"Əvvəla, it sahibi olmazdan əvvəl bilməlisiniz ki, it həyatınıza inanılmaz müsbət enerji qatacaq, sizə daha çox məsuliyyət yükləyəcək və daha intizamlı bir həyat sürəcəksiniz. Ancaq onu da bilməlisiniz ki, itə qulluq etmək pişiyə qulluq etmək qədər asan deyil. Buna görə də, gündə ən azı iki saat, səhər bir saat, axşam bir saat itinizə ayıracaq vaxtınız olmalıdır",- bu sözləri SİA-ya açıqlamasında "My dog academy"-nin sahibi, peşəkar it təlimçisi Anar Cahanbəxş deyib.
O, açıqlamasına belə davam edib: "Ən vacib məsələlərdən biri iti hansı şəraitdə saxladığımızdı. Azərbaycanda əfsus ki, itləri zəncirə vurmaq, itin bütün gününü orda keçirməsi çox yayğındır. Unutmayın ki, itin zəncirə vurulması itin oynaqlarında deformasiyaya və əlilliyə səbəb olur. Elə isə ortaya sual çıxır ki, niyə kəndlərdə, bölgələrdə zəncirdə saxlanılan itlərə heç nə olmurdu? Çünki kənddə zəncirdə saxlanılan it səhərdən axşama kimi dağlarda, təpələrdə qoyun ardıyca qaçır, evə gələndə zənciri taxılı halda dincəlirdi. Ancaq şəhərdə saxladığımız itlər bütün günü zəncirə bağlı halda oturur. Unutmayın iti yormaq ən vacib məsələdir. Bu, zehni və fiziki olaraq iki hissəyə bölünür. İti fiziki cəhətdən yormağın yolu itlə uzun gəzintilər etməkdir, əqli cəhətdən yormağın yolu isə, yeni komandalar öyrətmək və ya "qoxu təqib etmə oyunları" oynamaqdır".
Təlimçi bildirib ki, ona ən çox ünvanlanan suallardan biri isə, "hansı it cinsini almalıyıq və hansı cins mənim üçün daha yaxşıdır?" sualıdır: "Mənim bu barədə fikirlərim çox açıqdır. Sadiq dost, yoldaş istəyirsinizsə, mən həmişə sığınacaqdan və ya küçədən bir it götürməyi məsləhət görürəm. Bunu deyəndə hamı məndən soruşur ki, küçədən sahibləndiyim itə təlim keçmək olarmı, evə gələndə evi dağıtmaz? Hər bir it, "Çoban itindən" tutmuş "Pekineslərə", "Alabaydan" ,"Haskiyə" qədər təlim ala bilir. Bundan əlavə, küçə itlərinin bir üstünlüyü də var ki, onlar ev həyatına keçən zaman evin, ailənin qədrini bilirlər, üstəlik küçə itləri genetik baxımdan cins itlərdən daha sağlam, xəstəliklərə daha dözümlü olurlar".
"Bala it almalıyıq, yoxsa yetkin?" sualımıza cavab verən təlimçi sözlərinə bu cür davam edib: "Hər kəs bala it almaq istəyir, lakin yaddan çıxartmayın ki, siz körpə uşaq böyütmək qədər çətin günlərdən keçəcəksiniz. İmmunitet sistemi zəif olduğu üçün onlara daim peyvənd vurulmalıdır. Bundan əlavə "tualet təlimini"də öyrətmək lazımdır. Buna görə də, yetkin bir iti sahiblənmək daha yaxşı variantdır. Əmin olun ki, onlar sizin həyat tərzinizə çox asanlıqla uyğunlaşacaqlar.
Bir də qeyd edim ki, heç vaxt it cinsi seçərkən, itin görünüşünə və ya ölçüsünə aldanmayın. Çox insan kiçik itin az enerji ehtiyacı olduğunu düşünüb sahiblənir, lakin məsələn,bir "Jack Russel" "Çoban itindən daha aktivdir. Əvvəlcə bu cinsin haradan gəldiyinə, hansı məqsədlə yetişdirildiyinə və enerji səviyyəsinə baxmaq lazımdır. Əgər idmançısınızsa yüksək enerjili bir it seçə bilərsiziniz, amma əksi təqdirdə bu sizin üçün də, it üçün də yaxşı olmayacaq".
İtlər üçün qidalanmanın çeşidlərindən danışan təlimçi sözlərinə belə davam edib: "İtlər üçün qidalanma əsas olaraq iki qola ayrılır: çiy (BARF) və quru it yemi. Çiy dedikdə ağlınıza itin önünə çiy toyuğ əti atmaq gəlməsin. Çiy qidalanma üsulu çox çətin, kompleks hazırlanma qaydası olan bir üsuldur. Ona görə də biz quru it yemini məsləhət görürük. Hansı ki ona "korm" da deyirlər. Quru yemin də ən ucuzunu almamaq lazımdır. Ən azından ortasəviyyəli yem vermək məsləhət görülür. İtlərə əsla ev yeməkləri, qabağımızdan qalan artıqları verməməliyik, çünki bu yeməklərin içindəki duz, ədviyyatlar, soğan-sarımsaq itlər üçün zəhərli, öldürücü ola bilər. Bununla yanaşı itə sümük verməmək lazımdı. Cizgifilmlər, filmlər ucbatından insanlar itlərin sümük yeyə biləcəyini düşünür. Halbuki itin parçalaya biləcəyi xırda sümüklər, xüsusən toyuq sümükləri itin mədə-bağırsaq sistemi üçün çox təhlükəlidirvə ölümcüldür. Bir çox it sahibi itin sümük yeməklə ölməyəcəyinə, zərər görməyəcəyinə inanır. Halbuki problemi görməmək, problem yoxdur mənasına gəlmir. Daim bişirilmiş, xırda, parçalanan sümüklə qidalanan it anidən daxili qanaxma keçirib ölə bilər. Sadəcə, dananın çox iri, parçalanmayan sümüklərini əvvəlcə 72 saat dondurucuda saxlayıb itə vermək olar. Bu, həm dişlərini təmizləməsi üçün, həm də itin mental sağlamlığı üçün yararlıdır".
Sonda isə iti haradan almaq lazımdır sualına cavab verən Anar Cahanbəxş sözlərinə belə davam edib: "Yaxşı, gəlin son olaraq iti haradan almaq lazımdır sualına gələk, ilk növbədə, itləri zoo marketlərdən almaq olmaz. İtin valideynlərini görüb, xarakterlərinə baxaraq almaq lazımdır.. Həmçinin, mən mütləq şəcərəli it almağı məsləhət görürəm. Səbəbini soruşsanız,qeyri-peşəkar artırılan, zoo marketlərdə satılan itlərin bir çoxunu birinci dərəcəli qohumların (Ata-bala, ana-bala, bacı-qardaş ) cütləşdirilməsi nəticəsində əldə edirlər. Bu itin zahiri görünüşü baxımından problem yaratmasa da, xarakterdə çoxlu problemlər yaradır, bununla yanaşı yaxın qohumların cütləşməsindən yaranan övlad mütləq genetik xəstəliklərlə doğulacaq və qeyri-sağlam olacaq. Şəcərəli it almaq həm itin sağlamlığı baxımından, həm də sahibsiz itlərin sayının artmaması baxımından çox önəmlidir".
Fazil Hənifəyev