Tanınmış tarzənə böyük mükafat

19 May 2023 13:58 (UTC+04:00)

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin: Abbasov Tariyel Abbasqulu oğlu...".

Bu sətirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdandır. Bir qrup mədəniyyət və incəsənət xadimi Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Onların arasında Taryel müəllimin adını görəndə çox sevindim. Ona görə yox ki, mənim uzun illər tanıdığım bir insandır, həm də bütün Azərbaycanın tanıdığı məşhur isimlərdəndir. Onun həyat bioqrafiyası ilə tanış olmaq kifayətdir ki, Prezidentin layiq gördüyü mükafat da, bizim onun haqqında dediklərimiz də öz təsdiqini tapsın.

Tariyel Abbasqulu oğlu Abbasov 10 mart 1953-cü ildə Naxçıvan şəhərində də­miryolçu ailəsində anadan olmuşdur. Uşaqlıqda Naxçıvan şəhər dəmiryol ərazisində ya­şayan Tariyel qatarların hərə­kətini izləməyi çox sevər, ürəyində isə “Bir gün gələcək mən də arzuma çatacağam” deyərdi. Arzularının qanadında o musiqi dünyasına qovuşmağı, bunun üçün uşaq təxəyyülü ilə qatarla Bakıya getməyi xəyal edirdi. Daha bilmirdi ki, gün gələcək o nəinki Bakıya gedib arzusuna çatacaq, buranın sakini, burada ailə, uşaq sahibi olacaqdır. Bir də bilmirdi ki, ona ayrılan ömrün 25 ilini hələlik Naxçıvanda keçirəcəkdir.

1964-cü ildə Naxçıvan şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil olan Tariyel ixtisas üzrə əvvəlcə gənc mütəxəssis Azər Abasov, sonra virtuoz tarzən Əkrəm Məmmədovdan, muğam sənətini isə qocaman ustad Yusif Əliyevdən öyrənmişdir. Müəllimlərinin hər üçü öz sənətini dərindən bilən, tanınmış musiqiçilər idi. Azər müəllim gənc olmasına baxmayaraq Asəf Zeynallı adına Bakı Orta Musiqi Məktəbini uğurla bitirmiş, görkəmli pedaqoq Adil Gərayın sinfində təhsil almışdır. Bir müddət sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirən A.Abasov musiqi elmini dərindən mənimsəməkdə Tariyelə lazımi tövsiyələr verirdi. Naxçıvan musiqi məktəbinin ilk müəllimlərindən olan Yusif Əliyev gənc tarzənə muğamın sirlərini öyrətmiş, mahir ifaçı, tarzən Əkrəm Məmmədov isə öz məharətli ifası ilə, sözün əsl mənasında, Tariyelə “ifaçılıq” dərsi keçirdi. 1969-cu ildə Tariyel musiqi məktəbi­ni bitirir. Lakin ümumtəhsil məktəbini bitirmədiyindən valideynləri ona bir il də səbr etməyi məsləhət görürlər. 1970-ci ildə o, orta məktəbi bitirsə də təhsilini harada davam etdirəcəyinə qərar verə bilməyərək hərbi xidmətə yollanmalı olur. Hərbi xidməti başa vuran və bir müddət əmək fəaliyyəti ilə məşğul olan Tariyel Abbasov 1975-ci ildə yenicə açılmış Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər Orta ixtisas Musiqi Məktəbinə daxil olur. 1979-cu ildə orta ixtisas musiqi məktəbini bitirən Tariyel Abbasov Üzeyir Hacıbəyov adma Azərbaycan Dövlət Konservatoriyasına (Musiqi Akademiyası) daxil olur. Konservatoriyada o, görkəmli bəstəkar, dirijor, Azərbaycan Respublikasının Xalq artisti, professor Səid Rüstəmovun sinfinə təyin edilir. Ümumiyyətlə, naxçıvanlı gənçlər istər Asəf Zeynallı adma Bakı Orta ixtisas Musiqi Məktəbində (Musiqi Kolleci), istərsə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında çalışan ən güclü, tanınmış müəllimlərin siniflərinə təyin edilirdilər. Onların sırasında Azərbaycan musiqi təhsili sisteminin sütunları hesab edilən görkəmli pedaqoqlar Səid Rüstəmov, Süleyman Ələsgərov, Eduard Novruzov, Adil Gəray, Kamil Əhmədov, Firudin Mehdiyev, Akif Novruzov, Ramiz Quliyev və başqalarının adlarını iftixarla çəkmək olar, illər boyu davam edən bu ənənə Naxçıvan ifaçılıq məktəbinin gücünün müsbət bir göstəricisidir. Səid Rüstəmov gənc tarzənin təhsilə münasibətindən, ifaçı­lıq qabiliyyətindən çox razı idi. Verilən tapşırıqları qısa müddətdə yerinə yetirən tələbənin boş vaxtlarının çox olduğunu hiss edən professor ona musiqi məktəblərinin birində işləməyi tövsiyə edir.

Tariyel Abbasov II kursda oxuya-oxuya (1980) Bakı şə­hər 3 saylı uşaq musiqi məktəbinə işə düzəlir. Uğurlu müəllimlik fəaliyyəti tezliklə Tariyeli yeni iş yerinə, Azərbaycan Dövlət Konservatoriyasına gətirir. 1988-1995-ci illərdə burada çalışan Tariyel müəllim paralel olaraq Gülarə Əliyeva adma “Dan ulduzu” instrumental ansamblında solo tarzən kimi də fəaliyyətini davam etdirir. Ansamblın tərkibində o, Həbəşistan, Bolqarıstan, Finlandiya, Türkiyə, İran kimi dövlətlərdə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.

Gənc yaşlarından ifaçılıq sənətinə böyük məsuliyyətlə yana­şan Tariyel Abbasov yorulmadan çalışaraq solo ifa üçün yeni-yeni əsərlər hazırlayırdı. Yaxın dostu və həmkarı, Azərbaycan Respublikasının Əməkdar artisti Tağı Tağıyev bu gün də Tariyel ilə konservatoriyada təhsil aldığı vaxtları xatırlayaraq hər axşam konservatoriyanın boş otaqlarında gecədən xeyli keçənədək keçirdikləri məşq saatlarını sevinçli, nostalji hisslərlə xatırlayır. Yaradıcılıq fəaliyyətini genişləndirən tarzən Azərbaycan Dövlət Konservatoriyasının 60 illik yubileyi ilə bağlı (1982) Moskvada, MDB və Baltikyanı ölkələrdə solo konsertlərlə çıxış edir. Bundan əlavə, o, Səid Rüstəmovun “Oxu tar”, Zakir Bağırovun “Layla” mahnılarına solo ifada klip çəkdirmiş, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin simfonik orkestri ilə Hacı Xanməmmədovun tar ilə simfonik orkestri üçün 2 nömrəli konsertini lentə yazdırmışdır. Bu nailiyyətlər Tariyel müəllimin çoxşaxəli fəaliyyətinin bir qismidir.

Tarzən Tariyel Abbasov 1977-ci ildə Bakı şəhərində keçirilən ifaçıların I Respublika müsabiqə­sinin laureatı olmuşdur. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Mən də öz adımdan, SƏS Media Qrupun bütün kollektivi adından Tariyel müəllimi təbrik edir, uğurlar və can sağlığı arzulayıram!

Məmmədhəsən MƏMMƏDOV