Seulda Heydər Əliyevin xatirəsi anılıb

10 May 2023 21:32 (UTC+04:00)

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev-100: həyatı və irsi” adlı tədbir keçirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildirilib ki, Koreya Respublikasının ictimai-siyasi dairələrinin nümayəndələrinin, ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının əməkdaşlarının, jurnalistlərin, Azərbaycan diasporunun fəallarının iştirak etdikləri tədbirdə səfir Ramin Həsənov müasir Azərbaycan dövlətinin memarı, görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, müxtəlif dönəmlərdə qəbul etdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan danışıb. O, həmişə Azərbaycanın gələcəyi haqqında düşünən Ulu Öndər Heydər Əliyevin hələ sovet dönəmində respublikaya başçılıq edərkən Azərbaycanın tərəqqisini hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. 1993-cü ildə Azərbaycanın ən çətin anlarında yenidən hakimiyyətə gələn Heydər Əliyev ömrünün son 10 ilini Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və ölkənin hərtərəfli inkişafına həsr edib.

Səfir Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmdə öz layiqli yerini tutduğunu, böyük nüfuza, şaxələndirilmiş iqtisadiyyata, söz sahibi olan güc mərkəzinə çevrildiyini diqqətə çatdırıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin payızında torpaqlarımızı işğaldan azad etdiyi diqqətə çatdırılıb. Qarabağın, o cümlədən Şuşanın azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğu vurğulanıb.

Tədbir Heydər Əliyevin həyatını əks etdirən qısametrajlı videoçarxın nümayişi və koreyalı peşəkar musiqiçilərin ifasında Azərbaycan və xarici bəstəkarların klassik əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.