Ömrünü xalqına həsr edər xilaskar Lider – Heydər Əliyev

10 May 2023 16:15 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: "Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir"

Prezident İlham Əliyev bu il mayın 8-də Şuşa şəhərinə səfəri zamanı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib: "Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir".

Ümummilli Liderin sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxardığını vurğulayan dövlətimizin başçısı bildirib: "Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər".

Bəli, bu gün ömrünü ölkəmizdə qurub-yartmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin və əməli fəaliyyəti nəticəsində Azərbaycana Qafqazda strateji bölgə kimi dünyanın diqqəti daha da artdı, milli dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan və vətəndaş hüquqları, həmçinin azadlıqlarının bərqərar olmasına nail olundu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə sülh və asyiş bərqərar oldu.

AZƏRBAYCAN XALQININ FACİƏLƏRİ HEYDƏR ƏLİYEVİN SİYASİ HAKİMİYYƏTDƏN GETMƏSİNDƏN SONRA BAŞLAMIŞDIR

"Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi".

Bu fikri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib. Azərbaycan xalqının faciələrinin Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər”.

XALQIN HEYDƏR ƏLİYEVƏ İNAMI AZƏRBAYCANDA DÖVLƏT ÇEVRİLİŞİ CƏHDİNİN QARŞISINI ALDI

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində onu da bildirdi: "Daxili və xarici düşmənlər də başa düşürdülər ki, Azərbaycan artıq inkişaf yoluna qədəm qoyub. Onlar öz çirkin əməllərindən əl çəkmək fikrində deyildilər".

“Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildiyini bildirən dövlətimizin başçısı deyib: "Yenə də Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərdi və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular".

Və dövlət başçımızın müraciətində söylədiyi kimi: "Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha nümayiş etdirdi".

Heydər Əliyevin 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bundan sonra dərhal ciddi islahatlara başlanıldı, siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.
Bəli, xalqın təkidli tələbi ilə dahi lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı…

BÖYÜK XİLASKARLIQ QAYIDIŞI İDİ

1993-cü il, 15 iyun. Bu qayıdış elə bir zamana təsadüf etdi ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü höküm sürürdü. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Və Azərbaycan xalqı əminliklə müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyev olduğunu, onun ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir. Vurğulayır ki, müstəqil müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: "O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur".

QURTULUŞDAN İNKİŞAFA: MÜDRİK SİYASƏTİN UĞURLU NƏTİCƏLƏRİ

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı.

Vəziyyətdən səbirlə çıxan ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

HEYDƏR ƏLİYEVİN QOYDUĞU YOLLA BU GÜN AZƏRBAYCAN UĞURLA GEDİR

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib: "Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir".

Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində Ulu Öndərin çox böyük rolunun olduğunu vurğulayan Prezident qeyd edib: “Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər”.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib ki, Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi.
Və bu gün…

HEYDƏR ƏLİYEVİN GÖRMƏK İSTƏDİYİ AZƏRBAYCAN..

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu olan Heydər Əliyev müdriklik, uzaqgörənlik və əzmkarlığı ilə Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam: "Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək".

Bəli, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Və bu gün ulu öndər Heydər Əliyevin üzaqgörən və məqsədyönlü siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadiyyatı güclənib, insanlarımızın sosial müdafiəsi istiqamətində ardıcıl tədbirlər görülüb və görülür. Dövlət başçımızın siyasəti nəticəsində Azərbaycanın müsbət beynəlxalq imici formalaşıb. Bütün sadaladıqlarım faktlar isə bizim tarixi qələbəmizi şərtləndirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycan ərazi bütövlüyünü müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə təmin edildi. Prezident İlham Əliyev bununla həm də ata vəsiyyətini gerçəkləşdirdi. Eyni zamanda, xalqımızı arzularına çatdırdı. Prezident İlham Əliyev tərəfindən də qeyd edildiyi kimi, işğaldan azad olunmuş torpaqlarımızda işğalçı Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran qoyulub, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib ki, bu da böyük miqyasda planlaşdırma və bərpa işlərinin həyata keçirilməsinin tələb edildiyini göstərir. Məhz bu səbəblərdən hərbi əməliyyatlar yekunlaşan ilk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilib. Gələcəkdə Qarabağ və Şərqi Zəngəzur ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq.

Bir sözlə, bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Və Heydər Əliyev daim azərbaycanlıların qəlbində yaşayacaq, onun adı hər zaman milli fəxarət rəmzi kimi çəkiləcəkdir. Və bütün ömrünü xalqına bəxş etmiş Heydər Əliyev hər zaman insanların qəlbində yaşayacaq.

RƏFİQƏ KAMALQIZI