“Mədə xərçəngi qarşısı alına bilən bir xəstəlikdir“

16 May 2023 14:46 (UTC+04:00)

“Mədə xəstəlikləri istənilən yaş qrupunda görülə bilər. Mədə xəstəliklərinin yaranmasının başlıca səbəbi həyat tərzi-qidalanma və genetik faktorlar rol oynayır. Qidalanma çox vacib faktorudur. Mədə yediyimiz qidanın özü və tərkibi ilə bir başa təmasda olur”. SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib.

Onun sözlərinə görə, fast-food, şəkərli içkilər, hazır və duzlu qidalar, spirtli içkilər mədə xəstəliklərinin əsas risk faktorudur:

“Mədəyə ən çox zərər göstərən digər faktor dərman vasitələridir, xüsusi ilə ağrı kəsici iltihab əlehinə dərmanlar. Mədənin qoruyucu baryerini zəiflədərək, eroziya və xoraların yaranmasına səbəb olur, bəzən qanaxmaya gətirib çıxara bilir.

Digər risk faktoru, Helikobakter pylori mədə mikrobudur. Bu isə öz növbəsində mədədə qastrit, xora, qan azlığı, mədə xərçənginə səbəb ola bilər. Belə infeksiya aşkarlanarsa, mütləq müalicə olunmalıdır.
Genetik amil də çox vacibdir. Beləki birinci dərəcəli qohumlarda mədə xərçəngi aşkarlanmış şəxslərə mütəmadi erkən endoskopik müayinələrdən keçmək tövsiyə olunur.

Bildirmək istərdim ki, mədə xərçəngi qarşısı alına bilən bir xəstəlikdir, çünki formalaşması üçün zaman lazımdır. Erkən aşkar edilərsə, xəstəliyin qarşısı ala bilər. Həmçinin, 40 yaşına çatmış şəxslərin müayinə olunmasını tövsiyə edilir”.