Qəbul imtahanları: abituriyentləri yenə problemlər gözləyirmi?..

19 May 2023 15:08 (UTC+04:00)

2022-2023-cü dərs ili artıq sona çatmaq üzrədir. Bir dərs ili də təhsil tarixinin arxivinə yollanmaqdadır. Lakin bu elə bir arxivdir ki, orada minlərlə vətəndaşın biliyinin, qabiliyyətinin göstəriciləri saxlanır. 11 illik təhsil sistemində nə qazanmışıq, nəyi necə dərk etmişik, elmləri hansı səviyyədə öyrənmişik və göstəricilərimiz necədir, bax, bu arxivdə onların hər biri yaşamaqdadır.

Müstəqil həyata qədəm qoyan gənclər arxivlərdə kağız üzərində olan göstəriciləri beyinlərində özləri ilə birlikdə ölkəmizin, bəzən xarici ölkələrin təhsil ocaqlarına daşıyır, orta təhsil biliyini ali məktəblərdə daha da təkmilləşdirir və ölkəmiz üçün savadlı insanlara çevrilirlər. Əlbəttə, bizim belə dünyagörüşlü, savadlı, bilikli gənclərə ehtiyacımız çoxdur.

Budur, artıq builki buraxılış siniflərinin imtahanlarının birinci mərhələsi iki ay əvvəldə qaldı. Onlar imtahan verərək həm orta məktəbi bitirmələri haqqında attestat üçün biliklərini nümayiş etdirdilər, həm də seçdikləri ixtisaslar üzrə imtahanların bir qismini ödəmiş oldular. Buraxılış imtahanlarında narazılıqlar da çox oldu. Abituriyentlər bəzi sualların anlaşılmaz olduğunu, bəzilərinin yarım saatdan çox vaxt aldığını, bizi sualların isə mart ayına qədər olan dərs proqramında keçilmədiyini iddia etdilər. Aid qurumlar isə bildirdi ki, xeyr, dərs proqramından kənar heç bir sual imtahanlara salınmayıb. Nə isə ki, imtahan verənlər əziyyət çəkdiklərini hələ də bildirir, ballarının az olmasına, istədikləri səviyyəyə yüksələ bilmədiklərinə bütün bunların səbəb olduğunu deyirlər.

Artıq ikinci turun da zamanı gəlib yetişdi. Abituriyentlər mayın 20-dən ikinci tur imtahanlara başlayır. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. DİM-dən bildirilib ki, mayın 21-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

Digər qrupların da imtahanları ardıcıllıqla keçiriləcək. Abituriyentlərə uğurlar diləyir, buraxılış imtahanlarında olduğu kimi, problemlərlə üzləşməmələrini arzulayırıq. Və bir qədər buraxılış imtahanları barədə danışaq.

Buraxılış imtahanları: rəqəmlər nədən danışır?..

Bu tədris ilində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart tarixində keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 50498 nəfərdən 476 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib. Məlumat üçün qeyd edək ki, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12 martda keçirilmiş buraxılış imtahanında isə iştirakı nəzərdə tutulan 50823 nəfərdən 485 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 bal olub.

Göründüyü kimi, hər iki imtahanın nəticəsi olaraq cəmi 5 nəfər yüksək bal toplayıb. Ötən tədris ilində isə tam ( 11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş imtahanlarda iştirak edən 90 min məzundan cəmi 2 nəfər yüksək bal toplamışdı. İki tədris ilinə cəmi 7 məzunun yüksək bal toplaması təhsilin səviyyəsinin hansı dərəcədə olduğunu göstərir. Builki yüksək nəticə göstərən 5 məzunun yalnız 1-nin orta məktəb məzunu olması isə daha utandırıcıdır. Belə çıxır ki, buraxılış imtahanlarına əsas şagird bazasını verən orta məktəblər ortalığa yalnız 1 nəfər yüksək səviyyə göstərən şagird çıxara biliblər. Uğur isə lisey və gimnaziyalarındır.

Bəs səbəb nədir?..

Məsələn, 2022-ci ildə buraxılış imtahanlarında 92 673 nəfər iştirak edib. Onlardan təxminən 23 650 nəfər 0-50 bal arası nəticə göstərib. Rəqəmə diqqət edəndə, adamı heyrət bürüyür. Deməli, ölkəmizdə 23 650 məktəbli 11 il ərzində məktəbə nə üçün gedib-gəlib, 50 bal göstərici üçünmü? Builki nəticələr tam açıqlanmayıb. Açıqlanarsa, düşünürəm ki, heç də bundan fərqli bir göstərici olmayacaq.

Bu, tam aşağı səviyyədir. Bəs digər məzunlar necə, yaxşı bal toplaya bilirlərmi? Toplaya bilmirlərsə, bunun səbəb nədir? Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il imtahanın nəticələri aşağıdır: “5 martda keçirilən imtahanda 50 min 800-ə yaxın insan iştirak edib və onların arasında cəmi 1 nəfər 297 bal toplayıb. Yəni 50 mindən çox şagirddən heç birinin 300 bal toplaya bilməməsi artıq bu imtahanların nə qədər çətin olduğundan xəbər verir”.

Bəli, imtahanlar çətinləşdirilib, bunu bütün məzunlar bildirirlər. Bu, əlbəttə orta məktəblərdə əla qiymətlərlə oxuyan məzunları narahat edir. Çünki onlar zəhmətlərinin nəticəsini əldə edə bilməyəndə təəssüflənirlər, 10-15 bal onları seçdikləri ixtisasdan uzaqlaşdırır.

Yaxşı, ən aşağı və ən yuxarı səviyyələrdən danışdıq. Bəs orta səviyyə necədir? Orta səviyyə daha qorxunc vəziyyətdədir. Ekspert K. Əsədov imtahan nəticələrinin aşağı olmasının məktəblərdə tədrisin keyfiyyətinin aşağı olduğundan da xəbər verdiyini söyləyir. Onun sözlərinə görə, imtahan nəticələri göstərir ki, məktəblər öz funksiyasını yerinə yetirə bilmir: “Tədrisin keyfiyyətinin aşağı olması imtahan nəticələrinə təsir edir”.

Qeyd edək ki, 2021 və 2022- ci illərdə buraxılış imtahan nəticələri bir-birindən bir o qədər də fərqlənməyib. Hər iki ildə imtahan nəticələrinə əsasən, 200 bal toplayan şagirdlərin sayı demək olar ki, eynidir. Statistika tam açıqlananda görəcəyik ki, 2023-ci il də özündən əvvəlki iki ildən fərqli deyil. Bu isə, bəli, ekspertin söylədiyi kimi, təhsilin keyfiyyətinin aşağı olması ilə bağlıdır.

İmtahan nəticələrinin aşağı olmasının bir səbəbi isə iddialara görə, sualların səhv olmasıdır. Bunu, abituriyentlər, valideynlər və müəllimlər iddia edirlər. Ekspert Elçin Əfəndi bu barədə mətbuata açıqlamasında bildirib: “İmtahanda bir neçə sual səhvdir. Abituriyentin buna kifayət qədər vaxtı gedir. Hələ bu suallar riyaziyyat, kimya, fizika kimi fənlərdəndirsə, abituriyentin ona kifayət qədər vaxtı gedir. Həll yolunu tapa bilməyəndə ola bilər ki, şagird ümidsizliyə qapılır. Yaxud da digər sualları çatdıra bilmir deyə artıq o təntiyir və o biri sualları doğru yazmaya bilər. DİM, ümumiyyətlə, sual prosesinə, suallara və yoxlama prosesinə xüsusi diqqət etməlidir. Suallar abituriyentlərə verilməmişdən qabaq dəfələrlə yoxlanılmalıdır. Eynilə yoxlama prosesi də çox diqqətli şəkildə aparılmalıdır. Çünki bir səhv sual varsa, abituriyentin ona kifayət qədər vaxtı gedir. İstədiyi nəticəni də əldə edə bilmir. Qaldı ki, narazılıq edənlərə, abituriyentlər və valideynlər apelyasiya komissiyasına müraciət edə bilirlər. Onlar haqlıdırsa, haqları bərpa olunur”.

Repetitorlardan 150-200 bal töhfəsi

Təsilin keyfiyyətinin aşağı səviyyədə olmasının başlıca səbəbi son 10-15 ildə repetitorluğun cəmiyyətimizdə geniş yer almasıdır. Məktəblərimizdə elə ki, repetitorluğun təməli qoyuldu, başqa bir problem də ortaya çıxdı. Deməli, biz valideynlər axtarıb-arayıb elə müəllimlər tapmağa çalışdıq ki, uşaqlarımıza dərs verən fənn müəllimlərindən daha savadlı olsun. Əks halda onsuz da sinifdə yaxşı-pis dərs keçirilirdi də. Nəyimizə lazım idi ki, üstəlik pul da verib müəllim tutaq. Bunun belə olduğunu görən müəllimlər nə etdilər? Uşaqları sinifdə sıxışdırmağa, qiymətini kəsməyə, dərsə qaldırmamağa başladılar. Səbəb? Səbəb bu oldu ki, sən nə üçün mənim yanıma deyil, başqa müəllimin yanına hazırlığa gedirsən. Bütün günü məktəbdə əziyyətinizi mən çəkim, siz də ayrı müəllimin yanına gedəsiniz?..

Beləliklə, fənn müəllimləri biliklərinin səviyyəsindən asılı olmayaraq məktəbdə dərs dedikləri bütün siniflərin şagirdlərini öz hazırlıqlarına cəlb edə bildi. Şagird də valideyni ilə bu qənaətə gəldi ki, nə etməli, elə filankəs müəllimin yanına getməli. Qeyd edim ki, bu cür təkliflər yaxşı müəllimlərdən bilik səviyyəsinə görə aşağı olan müəllimlər arasında oldu. Çünki yaxşı müəllimin özünə uşaq yığmasına ehtiyac yoxdur, onu hər kəs tanıyır və uşaqlarının da sayı-hesabı yoxdur. Lakin dediyimiz kimi, yaxşı olmayan müəllimlər isə bu yola əl atdılar. Beləliklə də uşaqlar necə deyərlər, kor olmağa başladılar. Belə müəllimlər hətta dərs zamanı yeni dərsi də izah etməyib hazırlıq saatlarına saxladılar. Bunu etiraf edən onlarla şagird var. Hazırlıqda da müəllim o qədər uşağın suallarına cavab versin, tapşırıqları yoxlasın, yoxsa məktəbdə öhdəsindən gələ bilmədiyi yeni dərsi izah etsin... Belə-belə təhsil gəlib bugünkü vəziyyətə düşdü.

Valideyn əziyyət çəkib pul ödədi, repetitor alıb qoydu cibinə, imtahan vaxtı da gördük ki, uşaq aşağı bal toplayıb. Aşağı bal toplayanda isə nə baş verdi? DİM hər il keçid ballarını aşağı salmağa başladı. Abituriyentlər 150-200 bal toplamaqla ödənişli əsaslarla təhsilə dəvət edildilər.

Beləliklə, nə baş verdi?...

Nə məzunlar kənarda, nə də universitetlər boş qaldı...

Bəli, 150-200 bal toplayan yüzlərlə abituriyent əsla təhsildən kənarda qalmadı. Onlar üçün şərait yaradıldı ki, təhsil alsınlar. Yəni ödənişli əsaslarla. Burada uduzan kim olur? Valideyn və cəmiyyət. Valideyn o mənada uduzur ki, 3-4 il 5 fənn üzrə övladının yolunda səpələdiyi pulları yenidən 4 il ərzində universitetlərə ödəməli olur. Hər kəsin maddi vəziyyətinin buna imkan vermədiyini düşünsək, yüzlərlə valideynin övladını oxutmaq üçün zillətlərlə üzləşdiyini söyləmək olar. Onlarla belə ailə tanıyırıq ki, banklardan kredit götürüb övladlarının təhsil ödənişinə sərf edir. Sonra da çarəsiz qalıb ailə büdcəsindən kəsib onu ödəyir.

Ailələr var ki, düz dörd il valideynlər “lotereya” oynamaqla məşğul olur. Ona növbəsi çatanda götürür, təhsil haqqına ödəyir, sonra yenidən başlayır, qalan hissəni ödəyir. Ailələr tanıyıram ki, böyük uşağın təqaüdünü o biri uşağın təhsil haqqı üçün sərf edirlər. Ailələr var ki, övladının 4 il təhsil dövründə olmazın çətinlikləri ilə üz-üzə qalır...

Bəs cəmiyyətimiz? Cəmiyyətimizə 150-200 bal səviyyəsində təhsil alan “təhsilli” lazımdırmı? Bu qəbildən olan gənclər hansı biliyə malikdirlər ki, sabah cəmiyyətimizə, ölkəmizə nə isə vermiş olalar.

Müasir dövrümüzdə artıq işləmək üçün imtahanlardan keçmək gərəkdir. Gəlin görək, 150-200 ballıq tələbələr bu imtahanlara hazırlaşa, imtahanlardan keçib özlərinə iş tapa bilirlərmi? Belə isə nəyə lazımdır aşağı balla universitet bitirib cəmiyyətə kor kimi daxil olmaq?

Ölkəmizə 150-200 ballıq tələbələrin xeyri nə olacaq, bu barədə düşünə bilsək, təhsildə yeniliklərə həmin andan etibarən imza atmış olacağıq.

Təhsilli olmaq xəstəliyi

Gəlin etiraf edək ki, son illərdə cəmiyyətimizdə yeni bir xəstəlik yaranıb: təhsilli olmaq xəstəliyi. Hər kəs oxumaq, əlinə diplom almaq istəyir. Bu diplomların gələcəyi barədə isə əsla düşünən yoxdur.

Qonşunun uşağı oxudu, mənimki nə üçün oxumasın. Bibiqızı, dayıoğlu universitetə girdi, mən niyə oxumayım? Elə bir zəmanəyə gəlib çıxmışıq ki, oğlanlar savadlı qızla, qızlar universitet bitirmiş oğlanla evlənmək istəyirlər.

Maraqlıdır, 150-200 bal toplayıb tələbə olan gənc əgər sabah işləyə bilməyəcəksə, (yəni işləyə də bilməz, çünki indi artıq hər bir idarə, müəssisə, təşkilat bilikli insanlara üstünlük verir) bəs belə olan halda nə üçün gözəl sənətlərdən birini seçmir özü üçün? Ölkədə hamı təhsilli olacaqsa, dərzi, usta, sürücü, dülgər, zərgər və saya biləcəyimiz onlarla sənətin sahibi kim olacaq?

Biz övladlarımızı düzgün yetişdirmirik, eyni zamanda, düzgün istiqamətləndirmirik. Təhsilli olmaq xərçəng kimi bütün vicudumuza qol-qanad atıb. Bu xəstəliklə mübarizədə gec qalmaqdayıq. Gəlin, elə bu gündən mübarizəyə başlayaq. Başlayaq ki, sabah gec olmasın. 150-200 balla cəmiyyətdə özünə yer tapa bilməyən, utanan uşaqlarımıza doğru yol göstərək. Onları müxtəlif sənətləri öyrənməyə yönəldək. Bununla həm onları xilas etmiş olarıq, həm də müasir təhsil sistemimizi...

Mətanət Məmmədova