Professor Sakit Hüseynovun kitabı nəşr olunub

12 May 2023 13:30 (UTC+04:00)

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynovun “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabı (Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 27.09.2022-ci il tarixli 05 saylı qərarı) (Bakı, “Tuna” QSC mətbəəsi, Keşlə qəs.,1-ci Önünə küç., 19) (277 səh) nəşr olunub. SİA xəbər verir ki, kitab Heydər Əliyevin anadan olmasının 100 illiyinə və İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr olunmuşdur.

Bu kitab Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən “Mənəvi Dəyərlərin Təbliği Fondu”nun maliyyə dəstəyi ilə nəşr olunmuşdur.

Kitab müstəqillik dövründə Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət-din siyasətinin fəlsəfi-sosioloji cəhətdən araşdırılmasına həsr edilmişdir. Kitabda İslamın Qafqazda yayılmasında Azərbaycanın rolu, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının bərqərar olunması, dini tolerantlıq, dini ekstremizm və dini təhlükəsizlik haqqında Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyəti ilk dəfə olaraq geniş şəkildə araşdırılmışdır. Bununla yanaşı, Heydər Əliyevin “İslam birliyi” ideyası və Prezident İlham Əliyevin müsəlman ölkələrinə “İslam həmrəyliyi” çağırışı dövlət-din siyasətində yeni istiqamət kimi elmi cəhətdən mühüm aktuallıq kəsb etməkdədir.

Son illərdə İslam dini, İslam sivilizasiyası haqqında yeni-yeni tədqiqat əsərlərinin sayı çoxalmış, bu sahədə keçirilən beynəlxalq konfrans və simpoziumların coğrafiyası genişlənmişdir. Xüsusən, İslam mədəniyyətinə diqqətin artması ABŞ-də baş verən 2001-ci il 11 sentyabr hadisəsindən sonra daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Araşdırmalar göstərir ki, son illərdə, xüsusən, İslamın tarixi mahiyyəti, dünya mədəniyyət tarixində İslamın oynadığı rol, onun bəşər sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miqyasda keçirilən elmi konfransların və simpoziumların müzakirə obyektinə çevrilmişdir.

Müasir dünyada beynəlxalq münasibətlər çərçivəsində baş verən hadisələr bir daha sübut edir ki, din yalnız inanc və mənəviyyat məsələsi deyil, eyni zamanda ictimai-siyasi hadisələrin tənzimlən¬məsində, ölkələrarası əlaqələrin qurulmasında müstəsna rol oynayır. Bununla yanaşı, sekulyar dövlətlərdə dinin funksiyası və yeri, həmçi¬nin qloballaşmanın genişləndiyi bir dövrdə dövlət və din arasında münasibətlərin müəyyən edilməsi ən aktual problemlərdən birinə çevrilmişdir. Digər bir problem isə qloballaşma prosesində dövlətçiliyin və cəmiyyətin inkişafına xidmət edəcək formada milli adət-ənənələrin və dini dəyərlərin mühafizəsi məsələsidir. Bu baxımdan, prof. Sakit Hüseynovun ərsəyə gətirdiyi “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı əsəri Ulu öndər Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi, eləcə də dini dəyərlərin qorunması və təbliği, multikulturalizm, tolerantlıq və dinlərarası dialoqun təşviq edilməsi sahəsində nəzəri və praktiki səciyyə daşıyan zəngin irsininin araşdırılmasını əhatə edir.

Kitabda Azərbaycanda İslam dəyərlərinə özünəməxsus qayıdış, İslam dinindən irəli gələn əxlaqi, humanist dəyərlərin müasir demokratik, hüquqi, dünyəvi, mütərəqqi inkişaf meyarları ilə uzlaşması milli-dünyəvi dəyərlərin tərəqqisi, cəmiyyətdə inanc hisslərinin möhkəmlənməsi baxımından müstəsna rol oynayır. Çünki, illər keçdikcə xüsusi ilə də gənclərimiz öz dəyərlərilə daha yaxından tanış olur, onlara daha dərindən yiyələnir və mənimsəyirlər. Gənc nəslin əldə etdikləri bu dəyərlərin tarixi keçmişi, sonrakı dəyişiklikləri və bugünkü əhəmiyyətini bilmək olduqca vacibdir.

Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, dini tolerantlıq müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də təqdir olunmaq¬dadır. Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasət də dövrün reallıqları ilə uyğunlaşır.

Kitabın əsas diqqətə aldığı mövzu isə dövlət və din münasibətlərinin tənzimlənməsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolu, habelə bu istiqamətdəki səmərəli fəaliyyətləri və müstəqilliyimizin möhkəmlənməsində göstərdikləri xidmətləridir.

Tədqiqatın metodoloji əsasını sistemli yanaşma, tarixilik, müqa¬yisəli-komprativistik təhlil təşkil edir. Araşdırma zamanı kifayət qədər mötəbər mənbə və normativ hüquqi sənədlərdən istifadə edilmiş, dəlil-sübutların qarşılıqlı əlaqəsi və müqayisəli təhlili əsas götürülmüşdür. Bu tədqiqatda əldə olunan nəticələr Azərbaycandakı dövlət-din münasibətlərində nəzəri bilikləri və dövlət-din siyasətində əməli fəaliyyəti genişləndirməyə imkan verir.

Kitabın elmi redaktoru Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti v.i.e, akademik Gövhər Baxşəliyeva, rəyçiləri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, tarix elmləri doktoru, dosent Eynulla Mədətli, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev, fəlsəfə elmləri doktoru, Az.TU-nun professor Eyyub Kərimov, hüquq elmləri doktoru, BDU-nun prof. Etibar Əliyev, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovdur.

Bu kitab tələbə və doktorantlar, ilahiyyatçılar, dinşünaslar, orta və ali məktəb müəllimləri, eyni zamanda geniş oxucu kütlələri üçün maraqlı və faydalı olacaqdır.