“Son zamanlar yaxınını itirənlər ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı çətinliklərlə üzləşirlər. Ölüm haqqında tibbi şəhadətnamənin tərtibi və təqdim edilməsi proseduru Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin Sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, həmin Qaydanın 4.2-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni müvafiq olaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən tibb müəssisələri və ya patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir: “Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir.
Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.
Ölümün başvermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.
Əgər ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilir.
Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək ( yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir”.
Ayşən Vəli