"Bu gün Ulu Öndər Heydər Əliyevin məhkəmə sahəsində islahat siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhkəmə hakimiyyətinə öz töhfəsini verir. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı yeni Azərbaycanın yeni dövrünün məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edilən ciddi islahatların əsasını qoydu. Bu Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi". SİA xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: Tarix, zaman və nailiyyətlər” konfransında çıxışında deyib.
Sədr bildirib ki, bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqların aradan qaldırıldığını bildirən İnam Kərimov deyib: “Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikası dəyişdirildi. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildi. Məhkəmələrdə süründürməçiliyə səbəb ola biləcək halların qarşısının alınması üçün yeni metodlar tətbiq olundu. Məhkəmə icraatı təkmilləşdirildi".