Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Ədliyyə Nazirliyi Səadət Sarayının (Bakı nikah evinin) müdiri İradə İsgəndərovanın “Ümummilli Lider Heydər Əliyev milli hüquq sistemimizin banisi kimi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinə görə bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Azərbaycan Prezidentinin Sərəncamı ilə dahi öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderin əziz xatirəsinə əbədi ehtiramın təzahürüdür. Müasir Azərbaycan tarixinin ən çətin dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcək.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət və müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə xilaskar qаyıdışındаn sonra ölkəmizdə qanunun aliliyi təmin olundu, vətəndaşlаrın hüquq və azadlıqlarının dövlət tərəfindən qorunması mühüm prinsip elan edildi, bu ali məqsədlərin reallaşmasına yönəlmiş çoxşaxəli tədbirlər həyata keçirildi. Bu tədbirlər sisteminin əsasında 1995-ci ildə qəbul edilmiş, Ümummilli Liderimiz Heydər Əliyevin şаh əsəri оlаn Azərbaycan Respublikasının ilk milli Konstitusiyası dаyаnır. Zəngin dövlətçilik təcrübəsinə malik böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etdi. Beləliklə, görkəmli dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində görülmüş işlər dövlət və cəmiyyəti əhatə etdi və ölkəmizdə hüquqi sistemi kökündən dəyişdi. Həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun özünü doğrultdu.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı və ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Ulu Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq müəyyənləşdirən zaman milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırladı, köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan verdi.
Ümummilli Lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin insan hüquqlarının etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının Ədliyyə Nazirliyinin yeni əsasnaməsini təsdiq etməsi ilə onun cəmiyyətdə mühüm rolu təsbit edildi, ona hüquq mühafizə orqanı statusu verildi, ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında mühüm təkan oldu. Məhz Ümummilli Liderimizin başladığı islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilib, onun təməlini qoyduğu hüquqi islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Hazırda ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, milli dövlətçiliyimizin gücləndirilməsi, mütərəqqi hüquq islahatlarının aparılması, o cümlədən ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ədliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə innovativ həllərin tətbiqi üzrə ardıcıl tədbirlər davam etdirilir. İslahatların bu mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın və etimadın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının daha da asanlaşdırılmasıdır. İslahatlar, həmçinin hüquq sisteminin təkmilləşdirilməsi, əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlib.
Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması sahəsidir. Qeyd etdiyimiz təkmilləşdirmə, müasir texnologiyaların tətbiqi, hüquqi və innovativ islahatlar bu sahəyə də tətbiq edilib. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” dövlətimizin başçısının 2020-ci ilin sentyabrında imzaladığı Fərmanından irəli gələrək uzaq kənd və qəsəbələrdə fəaliyyət göstərən yerli icra nümayəndəlikləri nazirliyin informasiya sistemlərinə qoşularaq qeydiyyatın həmin sistem vasitəsilə həyata keçirilməsi təmin edilib. Bununla əlaqədar 2021-ci il dekabrın 27-də Ailə Məcəlləsinə dəyişiklik edilib və qısa müddətdə doğumun, atalığın müəyyənləşdirilməsinin, eləcə də ölümün elektron qaydada dövlət qeydiyyatının həyata keçirilməsi və bununla bağlı elektron şəhadətnamələrin verilməsi həyata keçirilib. Eyni zamanda, respublikanın xaricdəki konsulluqlarının nazirliyin informasiya resurslarına qoşulması nəticəsində ədliyyə xidmətlərindən ölkə hüdudlarından kənarda da yararlanmaq imkanı yaradılıb.
Bu gün Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) orqanları tərəfindən əksər xidmətlər məhz elektron formada göstərilir. Bu isə öz növbəsində bir çox rəsmi xidmətləri asanlaşdırmaqla, eyni zamanda, dövlət orqanlarının işini şəffaf və açıq şəkildə həyata keçirmələrinə imkan yaradır. Ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması notariat və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı əməliyyatların çoxalmasına səbəb olub. Əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının artması xüsusilə vurğulanmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar və siyasət bütün sahələrdə müsbət nəticəsini verməkdədir. Ölkədə bütün sahələrdə reallaşdırılan islahatların təzahürü olaraq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoydu. İşğal dövründə tamamilə dağıdılan və minalanmış ərazilərimizdə hazırda dövlətimizin başçısının rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımız dövlətimizin öz gücü hesabına sürətlə bərpa olunur. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə mühüm layihələr gerçəkləşdirilir, qədim abidələrimiz, mədəni irsimiz bərpa edilir. Bütün bunlar dövlətimizin dünyada iqtisadi qüdrətini nümayiş etdirir.
Beləliklə, Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış və bu gün də uğurla davam etdirilən siyasət Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir. Ədliyyə Nazirliyi hazırda dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib. İldən-ilə ölkəmizdə reallaşdırılan hüquqi islahatlarda biz ədliyyə işçilərinin də fəal iştirak etməsi qürurverici hal olmaqla, hər birimizdə sonsuz fərəh hissi yaradır. İnanırıq ki, işğaldan azad olunmuş ərazilərimizdə tezliklə infrastruktur bərpa olunduqdan və soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra həmin torpaqlarda yeni yaradılan məhkəmə və ədliyyə qurumlarımız uğurla fəaliyyətə başlayacaq.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ədliyyə orqanlarında da geniş qeyd edilir, silsilə tədbirlər təşkil olunur, dəyirmi masalar və digər kütləvi tədbirlər keçirilir. Bu gün tam əsasla deyə bilərik ki, Ulu Öndərimizin ümummilli və ümumbəşəri ideyaları daim xalqımızın, millətimizin yoluna işıq saçacaq və müstəqil dövlətimizin daha da güclənməsində böyük rol oynayacaq.