Təhsili olmayan bağça müəllimləri kütləvi ixtisar ediləcək? - MÜTƏXƏSSİS AÇIQLADI

5 May 2023 15:55 (UTC+04:00)

"Ümumi baxça müəllimlərinin kütləvi ixtisar olunması ilə bağlı bir qərar yoxdur. Sadəcə olaraq, qeyri-ixtisas sahiblərinə (hansı ki pedaqoji yönümlü deyil, və yaxud da konkret olaraq təhsil haqqında qanunvericiliyin tələbi əsasında məktəbəqədər təlim-tərbiyə ixtisası üzrə ali və yaxud da orta-ixtisas təhsili almayan şəxslər) tədricən ümumi sertifikasiya prosesi keçirilməsi və müsabiqədən keçə bilməyənlərin artıq prosesdən kənarda qalması düşünülür. Yəni, bu hələ ki indi yox, bir müddət sonra atılacaq addımdır. Amma hal-hazırda bu istiqamətdə Elm və Təhsil Nazirliyi müvafiq olaraq iş aparır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Elçin Əfəndi sözlərinə belə davam edib: "Bilirsiniz ki, 2011-2021-ci illər ərzində bu istiqamət yalnız yerli icra hakimiyyəti orqanlarının tabeliyində idi. 2021-ci ilin dekabr ayında dövlət başçısının müvafiq sərəncamı əsasında Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi və 2022-ci ilin yanvar ayından etibarən isə məhz Elm və Təhsil Nazirliyi bütün prosesi ələ aldı.

Hal-hazırda elektron qaydada ilk dəfə bağçalarla uşaqların qeydiyyatı aparıldı. Eyni zamanda qarşıdakı dövr ərzində müəllimlərin işə qəbulunun elektron qaydada müraciətlərin qeydə alınması aparılacaq. Həmçinin, imtahanların təşkil olunub keçirilməsi nəzərdə tutulur.

Tədricən bu prosesdə məhz qeyri-pedaqoji ixtisasları olan şəxslərin və ümumiyyətlə təhsil haqqında qanunvericiliyin, eyni zamanda məktəbəqədər təhsil haqqında həm qanunvericiliyin, həm də nizamnamənin tələblərinin qorunub saxlanılması məqsədilə məhz ixtisas sahiblərinin prosesdə saxlanılması nəzərdə tutulur.

Nəzərə alsaq ki, bugün 16 min müəllim çalışır və onların içərisində təxminən 6 min nəfərə yaxını demək olar ki, qeyri-ixtisas sahibləri və yaxud ümumiyyətlə fərqli-fərqli sahələrin şəxsləridir. Hardasa 800 nəfərə yaxını ümumiyyətlə nə orta ixtisas, nə ali təhsil, tam və yaxud da orta ümumtəhsil müəssisəsini bitirməsi haqqında heç bir məlumat yoxdur. Təhsil sənədi yoxdur. Bu kimi qeyri-leqal fəaliyyətlər mütləq aradan qaldırılmalıdır".

Ayşən Vəli