İllərdir ki, mütəmadi olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır. Mayın 8-də ölkə başçısının imzaladığı əfv sərəncamı isə özünəməxsusluğu ilə seçilir. Belə ki Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə indiyədək imzalanan 37 sərəncamın içində ən böyüyüdür.
Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Eyni zamanda bildirilməlidir ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir .
“SƏS” TV olaraq ilk növbədə Penitensiar Xidmət 17 saylı cəzaçəkmə müəssisəsində olduq. İlk olaraq məhbusları azad olması münasibətilə təbrik edən Ədliyyə general-mayoru Orxan Qasımov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamına uyğun olaraq bir sıra məhkumlar azadlığa buraxılıb və cəza müddəti yarıya qədər azaldılıb. “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş əfv sərəncamıdır. Qeyd edim ki, bu Prezident tərəfindən indiyədək imzalanmış 37 sərəncamın içində ən böyüyüdür. Ona görə hər birimiz ölkə başçısına, eləcə də bu məsələdə təşəbbüs qaldıran şəxslərin hər birinə təşəkkürümüzü bildiririk. Azadlıq insan üçün ən böyük nemətdir və onu qoruyub saxlamaq lazımdır"- deyə o qeyd edib.
Daha sonra çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev ili" elan olunduqda bütün məhkumların ürəyində ümid çırağı yandı. O, “Hər bir məhkum ümid edirdi ki, əfv sərəncamı ona da şamil ediləcək. Ulu Öndər tərəfindən təməli qoyulmuş humanizm siyasəti uğurla davam etdirilir. Ölkə başçısı da qeyd edib ki, bu siyasətin mərkəzində vətəndaşın məmnunluğu dayanır. Bu gün biz həmin məmnunluğun şahidi oluruq. Bu ədalətin tərənnümüdür. Müstəqil Azərbaycan tarixində ən çox məhkumun azad olunduğu sərəncam oldu. Eyni zamanda, bu sərəncam müxtəlif kateqoriyadan olan məhbuslara şamil olunub. Bununla əlaqədar bu gün 801 ailə sevinc yaşayır. Arzu edirik ki, bundan sonra heç kim azadlıqdan məhrum edilməsin" ifadələrini işlədib.
Qeyd edək ki, 17 saylı cəzaçəkmə müəssisəsindən biri əcnəbi olmaqla 12 nəfər əfv olunub, 12 nəfərin isə cəza müddəti yarıya endirilib.
Daha sonra 2 saylı cəzaçəkmə müəssində olduq. Müəssisədən 12 nəfər azadlığa buraxılıb. Sərəncama əsasən 21 nəfər məhbusun cəzası azaldılıb.
Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamının icrası 9 saylı cəzaşəkmə müəssisəsində başa çatıb. Əfv Sərəncamı 9 saylı cəzaçəkmə müəssisəsində səkkiz nəfərə şamil edilib. Onlardan dörd nəfər azadlığa buraxılıb, dörd nəfər məhbusun isə cəzası azaldılıb.
SƏS TV olaraq əfv olunan şəxslərin təəssüratlarını öyrəndik.
Heydər Quliyev Zakir oğlu: “Mən pandemiya ilə əlaqədar qayda pozuntusu səbəbilə azadlıqdan məhrum edilmişdim. Artıq 3 il 6 aydır ki, cəza çəkirdim. Altı ay on üç gün cəza müddətim qalmışdı. Ölkə başçımız İlham Əliyevə məni balalarıma qovuşdurduğu üçün təşəkkürlərimi bildirirəm. Allah bütün məhkumların qapısını açsın”.
Telman Allahverdiyev Oruc oğlu: “Avtomobil qəzası səbəbilə tutulmuşdum. Bu səbəbdən mənə 6 ay cəza verilmişdi. 8 ay yarım müddəti əfv edilib. Ulu Öndərimizin 100 illiyi münasibətilə Əfv Sərəncamı verən cənab Prezidentə təşəkkürümü bildirirəm. Bütün xalq olaraq ondan çox razıyıq. Allah heç kimi azadlıqdan məhrum etməsin”.
Rizvan Şairov Vaqif oğlu: “Öncəliklə bu cür humanist addımlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Mən ehtiyatsızlıqdan avtomobil qəzası törətməkdən həbs cəzası almışdım. Mən 2001-ci ildən Ulu Öndərin imzası ilə Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuşam. Bugünkü gündə Ulu Öndərin 100 illiyi münasibətilə imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılmağım mənim üçün iki qat bayramdır”.
Qələmirzə Quliyev Əli oğlu: “Doğrusu, əfv olunacağımı gözləmirdim. Hər şey anidən baş verdi. DÖvlət başçımıza təşəkkürlərimi bildirirəm. Var olsunlar. 1 il 1 ay cəza müddətim var idi. Cəzamın dörd ayını çəkdim. Sağolsunlar ki, 10 ayımı əfv etdilər”.
Zaur Məmmədov İbiş oğu: “Azadlığa çıxmış bütün məhbusların və onların ailələri adından Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Xalqımız Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük coşğu ilə qeyd etməyə hazırlaşır. Bu gün hər birimizin arzu və istəkləri Azərbaycan Prezidentinin tükənməz əməyi nəticəsində həyata keçir. Ulu Öndərimiz demişdi ki, Azərbaycan dünyaya bir günəş kimi doğacaq. Həqiqətən də bugünkü gündə ölkəmiz dünyada bir günəş kimi işıq saçır. Azərbaycanın inkişafı yolunda cənab ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya uğurlar arzulayır”.
Məhbuslarla yanaşı, onların ailələrinin də təəssüratlarını öyrəndik.
Gülarə Ələkbərova (məhbus Ələkbər Ələkbərovun anası): “Neçə gündür ki, əfv olunacağı deyilmişdi. Amma biz sabah üçün gözləyirdik. İndi xəbər verdilər və sevinclə, həyəcanla, qaça-qaça bura gəlmişəm. Oğlum tutulandan özüm də qocaldım. Allah heç kimə buranın yollarında qalmağı nəsib etməsin. Möhtərəm Prezidentimizə çox təşəkkür edirik”.
Xanlar Əliyev (məhbus Əmrah Əlizadənin atası): “Allah cənab Prezidentimizin canını sağ eləsin. Həqiqətən minnətdaram. Belə bir xəbəri heç gözləmirdim. Oğlum altı il dörd aydır ki, azadlıqdan məhrum idi. İki il səkkiz ay cəza müddəti qalmışdı. Axır ki oğluma qovuşdum”.