“Mədəniyyətə bağlı ömür” adlı hesabat konserti keçirilib - FOTOLAR

15 May 2023 16:35 (UTC+04:00)

Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Mədəniyyətə bağlı ömür” adlı hesabat konserti keçirilib. May ayının 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Buzovna qəsəbə 4 nömrəli İncəsənət məktəbinin konserti keçirilib. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Bakı şəhər İncəsəntə Musiqi məktəbinin direktorları, eyni zamanda Bakı şəhər Musiqi və İncəsənət məktəbinin veteran və veteran direktorları, xalq artistləri və əməkdar incəsənət xadimləri iştirak ediblər. Tədbiri ilk öncə aparıcı Ulu Öndərin müdrik kəlamı ilə başlayıb.

Aparıcı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Mədəniyyətə bağlı ömür” adlı hesabat konserti barədə bəlumat verib və tədbiri Ulu Öndərin müdrük kəlamı ilə başlayıb: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”.

Bildrilib ki, dahi şəxsiyyət Heydər Əliyev musiqi sahəsinə, əsas da musiqi təhsili sahəsinə xüsusi həssaslıqla yanaşırdı. Çünki mədəniyyətin gələcəyi məhz möhkəm bünövrə qoyan musiqi ocaqlarından keçir. İnsanların musiqi zövqünün formalaşması, milli və dünya mədəniyyəti ilə ilk tanışlıqları məktəb dövrünə təsadüf edir.

Buzovna qəsəbə 4 nömrəli İncəsənət məktəbinin keçirdiyi bu tədbir də müxtəlif janrlar üzərində qurulub. Konsert proqramında şagirdlərin təqdimatında müxtəlif dövrləri, müxtəlif janrları və nəhayət müxtəlif ölkələrin mədəniyyətini əks etdirən əsərlər nümayiş etdirilib. Tədbirdə Məryəm Atakişizadə, Balahüseyn Qədirli, Nəsrin Şəfiyeva, Məlahət Şeydayeva, “Leyla” rəqs kollektivi, İsmayıl Əkbərzadə, Leyla Novruzova, Hüseyn Babaşov, Əkrəm Musazadə və rəqs kollektivi, nağara çalanlar ansamblı, saz çalanlar ansamblı və “Leyla” rəqs kollektivi, Mehriban Kazımova və Baba Mehdiyev və digərləri çıxış ediblər.

Qeyd edilib ki, hər biг xalq dünyada öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə tanınır. Azərbaycan xalqı bu baxımdan çox xoşbəxtdir. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox qədim zamanlara gedib çıxır. Bunu sübut etməyə ehtiyac yoxdur. Şərt bu mədəniyyəti tanıtmaq, layiqincə təqdim etmək, qoruyub, saxlamaq, dəyər verməkdədir. Əlbəttə, qədirbilən xalqımız öz mədəni irsini adət-ənənəsini həmişə yaşatmış, əsrlər boyu nəsildən-nəslə ötürmüşdür. Yoxsa muğamlarımız aşıq sənətimiz, bayatılarımız bu günlərə qədər gəlib çıxmaz, tarixin mürəkkəb, qanlı-qadalı, çətin döngələrində itib batardı. Lakin XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlanır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Azərbaycan ədəbiyyatını, musiqisini, təsviri sənətini dərindən bilən Heydər Əliyev mədəniyyətin, incəsənətin xalqın ən böyük sərvəti, dost qazanmaq üçün ən gözəl vasitə və düşməni susdurmaq üçün ən güclü silah olduğunu gözəl bilirdi. Bir az əvvəl qeyd edildiyi kimi mədəniyyətə sahib olmaq azdır, onu peşəkarlıqla təqdim edənlər olmalıdır. Ulu öndər həm doğma mədəniyyətimizə, həm də bu mədəniyyəti yaşadanlara, yaradanlara yüksək qiymət verirdi.

“Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”. Bu sözlərin müəllifi olan Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında yüksəliş dövrü keçdi. O, Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcıları olan dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, Niyazi, A.Məlikov.T.Quliyev,məşhur müğənnilər R.Behbudov, M.Maqomayev, Ş.Ələkbərova, Z.Xanlarova və başqa neçə- neçə sənətkarın sənətinə yüksək qiymət verərək, onların fəaliyyətinin beynəlxalq arenaya çatdırılması üçün çox çalışmışdır. İncəsənətə daim yüksək qiymət verən Heydər Əliyev öz gərgin qrafikinə baxmayaraq, tez-tez yaradıcı tədbirlərdə olur, mədəniyyət və incəsənət xadimləri ilə görüşürdü. Bir çox görkəmli mədəniyyət xadimləri ilə sıx dostluq telləri ilə bağlı idi.

Tədbirin sonunda çıxış edən Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tədbirin yüksək şəkildə təşkil olunduğunu vurğuladı və məktəb kollektivlərinə təşəkkürlərini bildirdi.

Sonra Buzovna qəsəbə 4 nömrəli İncəsənət məktəbinin direktoru Cahangir Süleymanov çıxış edərək məktəbin müəllim və şagirdlərinə yüksək səviyyədə konsertdə iştirak etdiklərinə görə minnətdarlığını bildirdi. Xüsusən də məktəbin dərs hissə müdiri Gültəkin Atakişiyevin konsertin təşkilatçılığındakı rolu yüksək qiymətləndirildi.

Məmmədhəsən MƏMMƏDOV