"Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə yeni ideologiyanın əsası qoyuldu" - SƏDR DANIŞDI

4 May 2023 12:27 (UTC+04:00)

"Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atılmışdı. İnsan hüquq və azadlıqlarını, onların müdafiəsini özünün ali məqsədi elan etmiş dövləti tam müstəqil vəkillik institutu olmadan təsəvvür etmək qeyri-mümkündür". SİA xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: Tarix, zaman və nailiyyətlər” konfransında çıxışında səsləndirib.

O bildirib ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır: "Hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmışdı. Bununla da vəkilliyə konstitusion status verilmişdi".