Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət

4 May 2023 16:28 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi bu dahi şəxsiyyəti dünya azərbaycanlılarının Liderinə çevirib. Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız ulu öndərimizin ən böyük əsəridir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur.

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə ölkədə həyat ritmi dəyişmiş, bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işlərinə start verilmişdir. Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar tikilmiş, nəhəng yaşayış massivləri salınmış, bir çox sosial layihələr həyata keçirilmişdi. Ulu öndər Heydər Əliyevin çoşqun fəaliyyəti sayəsində Azərbaycan istər sosial-iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında öncül mövqelərə çıxmışdı. Bu tarixi faktın özü bizim hazırkı müstəqilliyimizin 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən yaradılan iqtisadi və mənəvi potensialdan qaynaqlandığını göstərir. 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi. Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.

Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilib, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.

Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayıb. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Təsadüfi deyil ki, Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolunu ulu öndəri siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, Ümummilli Liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Elə Azərbaycanın dəhşətli, faciəli günləri də bundan sonra başlandı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edildi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də Ulu Öndər xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qayıtdı.

Ulu Öndər 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək görkəmli dövlət xadimi Heydər Əliyevi Ali Məclisin Sədri seçdi. Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nələrə qadir olduğunu bir daha təsdiq etdi.

Həmin illərdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir dövrdə xalqımız ümid yeri kimi Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı.

1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb. O dövrə nəzər salarkən baş verən hadisələrin xalqı, bütövlükdə, uçuruma sürüklədiyinin şahidi oluruq. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. 1993-cü ilin oktyabr ayının 3-də Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub.

Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümummilli lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artır. Bu gün Azərbaycan artıq Avrasiya məkanında həyata keçirilən irimiqyaslı transmilli layihələrin mühüm iştirakçısına, bir çox hallarda isə təşəbbüskarına çevrilmişdir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu getdikcə artmaqdadır. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Bu gün gücü, qüdrəti getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdi. «Heydər Əliyev İli»nin təsis edilməsi, həmçinin Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Qələbə isə Azərbaycanda Heydər Əliyev ideyalarının bu gün də yaşadığının, Heydər Əliyev siyasətinin bu gün də uğurla davam etdirildiyinin ən bariz göstərisidir.

Rüfət Əhmədov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri