"Bakı Marafonu 2023" keçirilib - YENİLƏNİB - FOTOLAR

7 May 2023 12:27 (UTC+04:00)

Bu gün Bakıda Heydər Əliyev fondunun təşəbbüsü ilə altıncı "Bakı Marafonu" keçirilib. Mayın 7- i keçirilən yarışda düz 19500 nəfər qeydiyyatdan keçib. SİA xəbər verir ki, finiş xəttini keçən ilk 2000 iştirakçıya medal təqdim olunacaq.

Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı xarici qonaqlar, atletlər də iştirak ediblər. Bununla yanaşı Qarabağ qaziləri, vətən müharibəsi şəhidlərinin ailə üzvləri də "start" xəttində öz yerlərini alıblar. Yarışda ilkin start Qarabağ qaziləri, fiziki məhdudiyyətli şəxslər üçün verilib. Yüksək səviyyədə təşkil olunmuş yarışda bir sıra məşhurlar, dövlət xadimləri də fəxri qonaq qismində iştirak ediblər. Yarış başlamazdan öncə qazilərimiz meydana dəvət olunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fiziki məhdudiyyətli iştirakçılar üçün xüsusilə dizayn olunmuş arabalarda yarışan yarışçılar böyük səbrsizliklə startın verilməsini gözləyiblər.

2016- cı ildən etibarən keçirilən yarış gəncləri idmana, sağlam həyata sövq etmək məqsədi daşıyır. Yarışın start meydanında bir çox tanınmış şirkətin stendləri qurulub.

Startdan öncə əyləncəli musiqi şousu təqdim olunub. Xalq artisti Aygün Kazımova da səhnədən iştirakçıları salamlayıb, onlara stimul verib.

Qeyd edək ki, yarışda ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar yarışıblar. Xarici iştirakçılar yarışın yüksək səviyyədə keçirilməsindən, yaradılan imkanlardan ağız dolusu danışıblar.

Start verildikdə izdihamın şiddətiylə yellənən Bakı bulvarında yarışçılar böyük gurultu ilə yarışa başlayıb.

Bakı küçələri ilə yarışan yarışmaçılar birincilik uğrunda mübarizə aparıb. Fiziki məhdudiyyətli yarışçıların əzmlə, həvəslə yarışda iştirakı diqqətçəkən məqamlardan biri olub. Yol boyu iştirakçıların maye tələbatını qarşılamaq üçün su məntəqələri yerləşdirilib.

Yarışçıların sözlərinə görə hələ Bakıda bu qədər yüksək səviyyədə bir marafon yarışı keçirilməyib.

Fazil Hənifəyev