçirilən dövlət siyasəti, eləcə də süni intellektin inkişaf perspektivləri ilə bağlı geniş müsahibəsini təqdim edirik:
– Rasim müəllim, əvvəlcə istərdik ki, bütün dünyada aktual olan, cəmiyyətdə böyük maraq doğuran süni intellekt texnologiyalarının meydana gəlməsi və inkişafı ilə bağlı bir qədər məlumat verəsiniz.
– Ümumiyyətlə, tarixə nəzər saldıqda süni intellektlə bağlı müxtəlif dövrlərdə bir sıra fantastik mülahizələrə rast gəlmək olar. Məsələn, elmi fantastika ilə məşğul olan tanınmış alimlərdən biri Ayzek Azimov “Mən, Robot” adlı əsərində süni intellektlə bağlı müəyyən mülahizələr və ideyalar irəli sürmüş, eyni zamanda, robotların yaradılması və istismarı ilə bağlı təməl prinsiplərini formalaşdırmışdır. A.Azimov “Robot texnikası qanunları”nda hər bir robotun insanla ünsiyyət qurarkən riayət etməli olduğu bir sıra qaydalar müəyyənləşdirmişdir. Bu qaydalarda deyilirdi ki, robot insan sağlamlığına heç bir zərər vurmamalı, həyat üçün təhlükə yaratmamalı, insanın verdiyi bütün əmrləri yerinə yetirməli, eyni zamanda, öz mövcudluğunu qorumalıdır.
A.Azimovun irəli sürdüyü mülahizələr bu gün də aktualdır. Ötən əsrin 40-cı illərindən sonra bu fantastik fikirlərin həyata keçirilməsi üçün real elmi-nəzəri və texnoloji platforma yaranmağa başladı. Belə ki, elm və texnologiyanın sürətli inkişafı kompüterin meydana çıxmasına səbəb oldu. Artıq alimlərdə belə bir fikir formalaşdı ki, əgər kompüter hesablama və məntiq əməliyyatları aparırsa, bəs bu qurğu düşünə, qavraya, qərar qəbul edə bilərmi? Bu kimi mülahizələr süni intellektin meydana gəlməsi üçün stimul yaradırdı. Burada xüsusilə tanınmış alim Alan Türinqi xatırlamaq yerinə düşər. Türinqin 1950-ci ildə çap etdirdiyi “Hesablama maşınları və intellekt” adlı məqalə süni intellekt nəzəriyyəsinə əhəmiyyətli töhfə olmuşdur.
Bununla yanaşı, əlbəttə ki, digər məşhur alimlər də süni intellektlə bağlı fundamental fikirlər irəli sürüblər. Dünya şöhrətli alim, professor Lütfi Zadə də 1950-ci illərdə süni intellekt məsələlərinə diqqət yönəltmişdir. Süni intellekt nəzəriyyəsinə aid ilk elmi əsərlərdən biri Zadə tərəfindən 1950-ci ildə ABŞ-ın Kolumbiya Universitetində çap olunmuşdur. Hələ Kolumbiya Universitetində təhsil alarkən o, kompüterin düşünmək qabiliyyəti ilə bağlı artıq fantastik yox, real mülahizələr irəli sürmüşdür.
Onu da qeyd etmək lazımdır ki, süni intellekt bir termin kimi 1956-cı ildə ortaya çıxmışdır. Belə ki, dünyada kompüter elminin inkişafına mühüm töhfə verən, süni intellekt nəzəriyyəsinin formalaşmasında əvəzsiz rolu olan ABŞ alimi Con Makkarti “süni intellekt” terminini ilk dəfə Dartmut Kollecinin yay seminarında səsləndirmişdir.
Qeyd etmək lazımdır ki, süni intellektlə bağlı ideyalar keçən əsrin 50-ci illərinin ortaları və 60-70-ci illərdə o qədər də cəlbedici deyildi. Çünki onun elmi-nəzəri əsasları insanın intellektual funksiyalarını öz üzərinə götürə biləcək qədər inkişaf etməmişdi. Yeri gəlmişkən, qeyd edim ki, Lütfi Zadənin 1965-ci ildə “qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq” nəzəriyyəsini irəli sürməsi süni intellektin inkişafında inqilabi dəyişikliyə səbəb oldu. Belə ki, Lütfi Zadənin bu nəzəriyyəsi digər ənənəvi məntiq nəzəriyyələri ilə müqayisədə daha ümumi, insan düşüncəsinə daha yaxın idi.
Yuxarıda qeyd edilən bəzi nailiyyətlərə baxmayaraq, o dövrlərdə süni intellektin inkişafı üçün hələ yetərli elmi baza olmadığından bu sahəyə diqqət o qədər də yüksək deyildi. Lakin 1980-90-cı illərdə qeyri-səlis məntiq nəzəriyyəsi, süni immun sistemləri, genetik alqoritmlər, xüsusən də, süni neyron şəbəkələri istiqamətləri üzrə aparılan tədqiqatlar süni intellektin yenidən “çiçəklənməsinə”, sürətlə inkişaf etməsinə və onun elmi-nəzəri əsaslarının yaranmasına gətirib çıxardı.
Bütün bu nailiyyətlər, eyni zamanda, kompüter texnologiyalarının inkişafı ilə bağlıdır. Kompüter elminin sürətlə inkişaf etməsi, effektiv superkompüter texnologiyalarının yaradılması, müxtəlif mürəkkəb məsələlərin həll olunması üçün riyazi əsasların işlənilməsi artıq süni intellekt nəzəriyyəsinin praktikada tətbiq olunması üçün böyük imkanlar yaratdı.
Süni intellektin inkişaf tarixindən danışarkən İnternetin rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, süni intellekt sistemləri İnternet yaranana qədər ayrı-ayrı avtonom sistemlərdə tətbiq olunurdu. Lakin İnternet meydana çıxdıqdan sonra artıq yeni virtual reallıqlar yarandı. İnternetin ayrı-ayrı funksiyalarında, xidmətlərin təqdim olunmasında süni intellekt texnologiyaları geniş tətbiq olunmağa başladı.
– Bəs Azərbaycanda süni intellekt texnologiyalarına nə vaxtdan diqqət ayrılmağa başlanıb. Alimlərimiz bu sahədə hansı işləri həyata keçiriblər?
– Alimlərimiz ötən əsrin təxminən 70-ci illərindən süni intellekt problemlərinə diqqət yönəltməyə başlayıblar. Həmin dövrlərdə “süni intellekt” terminindən geniş istifadə olunmurdu, yalnız onun ayrı-ayrı məsələlərinin həll olunması üçün müxtəlif nəzəri üsullar işlənilirdi. Məsələn, obrazların tanınması, natamam informasiya şəraitində qərar qəbuletmə və idarəetmə, müxtəlif məsələlər üçün proqnozlaşdırma məsələləri və s.
Səksəninci illərdən etibarən ölkəmizdə qeyri-səlis məntiq nəzəriyyəsinin tədqiq olunmasına başlanmışdır. O dövrlərdə qeyri-səlis məntiq nəzəriyyəsi ölkəmizdə neft-qaz sənayesində, eləcə də digər müxtəlif sferalarda tətbiq edilmiş və bu istiqamətdə mühüm elmi nəticələr əldə olunmuşdur. Azərbaycan alimləri Sovet elminin tərkib hissəsi kimi süni intellekt nəzəriyyəsinin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi, yeni metodların işlənilməsi ilə bağlı araşdırmalar aparır, eyni zamanda, süni intellekt texnologiyalarının o dövrdəki potensialından istifadə edərək müxtəlif tətbiqi məsələləri həyata keçirirdilər.
Təsadüfi deyildir ki, bu gün həm Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə, həm Azərbaycan Milli Elmlər Akademiyasında, həm də digər elm və ali təhsil qurumlarında süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır. Artıq süni intellekt texnologiyalarının elmi-nəzəri problemləri Azərbaycan elminin əsas prioritetlərindən biri kimi qəbul olunur, həmçinin bu sahədə magistrlar, fəlsəfə və elmlər doktorları hazırlanır.
Ümumiyyətlə, son illərdə alimlərimiz tərəfindən qeyri-səlis məntiq və idarəetmə, süni neyron şəbəkələri, müxtəlif təyinatlı intellektual sistemlər, ekspert sistemləri kimi süni intellektlə əlaqəli mövzular geniş tədqiq olunub və bir sıra müvafiq praktiki innovativ həllər təklif edilib.
Azərbaycan alimləri beynəlxalq elmi əlaqələrini günü-gündən genişləndirir, müxtəlif ölkələrin nüfuzlu elm və təhsil mərkəzləri ilə sıx əməkdaşlıq həyata keçirirlər. Onların süni intellektin elmi-nəzəri əsaslarının inkişafı, eyni zamanda, müxtəlif sahələrdə tətbiqi ilə bağlı çox sayda məqalələri beynəlxalq səviyyəli nüfuzlu elmi jurnallarda dərc olunur. Bu nailiyyətlər dünyanın müvafiq sahə üzrə nüfuzlu reytinq siyahılarında da özünü göstərir.
Hazırda inkişaf etmiş dünya dövlətlərində olduğu kimi, ölkəmizdə də yeni texnoloji reallıqlar yaranır. Bütün bunlar cəmiyyətimizin inkişafı, ölkənin iqtisadi və hərbi potensialının artırılması və təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Ona görə də, Azərbaycan alimləri fundamental elmi-nəzəri istiqamətdə fəaliyyəti gücləndirməklə milli problemlərin həllinə də dəstək verirlər. Bu istiqamətdə aparılan araşdırmaların nəticəsi kimi, artıq ölkəmizdə rəqabətədavamlı, yüksək intellektual xüsusiyyətlərə və imkanlara malik, müxtəlif təyinatlı smart (“ağıllı”) qurğular və sistemlər işlənir.
– Ölkəmizdə süni intellekt sahəsində həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?
– Əvvəla, onu qeyd etmək lazımdır ki, son 20 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə qlobal çağırışlar və IV Sənaye İnqilabı ilə əlaqədar atılan addımlar, “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı infrastruktur” konsepsiyalarının reallaşdırılmasına, xüsusi əhəmiyyətə malik innovativ layihələrin həyata keçirilməsinə diqqət qabaqcıl texnologiyaların tətbiqinə dövlət siyasəti çərçivəsində geniş dəstək göstərildiyini nümayiş etdirir. Qlobal texnoloji çağırışlar və transformasiyalar kontekstində dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər mühüm konseptual sənədlər qəbul olunmuşdur. Bütün bunlar ölkəmizdə qabaqcıl texnologiyaların, xüsusilə də, süni intellekt texnologiyalarının inkişafına böyük diqqət yetirildiyini göstərir.
Bu mövzu haqqında danışarkən, İkinci Qarabağ müharibəsində Azərbaycanın istifadə etdiyi müasir silahların əksəriyyətinin süni intellekt texnologiyalarına əsaslandığını xatırlatmaq yerinə düşər.
Təsadüfi deyildir ki, müasir dövrdə dünya ölkələrinin strateji potensialının qiymətləndirilməsi zamanı süni intellekt texnologiyalarının inkişaf vəziyyətinə də xüsusi diqqət yetirilir. Hazırda bu kimi məsələlər inkişaf etmiş ölkələrin qarşısında dayanan prioritet vəzifələrdən biri hesab edilir. Belə ki, artıq dünyanın qabaqcıl dövlətləri süni intellektin inkişafı ilə bağlı milli strategiyalar qəbul edirlər. Hazırda Azərbaycanda da Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində işlər görülür, IV Sənaye İnqilabının çağırışlarını rəhbər tutaraq kompleks tədbirlər həyata keçirilir, məqsədyönlü elmi tədqiqatlar aparılır və müvafiq qurumlar yaradılır.
Digər tərəfdən, ölkəmizdə “yaşıl cəmiyyət” formalaşır, “yaşıl transformasiyalar” bütün sferaların inkişafında nəzərə alınır. Hazırda cəmiyyətdə “yaşıl təfəkkür”ün formalaşdırılması, ənənəvi enerji mənbələrindən alternativ, yaşıl enerji daşıyıcılarına keçid, ölkəmizdə texnoloji infrastrukturun modernləşdirilməsi və intellektuallaşdırılması dövlət siyasətinin mühüm prioritetlərindəndir.
Bu gün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal transformasiyalar insan fəaliyyətinin müxtəlif sferalarına nüfuz edir. Azərbaycan qabaqcıl dünyaya inteqrasiya olunur, inkişaf etmiş ölkələrlə, aparıcı transmilli şirkətlərlə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir. Rəqəmsal transformasiyalar kontekstində dövlətimizin elektron dövlətə transformasiya olunması, vətəndaşlara intellektual elektron xidmətlərin göstərilməsi artıq reallığa çevrilmişdir. Rəqəmsal transformasiyaların təsiri nəticəsində insanların da qabaqcıl texnologiyalara münasibəti dəyişir. Müasir dövrdə onlar zəruri bilikləri əldə etmək, cəmiyyətin aparıcı və məhsuldar qüvvəsinə çevrilməklə bağlı müəyyən işlər həyata keçirirlər, “elektron Azərbaycan”ın “elektron vətəndaş”ı olmağa çalışırlar.
– Qeyd etdiniz ki, süni intellekt texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması üçün müxtəlif layihələr həyata keçirilir, təşəbbüslər irəli sürülür. Əlbəttə ki, bu, ölkənin sosial-iqtisadi inkişafına, əmək bazarına müsbət təsir göstərir, eyni zamanda, müəyyən narahatlıqlara da səbəb olur. Bu kimi məsələlərə Sizin münasibətiniz necədir?
– Ümumiyyətlə, bəşər tarixində insanlar hər zaman özlərinə köməkçi axtarıblar, öz əməyini yüngülləşdirməyə çalışıblar. İnsanlar həmişə qarşılarına qoyduğu müxtəlif məqsəd və arzulara çatmaq üçün yeni qurğular, mexaniki sistemlər və s. yaradıblar. Bütün dövrlərdə daha yaxşı yaşamağa, yeni imkanlar qazanmağa, təbiətdə və cəmiyyətdə hakim, dominant mövqedə olmağa çalışıblar. Bütün bunlar hər dövrün reallıqlarına və inkişaf səviyyəsinə uyğun əmək bazarının formalaşmasına, yeni peşələrin yaranmasına, eyni zamanda, bəzi peşələrin sıradan çıxmasına səbəb olub. XXI əsrdə isə bəşəriyyət özü üçün “ağıllı texnoloji xidmətçilər” yaratmaq imkanları əldə edib. Bu gün süni intellektə əsaslanan robotları, dronları insanların “ağıllı texnoloji xidmətçilər”i hesab etmək olar.
Bəşər tarixində bir neçə sənaye inqilabı baş verib. Şübhəsiz ki, bu sənaye inqilablarının əsas səbəbkarı və aparıcı qüvvəsi insan zəkasıdır. I Sənaye İnqilabı buxar maşınının, II Sənaye İnqilabı elektrikin, III Sənaye İnqilabı elektronikanın, kompüterin və İnternetin, IV Sənaye İnqilabı isə süni intellekt, Əşyaların İnterneti və s. texnologiyaların meydana gəlməsi və inkişafı ilə əlaqədardır.
Bu gün cəmiyyət həmin innovativ, geniş transformativ gücə malik texnologiyaların təsiri ilə yeni sosio-texnoloji inkişaf mərhələsinə keçid ərəfəsindədir. Süni intellekt texnologiyaları insanın zəkasına, əməyinə, fəaliyyətinə xas olan müxtəlif funksiyaları öz üzərinə götürməkdədir. Beləliklə, obyektiv inkişaf prosesinin təsiri ilə yeni əmək bazarı formalaşır ki, bu da insanlardan yeni bacarıqlar, qabiliyyət, təfəkkür və davranış tələb edir. Bu gün ölkəmizdə süni intellekt texnologiyalarının təsiri ilə istehsal, təhlükəsizlik, nəqliyyat, ticarət, ictimai iaşə və digər sahələrdə onlayn xidmətlərdən geniş istifadə rəqəmsal platformada əmək bazarının yeni seqmentini formalaşdırır. Artıq iş yerləri virtuallaşır, müxtəlif sahələrdə onlayn fəaliyyət göstərmək imkanları artır.
Müasir dönəmlərdə əmək bazarının xüsusiyyətləri əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqlənir. Bu gün hər bir vətəndaş özü müəyyən bacarıqlara, təcrübəyə malik olmaqla, mobil telefon vasitəsilə bir və ya bir neçə işi həyata keçirə bilər. Çünki artıq mobil qurğular, sadəcə, bir ünsiyyət vasitəsi deyil, onlar həm də əmək alətinə, iş yerlərinə çevrilib. İnsanlar sosial şəbəkələrdə müxtəlif tədris, reklam-marketinq, məsləhət, kommersiya xidmətləri həyata keçirərək qazanc əldə edirlər. Daha bir məqam ondan ibarətdir ki, informasiya-kommunikasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı ilə fiziki məhdudiyyətli insanlar da əmək bazarına cəlb olunur, internet üzərindən fəaliyyət göstərərək öz potensiallarını reallaşdırır, aktiv işçi qüvvəsinə çevrilmək imkanları əldə edirlər.
Eyni zamanda, virtual əmək bazarının əhatə dairəsi tək ölkə hüdudları ilə məhdudlaşmır. Vətəndaşlarımız qlobal virtual əmək bazarına qoşularaq xarici ölkələrdə iş əldə edir, maddi tələbatlarını ödəyirlər.
– Rasim müəllim, qeyd etdiniz ki, süni intellekt texnologiyalarının təsiri ilə bütün dünyada, həmçinin ölkəmizdə tamamilə yeni xüsusiyyətlərə malik əmək bazarı formalaşır. Bu da, əlbəttə ki, müasir biliklərə malik yüksəkixtisaslı kadrların hazırlanmasını zəruri edir. Ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?
– Ölkəmizdə müasir dövrün çağırışlarına adekvat yeni nəslin formalaşması üçün texnoloji biliklərə, bu biliklərin əsaslarını təşkil edən riyaziyyat, fizika, kimya və digər elmlərə böyük ehtiyac yaranır. Başqa sözlə, rəqəmsal transformasiyalar ölkə təhsilinin də qarşısında yeni vəzifələr qoyur, müvafiq dövlət orqanları vətəndaşların İKT sahəsində minimum biliklərə malik olması, texnoloji və informasiya mədəniyyətinin formalaşması istiqamətində tədbirlər həyata keçirirlər.
Məlum olduğu kimi, ölkəmizdə Elm və Təhsil Nazirliyi tərəfindən STEAM (Science, Technology, Engineering, Art and Math – red.) layihəsi həyata keçirilir. Bu layihə elm, texnologiya, mühəndislik, yaradıcılıq məharəti və riyazi bilikləri özündə əks etdirən modern təhsil konsepsiyasıdır. Layihənin əsas məqsədi şagirdlərdə texnoloji biliklərə həvəs yaratmaq, onların innovativ texnologiyalardan istifadə qabiliyyətini yüksəltmək və gələcəkdə dəqiq elmlər sahəsində ali təhsil almaları üçün imkanlar təqdim etməkdir. Ölkənin ümumtəhsil məktəblərində müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər STEAM layihəsi çərçivəsində müxtəlif tədbirlər həyata keçirirlər.
Elm və Təhsil Nazirliyi bu istiqamətdə, həmçinin “Sabahın alimləri” kimi çox qabaqcıl, böyük əhəmiyyətə malik respublika müsabiqəsi təşkil edir. Ölkəmizdə ali məktəb tələbələri və orta təhsil müəssisələrinin şagirdləri yerli və beynəlxalq səviyyəli sərgilərdə, yarışlarda iştirak edirlər.
Misal olaraq qeyd edim ki, ötən ilin may ayında Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında ölkəmiz tərəfindən təqdim olunan eksponatlar və layihələrin əksəriyyəti süni intellekt texnologiyalarına əsaslanırdı.
Bu gün ölkənin ali təhsil sistemində də süni intellekt sahəsində kadr hazırlığına xüsusi diqqət yetirilir, yeni ixtisaslar açılır. Eyni zamanda, Azərbaycanın ən istedadlı şagird və tələbələrinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli universitetlərində İKT və süni intellekt sahəsində oxumaları üçün şərait yaradılır. Hesab edirəm ki, bütün bu addımlar, dünyada gedən rəqəmsal transformasiya proseslərinə uyğun olaraq yeni nəsil kadrların hazırlanması yaxın zamanlarda öz bəhrəsini verəcəkdir.
Əminliklə demək olar ki, süni intellekt texnologiyaları, kompüter elmləri, onunla əlaqəli olan proqram mühəndisliyi, kompüter mühəndisliyi və digər İKT profilli ixtisaslar ölkəmizdə sürətlə populyarlaşır. Sevindirici haldır ki, xüsusən, son illərdə əksər valideynlər gələcəkdə övladlarının kompüter elmləri istiqamətində təhsil almaları üçün səy göstərirlər.
– Şübhəsiz, bütün bunlar ölkənin inkişafı və strateji potensialının gücləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Lakin süni intellekt texnologiyalarının inkişafı ilə əlaqədar müəyyən risklərin yaranması da proqnozlaşdırılır və bu da cəmiyyətdə müəyyən narahatlıqlar doğurur. Bu haqda düşüncələrinizi öyrənmək istərdik.
– Əlbəttə, süni intellektin və digər rəqəmsal texnologiyaların tətbiqi və inkişafı ilə bağlı risklərin yaranmasına dair mülahizələrlə razılaşmaq olar. Çünki istənilən texnologiyanın meydana gəlməsi ilə onun yaratdığı risk və təhlükələr də aktuallaşır, onun müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətlərinə də diqqət yetirmək zərurəti yaranır. Sadəcə olaraq, müvafiq risklərin haradan qaynaqlandığını dərindən araşdırmaq, anlamaq və müəyyən tədbirlər görmək lazımdır. Digər tərəfdən, risklərin yaranmasının başlıca səbəblərindən biri bütün bu proseslərin virtual məkanda baş verməsi ilə bağlıdır.
Xüsusilə də, Əşyaların İnterneti texnologiyalarına əsaslanan kritik infrastrukturlarda bu risklər daha çoxdur. Çünki kritik infrastrukturlara kənardan müdaxilə edilməsi, onların fəaliyyətinin dayandırılması və s. ilə bağlı başqa ölkələrdə bəzi mənfi təcrübələr də vardır. Bu baxımdan, müvafiq sahədə həyata keçirilən dövlət siyasəti və aparılan əsaslı islahatların Azərbaycan alimləri və texnoloqlarının qarşısında qoyduğu yeni vəzifələri rəhbər tutaraq, ölkədə kibertəhlükəsizlik və kiberdayanıqlılıq məsələlərinə xüsusi diqqət göstərmək lazımdır.
Ümumiyyətlə, hər növ yeni texnologiyalarda müəyyən boşluqlar və çatışmazlıqlar olur. Rəqib və ya düşmən tərəf də bundan istifadə edərək, ölkəyə, müxtəlif qurumlara və vətəndaşlara ciddi ziyanlar vura bilər. Məsələ burasındadır ki, kibertəhlükələrin özləri də intellektuallaşır. Yəni, bütün bu intellektual texnologiyalar, eyni zamanda, bədniyyətli insanların əlində çox güclü vasitəyə, silaha çevrilir. Ona görə də, ölkənin bu istiqamətdə kibertəhlükəsizliyinin təmin olunması, kiberdayanıqlılığının daha da yüksəldilməsi üçün aidiyyəti qurumlar, alimlər və mütəxəssislər intellektual potensialını səfərbər edərək kompleks işlər həyata keçirirlər.
Məlumdur ki, süni intellekt texnologiyaları ən mürəkkəb funksiyaları üzərinə götürür və bu funksiyaları həyata keçirərkən süni neyron şəbəkələri əsasında qurulan dərin təlim metodlarından istifadə edir. Smart texnoloji mühitdə generasiya olunan biliyin, qərarın özünün əldə olunmasının qeyri-şəffaflığı və izah oluna bilinməməsi kimi ciddi bir məqam süni intellekt sisteminin gələcəkdə özünü necə aparacağını proqnoz etməyə imkan vermir və bu səbəbdən də ciddi risklər yaranır.
Enerji, nəqliyyat və s. kimi digər kritik infrastrukturların yenidən qurulması, həyati vacib ənənəvi sistem və qurğuların yeni platformaya transformasiya olunması, sənayenin modernləşdirilməsi və IV Sənaye İnqilabının tələblərinə uyğunlaşdırılması, hazırda ölkə başçısı tərəfindən bir vəzifə və çağırış kimi alim və mütəxəssislərin qarşısına qoyduğu “yaşıl iqtisadiyyat”ın, “yaşıl infrastruktur”un formalaşdırılması və s. kimi istiqamətlərdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Bütün bunlar artıq kompleks olaraq, rəqəmsal dövlət platformasında texnoloji innovasiyalara əsaslanan yeni infrastrukturların kibertəhlükəsizliyi və kiberdayanıqlılığının təmin olunması ilə bağlı ciddi işlərin görülməsini zəruri edir.
Əşyaların İnterneti texnologiyalarının tətbiq olunması insanların həyat və fəaliyyətinə dair fərdi məlumatların mühafizəsi məsələsini də aktuallaşdırır. Beləliklə, bütün növ texnologiyaların təhlükəsizliyinin təmini, etibarlı istismar olunması və s. kimi mühüm məsələlər hər zaman gündəmdə olmalıdır. İstənilən texnoloji innovasiyadan bəhrələnməklə yanaşı, onun yaradacağı təhlükələrə qarşı sistemli mübarizə aparmağa da hazır olmaq lazımdır.
– Süni intellekt texnologiyalarının ictimai həyatın bütün sferalarına dərindən nüfuz etməsi cəmiyyətdə yeni ictimai münasibətlərin yaranmasına səbəb olur. Bu da ölkənin hüquq sisteminin təkmilləşməsini, yeni münasibətlərin qanunla tənzimlənməsini tələb edir. Bu istiqamətdə ölkəmizdə aparılan işlərin vəziyyəti necədir?
– Əlbəttə ki, müasir çağırışlar, ölkəmiz də daxil olmaqla, bütün dövlətlərin hüquq sisteminin müasir dövrün texnoloji çağırışlarına, həmçinin süni intellekt texnologiyalarına adekvat olaraq inkişaf etdirilməsini zəruri edir.
Ölkəmizdə də müxtəlif dövrlərdə bu istiqamətdə müəyyən normativ-hüquqi sənədlər qəbul olunub. Lakin bu gün ölkəmizdə sürətlə reallığa çevrilən süni intellekt texnologiyaları ilə bağlı yeni qanunların qəbul edilməsinə ehtiyac vardır. Çünki insanlar öz gündəlik həyatında və əmək fəaliyyətində dronlar, robotlar və digər müxtəlif qurğular və proqram sistemlərindən istifadə edirlər. Nəzərə almaq lazımdır ki, müasir texnologiyalar cəmiyyətə, insanların sağlamlığına, əmlakına və s. ziyan vura bilər. Ona görə də Azərbaycanda bu məsələyə diqqət daha da artırılmalı, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq normativ-hüquqi baza formalaşdırılmalıdır.
Əlavə olaraq qeyd edim ki, süni intellekt texnologiyaları virtual platformada qlobal xarakter daşıdığı üçün həm ölkə, həm də beynəlxalq səviyyədə ciddi problemlər yarada bilər. Bu səbəbdən dünya ölkələri baş verə biləcək təhlükələrlə birgə mübarizə aparmalı, onların qarşısının alınmasında yaxından iştirak etməlidirlər.
– Rasim müəllim, bu yaxınlarda sizin Fransanın Marsel şəhərində keçirilən “İnsan Beyni Layihəsi üzrə Sammit”də (“Human Brain Project Summit: 2023”- red) iştirakınız və səfərin nəticələri barədə verdiyiniz hesabat cəmiyyətdə böyük maraq doğurdu. Bu məsələ haqqında bir qədər ətraflı məlumat verməyinizi istərdik.
– Ümumiyyətlə, süni intellekt texnologiyalarının təkamülünə diqqət yetirsək, görərik ki, bu texnologiyalar, əsasən, insanın təbii intellektindən yararlanır. Süni intellekt texnologiyaları, bir tərəfdən, insanların təbii intellektinin davamı, uzantısı kimi meydana çıxır, digər tərəfdən, bu texnologiyaların yararlandığı intellekt mənbələrindən biri də bioloji aləmdir. Belə ki, alimlər əvvəlcə təbii neyronların işini öyrəniblər, sonra onun əsasında süni neyron yaradıblar. Yəni, süni neyron şəbəkələri, eləcə də genetik alqoritmlər, qarışqa alqoritmi, süni immun sistemləri və s. bu gün süni intellekt texnologiyalarının inkişafının əsas qaynaqlarıdır. Bir sözlə, süni intellekt texnologiyaları həm təbii intellektin yaratdığı elmi-nəzəri və praktiki üsullar, həm də real həyatda olan varlıqların fəaliyyət və davranışlarının öyrənilməsi, təqlid olunması, modelləşdirilməsi əsasında inkişaf edir.
Hazırda dünyanın müxtəlif elm sahələri üzrə alimləri artıq beyinin özünün təbiəti, mahiyyəti, fəaliyyəti, strukturu, onun necə idarə olunması, modelləşdirilməsi və insan düşüncəsi, təfəkkürü ilə bağlı tədqiqatlar aparırlar.
Sammitin qarşısında duran məsələləri, əsas etibarilə, iki istiqamətdə qruplaşdırmaq olar. Birincisi, beyində olan müxtəlif xəstəliklərin araşdırılması və həmin problemlərin aradan qaldırılması üçün süni intellekt texnologiyalarına əsaslanan xüsusi mikroçiplərdən, qurğulardan, müxtəlif sistemlərdən istifadəni nəzərdə tutur. Bu, o deməkdir ki, alimlər ənənəvi tibbi yolla müalicəsi hələlik mümkün olmayan müxtəlif beyin xəstəliklərinin (parkinson, epilepsiya, alzheymer və s.) müalicəsi üçün süni intellekt texnologiyalarından istifadə etməyi, beyinin ayrı-ayrı funksiyalarının rəqəmsal əkizlərini yaratmağı düşünürlər. Alimlər artıq bu məsələ ilə bağlı tədqiqatlar aparırlar və müəyyən elmi nəticələr də əldə edirlər.
Digər bir istiqamət isə beyinin özünün funksiyalarının öyrənilməsi, dərindən təhlil edilməsi, hər hansı bir ideyanı əldə edərək onun süni intellektə transformasiyasının həyata keçirilməsidir. Yəni, söhbət insan beyninin funksiyalarını qismən öz üzərinə götürə biləcək yeni nəsil süni intellekt sistemlərindən gedir.
Sammitdə müzakirə olunan mövzular bu gün Azərbaycan alimlərinin də maraq dairəsindədir. Hesab edirəm ki, süni intellekt, neyro və koqnitiv elmlərin kəsişməsində multidissiplinar araşdırmaların aparılması və yüksəkixtisaslı kadrların hazırlanması məqsədəuyğundur.
– Bəs süni intellektin yaxın gələcək üçün perspektivləri haqqında nə deyə bilərsiniz?
– İnternet meydana çıxan ilk zamanlarda insanlara xidmət etmək, kommunikasiya yaratmaq və onların informasiya tələbatını ödəmək üçün nəzərdə tutulmuşdu. Son illərdə isə artıq İnternetin yalnız insanları əhatə etmədiyinin, zaman və məkandan asılı olmayaraq, istənilən təyinatlı əşya və qurğuların müxtəlif sensorlar vasitəsilə İnternetə qoşulmasının şahidi oluruq. Bu imkanlardan yararlanaraq baş verən transformasiyalar kontekstində süni intellekt texnologiyaları cəmiyyətdə yeni reallıqlar yaradır.
Smart sistemlərin, qurğuların, robotların yaranması və insanların həyatının tərkib hissəsinə çevrilməsi nəticəsində sivilizasiyanın yeni inkişaf mərhələsinə qədəm qoyacağı proqnozlaşdırılır. Bu səbəbdən son zamanlar V və VI sənaye inqilablarının çox da uzaqda olmadığından bəhs edilir. İnternetin, “hörümçək toru”nun intellektuallaşdırılması, kollektiv süni intellektin yaranması artıq süni intellekt texnologiyalarının inkişafının növbəti mərhələsi kimi, bəşər tarixində ilk dəfə olaraq, yeni sosio-texnoloji cəmiyyətin əsasını formalaşdırır. Sosio-texnoloji cəmiyyətdə insanlar robotlarla, yəni birgə fəaliyyət çərçivəsində robotlarla işləyəcək, onlarla iş yoldaşı olacaqlar ki, bu da yeni münasibətlər, yeni davranış qaydaları tələb edir. Kollektiv təbii intellekt və kollektiv süni intellektin birgə yaşayışı, biri-biri ilə ünsiyyət qurması, biri-birinə yararlı olması, bəzi hallarda ziyan vurması, müəyyən təhlükələr yaratması nəticəsində proqnozlaşdırıla bilməyən müəyyən perspektivlər ortaya çıxa bilər. Təbii olaraq, bununla bağlı bir sıra futuroloji fikirlər də mövcuddur.
Bildiyiniz kimi, süni intellekt insan həyatına böyük sürətlə daxil olur, cəmiyyətin inkişafına dəstək verir. Bu zaman müxtəlif əşyalara qoşulmuş sensorlar, videokameralar və s. kimi smart qurğulardan böyük həcmli informasiyanın toplanması və emal edilməsi məsələləri aktuallaşır. Artıq mövcud kompüter sistemləri, serverlər, əlaqə kanalları və s. bu informasiya partlayışının qarşısında acizdirlər. Ona görə də, bütün bu texnoloji mühitin özəyi olan informasiyanın emalı məsələlərinə də yeni yanaşmalar ortaya çıxır. Artıq kvant kompüterləri, kvant serverləri və s. kimi kvant texnologiyaları informasiya partlayışı şəraitində çıxış yollarından biri kimi qeyd olunur. Hazırda qabaqcıl ölkələrin təcrübəsi kvant texnologiyalarının böyük strateji əhəmiyyətə malik olduğunu göstərir. Bu baxımdan, kvant texnologiyalarının təkmilləşdirilməsi və tətbiqi inkişaf etmiş ölkələrin qarşısında dayanan prioritet vəzifələrdən biri hesab edilir.
Süni intellekt texnologiyaları, biotexnologiyalar, biotibbi texnologiyalar, nanotexnologiyalar və s. kimi qabaqcıl texnologiyaların bir-biri ilə çulğalaşması cəmiyyətimiz və gələcəyimiz üçün yeni perspektivlər açır. Xüsusən, tibb sahəsində, insan həyatının müxtəlif sferalarında inqilabi yeniliklər proqnozlaşdırılır.
Son olaraq qeyd edim ki, hazırda texnologiyaların “ağıllanması” nəticəsində superintellektin yaranmasının, onun gələcəkdə insanı üstələyə bilməsi ehtimalının cəmiyyətdə müəyyən mülahizələr doğurması da təbii haldır. Lakin bu məsələdə realist, eyni zamanda, nikbin olmaq lazımdır. Belə ki, qlobal inkişaf kontekstində dövlətin texnoloji potensialının gücləndirilməsi nəticəsində texnoloji suverenlik təmin olunarsa, bu kimi intellektual texnologiyalar bütün sahələrdə ölkənin inkişafına xidmət edər. Odur ki, artıq IV Sənaye İnqilabının vətəndaşları formalaşmalı, cəmiyyətdə texnoloji mədəniyyət aşılanmalı, eləcə də insanlar texnologiyaların sürətli inkişaf tempinə uyğun olaraq dayanmadan zəruri texnoloji bilikləri mənimsəməlidirlər.
"Xalq qəzeti"