Sağlam və uzun ömür arzulayanların, ideal çəkiyə çatmaq istəyənlərin qazanacağı əsas həyat vərdişi nizamlı idmandır. Lakin idmanla məşğul olmaq üçün xüsusən də şəhərdə təbii mühit tapmaq çətindir. Bu baxımdan idman zallarına inanılmaz tələbat var. Artıq demək olar ki, hər küncdə kiçik və böyük idman zalı var. Bəs, bu idman zalları arasında necə seçim etməliyik və hansı idman zalına üzv olacağımızı necə müəyyənləşdirməliyik?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
İdman zalı evinizə və ya iş yerinizə yaxın olmalıdır
Xüsusən buna öyrəşməyən insanlar üçün mütəmadi olaraq idmanla məşğul olmaq və hər gün idman zalına getmək ilk vaxtlar çox çətin, hətta işgəncə kimi gələ bilər. Bunu nəzərə alaraq, işinizə və ya evinizə yaxın olan idman zalı seçməlisiniz.
İdman zalının qiymətinin büdcənizə uyğun olması vacibdir
İdman zallarının təxminən 60-70%-i fiziki təchizat baxımından bir-birinə yaxındır. Bu səbəbdən idman zalına sırf daha yüksək səviyyəli bir küçədə olduğuna, dəbli adı olduğuna və ya heç vaxt istifadə etməyəcəyiniz bir neçə gözəl trenajora sahib olduğuna görə 2-3 dəfə çox pul xərcləməyin. Unutmayın ki, çox imkanlı deyilsinizsə, büdcənizi aşan idman zalında uzun müddət qalma ehtimalınız da azdır.
Normal insanların üz tutduğu zalları seçin
Mütəmadi olaraq gedəcəyiniz və hər gün 1-1,5 saat vaxt sərf edəcəyiniz idman zalında necə insanların olması vacibdir. İdman xüsusilə motivasiyalı və həvəslə etməli olduğunuz bir fəaliyyət olduğundan profilinizə yaxın insanlarla eyni mühitdə olmağa diqqət edin.
İdman zalı sizə əlavə imkanlar təklif etməlidir
İdman zalı yalnız bir neçə idman avadanlığı olan qapalı məkan demək deyil. Sizi idmana həvəsləndirəcək və enerjinizi artıracaq əlavə imkanlara nəzər salın. Məsələn, idmanla bağlı təlimat, psixoloji məsləhət, qidalanma məsləhəti, masaj, sauna xidmətləri də olsa yaxşı olar.
İdman zalının iş saatlarına diqqət yetirin
Gərgin iş rejiminizdə bəzən gec saatlarına qədər işləyirik. Bəzən isə bayram günlərində idmanla məşğul olmaq istəyə bilərsiniz. Bu baxımdan idman zalının hər gün açıq olması və işdən sonra bir az dincələ biləcəyiniz saatlarda açıq olması vacibdir. Onsuz da həftədə ən az 6 saat işləyirsiniz, bu yorğunluğu aradan qaldırmaq üçün vaxt ayırmaq və getdiyiniz salonun bağlı olduğunu görmək motivasiyanızı azalda bilər.
Zal sizə xüsusi məşq imkanları və təlimatlar təklif etməlidir
İdmanla necə düzgün və effektiv məşğul olmağı bilirsinizsə, yəqin ki, artıq öz məşq proqramınızı hazırlayırsınız. Ancaq idmana yeni başlamışsınızsa və idman zalı seçməyə çalışırsınızsa, o zaman idman zalında məşqçilərin və idman akademiklərinin profili böyük əhəmiyyət kəsb edir. İdmana olan marağınızı, motivasiyanızı və potensialınızı tam qiymətləndirə bilməniz üçün mütləq məsləhətçiyə ehtiyacınız olacaq.
İdman zalı üçün qeydiyyatdan keçməzdən əvvəl, məşqçilərlə görüşün və sizə rəhbərlik edəcək şəxsə tələblərinizi açıq şəkildə bildirin. Bütün bunlar üçün təcrübəli məşqçilər və məsləhətçilər olan idman zalları seçin.
Əgər çox gənc yaşlarından idmanla məşğul olan bir insan deyilsinizsə və sadəcə idmanla tanış olacaqsınızsa, idman sizin üçün xoş bir fəaliyyət olmaya bilər. Bu baxımdan idman zalının qrup fəaliyyətləri ilə yanaşı, fərdi məşq proqramlarını da əhatə etməsi vacibdir.
İdman zalı əyləncəli fəaliyyətlər və imkanlar təklif etməlidir
İdman salonlarında idmanı sizin üçün daha zövqlü edəcək əlavə imkanlar olmalıdır. Bu baxımdan istifadə etdiyiniz alətlər rəqəmsal ekrana sahib olsa, musiqi dinləyərək və sevdiyiniz seriallara baxaraq idman edirsinizsə, daha çox motivasiya olacaqsınız. İdmanı əyləncəli etmək lazımdır.
Gigiyena vacibdir
Müxtəlif insanlar idman zalı və içəridəki avadanlıqlardan istifadə edirlər. Bu baxımdan avadanlıqları, döşəməni, qapını, pəncərəni və doğrudan da bütün idman zalını mütəmadi çox vacibdir.
Havalandırma sisteminə və kondisionerə diqqət yetirin
Yaxşı havalandırma sistemi, bir çox insanın böyük səy göstərdiyi və eyni zamanda çox tərlədiyi idman zallarında sağlam mühit üçün əsas şərtlərdən biridir. Əks halda xəstəliklər qaçılmaz olacaq. Ancaq bu havalandırma sistemi salonda tərləyən idmançıları soyuq və xəstə etməyəcək bir profildə hazırlanmalıdır. İdman zalının kondisioneri yüksək sürətlə işləməməli, idman birbaşa kondisionerin qarşısında edilməməli, kondisionerin filtri mütəmadi olaraq təmizlənməlidir. Bu, idman edərkən bədəni gücləndirmək və xəstəliyə səbəb olan zərərli birləşmələri çıxarmaq yoludur.
İdman avadanlıqlarının keyfiyyəti və çeşidi çox vacibdir
İdman zalına üzv olmamışdan əvvəl sizə internetdən və ya bu barədə məlumatlı olan dostunuzdan məlumat almanızı məsləhət görülür.Çünki zaldakı avadanlıqların keyfiyyəti və ehtiyaclarınızı ödəyə biləcək müxtəliflik önəmlidir. Məsələn, hər növ çəki avadanlıqları, gəzinti və qaçış yollarının iş qabiliyyəti, bədənin bütün əzələlərini məşq etməyə uyğun avadanlıqlar həmin idman zalını seçmək üçün fərqləndirici səbəblərdir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə: "Bir neçə gün bundan öncə 2016-cı il təvəllüdlü Fərid Bakarovun sambo idman növü üzrə keçirilən məşq zamanı ölümü bütün Azərbaycan cəmiyyətini həm kədərləndirib, həm də hiddətləndirib. Müxtəlif sahələrdə nəzarət zəif olduqda, boşluqlar olduqda bu cür acı hadisələrin yaşanması da təbiidir. Çox təəssüf edirəm.
İlk öncə, məndə olan məlumata görə, bu cür məşqçilərin məşqçilik fəaliyyəti ilə məşğul olması üçün sertifikatı olmalıdır. Onlara zalları verən müəssisələrin rəhbərləri bu sertifikatlara uyğun addım atmalıdırlar. Eyni zamanda, həmin idman zallarında qanuna zidd hərəkətlərin olub-olmamasını bilmək üçün videokameralar quraşdırılmalıdır. Mən demirəm ki, kimsə oturub bütün günü kameraların arxasında zalı izləsin. Amma bütün hallarda kameraların olması vacibdir ki, hadisənin necə baş verdiyini bilək.
Çox şübhəsiz ki, hadisəni törədən şəxs layiqli cəzasını alacaq. İnsanlığa sığmayan hərəkətlər olunub. Bu adamın psixi yaxud da digər problemlərinin olması müşahidə olunur. O hərəkətləri ilə vəhşi obrazı yaradan məşqçiyə oxşuyur.
Hesab edirəm ki, qanunlarda müəyyən boşluqlar varsa, bu mütləq tənzimlənməlidir. Bu cür şəxslərə hansı hallarda lisenziya verilməsi, onlara sağlamlıq durumları ilə bağlı arayışlar neçə aydan bir verilməlidir kimi məsələlər tənzimlənməlidir. Çünki bir tibbi arayış alıb 10 il onunla fəaliyyət göstərmək mümkün deyil.
İndi hər küncdə bir idman zalı açılır. Bu məsələlər ciddi nəzarətə götürülməlidir.
Mən öldürülən günahsız körpənin valideynlərinə başsağlığı verirəm. Onun yeri cənnətdir. Həssas insanlar bu görütülərə baxıb çox üzülürlər".
MMA məşqçisi, "TT Fight" döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasov: "Ümumiyyətlə, fitnes və idman zalları iki hissəyə bölünür. Biri var ki, trenajorlu fitnes zalları, biri də var olimpik və qeyri-olimpiya idman növlərinin zalları.
Olimpiya idman növlərinin və qeyri-olimpiya idman növlərinin hamısı Gənclər və İdman Nazirliyinin tabeliyindədir. Hesabatı da ora verirlər.
Fitnes zalları isə fərdi insanların tabeliyindədir. Onların işlədilmə qaydası tamamilə fərqlidir. Mənim bildiyim qədərilə respublikada bütün fitnes zallarında kamera sistemi var. Şəhərdə bizə aid dörd zal var ki, onlar fəaliyyətə başlayan gündən bəri kamera sistemi ilə təmin olunub.
Gənclər və İdman Nazirliyi federasiyalara nəzarət edə bilər. Onların psixoloji durumları haqqında da Gənclər və İdman Nazirliyi rəy verir.
Fitnes isə özəl sahədir. Burada problemlər də başqadır. Çünki fitnes zalları çalışır ki, müştərilər üçün yaxşı münasibət və qaşılanma təşkil olunsun. Bu da zalların özəl olmasından irəli gələn məsələdir. Bu zallarda müəyyən preparatlar verilir ki, bu idmançılar üçün ziyanlıdır və kim necə gəldi istifadə edir. Bu məsələnin qarşısı alınmalıdır.
Bir neçə gün bundan öncə 2016-cı il təvəllüdlü Fərid Bakarovun sambo idman növü üzrə keçirilən məşq zamanı ölümü çox üzücü bir hadisədir. Duyğuları olan hər bir insan buna üzülər. Mənim də övladım var və cüdo ilə məşğul olur. Bir anlıq gözümün önünə öz övladım gəldi. Cüdo olimpiya idman növləri içərisində hətta deyərdim ki, ən yaxşısıdır. Çünki burada təlim-tərbiyə çox yüksək səviyyədədir. Burada nəzarət çox vacibdir".
"Blissland İdol GYM" zalının məşqçisi Simran Rəhmanov: "İlk öncə qeyd edim ki, fitnes fəaliyyəti hər kəsə örnək olmaqla sağlam qidalanmaq, zərərli vərdişlərdən əl çəkmək, steroidlərdən uzaq olmaq və sağlam düşüncə yaratmaqla olmalıdır.
Məşqçinin sağlamlığı və psixoloji durumu haqqında idman federasiyası rəy verməli və mütəmadi olaraq həmin idman müəllimi həkim nəzarəti altında yoxlanılmalıdır.
Zallarda videokameraların olması isə daha məqsədəuyğundur. Çünki bura insanların sıx olduğu yerdir və kamera da təhlükəsizlik üçün çox önəmlidir.
2016-cı il təvəllüdlü Fərid Bakarovun sambo idman növü üzrə keçirilən məşq zamanı ölümü ilə bağlı onu deyə bilərəm ki, idman müəlliminin psixoloji duurmunun yerində olmadığı aydın məsələdir. Çünki bir idman müəlliminin azyaşlı uşağa qarşı belə amansız davranması ağlasığan deyil. Son olaraq qeyd edim ki, bütün müəllimlər kimi idman müəllimi də gənclərə örnək olmalıdır".
Ayşən Vəli