Bakıda “Moskva Günləri”

4 May 2023 21:06 (UTC+04:00)

Bakıda “Moskva Günləri” çərçivəsində Azərbaycanın paytaxtındakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat üzrə Parlament turniri keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin açılışında çıxış edən qonaqlar qeyd ediblər ki, tədbirin görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması xüsusi əhəmiyyət kəsb edir. Onlar bildiriblər ki, Heydər Əliyev həm Sovet İttifaqı, həm də müasir Azərbaycanın demək olar ki, bütün həyat sahələrinə çox böyük təsir göstərib. Natiqlər vurğulayıblar ki, Dahi Öndərin anadan olmasının 100 illiyi həm ölkədə, həm də onun hüdudlarından kənarda geniş qeyd olunur.

Oyun FIDE qaydalarına uyğun olaraq blits-turnir rejimində beş raundda keçirilib, hər bir oyunçuya gediş üçün cəmi beş dəqiqə vaxt verilib.

Turnirdə Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının sədri Mixail Zabelin, Azərbaycan Parlamentinin deputatı Əminə Ağazadə, Milli Məclisin beynəlxalq münasibətlər şöbəsinin protokol sektorunun müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin kuratoru İlqar Nəbiyev, Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov, Moskva Şəhər Dumasının deputatı, “Spravedlivaya Rossiya” siyasi partiya fraksiyasının rəhbəri Maqomet Yandiyev, onların rəqibləri olan gənc azərbaycanlı şahmatçılar iştirak edib.

Yoldaşlıq oyunu gənc istedadların inamlı qələbəsi ilə başa çatıb. Birinci yerə Adnan Əkbərzadə, ikinci yerə Murad Qaraisalı, üçüncü yerə isə Cəbrayıl Hüseynov layiq görülüb.

Tədbirin başa çatmasından sonra turnirin bütün iştirakçılarına mükafatlar və sertifikatlar təqdim olunub.