“Tələbələr üçün prosedur çətin deyil” - EKSPERT DANIŞDI

17 May 2023 14:56 (UTC+04:00)

“Dövlət xətti ilə xaricdə təhsil almaq istəyən tələbələr ilk olaraq xarici universitetdən qəbul ilə bağlı müsbət cavab almalıdırlar. Eyni zamanda dövlət proqramında həmin universitetin siyahıda olub-olmaması və universitetdə dövlət proqramında nəzərdə tutulan ixtisasa yer ayrılıb-ayrılmaması ilə bağlı məlumatlar olmalıdır. Əgər universitet dövlət proqramında nəzərdə tutulmuş ali təhsil müəssisələrinin siyahısındadırsa, bundan sonra xaricdə təhsillə bağlı yaradılmış müvafiq elektron resurs üzərindən müraciət edilməlidir. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, xaricdə təhsillə bağlı bu prosedurları həyata keçirən komissiya var: "Bütövlükdə bu iş təkcə Elm və Təhsil Nazirliyindən asılı deyil. Burada ölkə başçısının tapşırığı ilə yaradılmış müvafiq dövlət qurumlarından nümayəndələr komissiyanın tərkibində fəaliyyət göstərirlər. Komissiya sənədlərə baxdıqdan sonra ərizə verənə uyğun cavabı bildirir.
Bakalavr pilləsində təhsil alan tələbələr magistratura pilləsinə müraciət edirlər və qismən qəbul alırlar. Çünki onların hələ ki, bakalavr diplomları verilməmiş olur. Qismən təsdiq aldıqları universitetlə bağlı məlumatları sistemə yüklənilir. Komissiyanın tam cavabı isə bakalavr diplomundan sonra verilir. Digər tərəfdən bakalavr pilləsində də təhsil almaq istəyənlər eyni prosesdən keçməli olurlar. Ümumilikdə isə prosedur çətin deyil. Bütün hallarda savadlı, bilikli gənclərin kənarda qalmaması təmin edilib”.