"Ümumiyyətlə, bunker müəllim deyə bir anlayış yoxdur. Amma bu əvvəllər, 2014-2015-ci ilə qədərki bir dövrdə var idi. Təəssüf ki, bu anlayış adından bazarda istifadə edib valideynləri və şagirdləri aldadan kifayət qədər şəxs var". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bunker müəllimlər bir növ tarixə qovuşub: "Hal-hazırda müvafiq olaraq suallar bazası var və həmin sualları hazırlayan şəxslər də sualları öncədən yazıb verirlər. O suallardan hansının imtahanda istifadə olunub-olunmayacağını yalnız avtomatlaşdırılmış sistem təyin edir. Eyni zamanda, həmin suallarla işləyən şəxslər isə müvafiq olaraq imtahanlardan iki həftə öncədən xüsusi otaqlarda saxlanılır və ümumi imtahan prosesi bitdikdən 2-3 həftə sonra saxlanıldıqları yerlərən buraxılırlar. Yəni, kimsə iddia edə bilməz ki, "Mən bunker müəlliməm". Çünki bunker müəllim imtahan ərəfəsi çöldə gəzə bilməz".
Elçin Əfəndi sözlərinə belə davam edib: "Bəzi dəllallar bu addan istifadə edərək şagirdləri aldadıb öz hazırlıqlarına cəlb edirlər. Təbii ki, mövcud proqram var. DİM tərəfindən jurnallarda imtahan sualları, mövzular, model testlər təqdim olunur. Onun üzərindən abituriyentlər yaxşı hazırlaşıb imtahan verə bilərlər. Valideynlər və cəmiyyət bilməlidir ki, bunker müəllim anlayışı yoxdur".
Ayşən Vəli