Formula 1 Azərbaycan Qran Prisindən sonra yollar rekord sürətdə açılıb

3 May 2023 15:51 (UTC+04:00)

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sakinlərin rahatlığını düşünərək builki Formula 1 Azərbaycan Qran Prisi zamanı bağlanan prospekt və küçələri yarışdan sonra ötən illərlə müqayisədə ən sürətli şəkildə açaraq sakinlərin istifadəsinə verib. Bu barədə SİA-ya BŞH-dan məlumat verilib.

Belə ki, BŞH bu il yollarda söküntü və demontaj işlərini rekord sürətdə həyata keçirib. Yarışın bitməsindən dərhal sonra, operativ olaraq mərhələli şəkildə açılan yollar 3 gecəyə tamamilə tikinti-quraşdırma konstruksiyalarından təmizlənib.

Qeyd edək ki, bu il Bakı yarışı zamanı ilk dəfə olaraq sürücülərin və şəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə 24-29 aprel tarixlərində trekin əhatə etdiyi bəzi yollar səhər və axşam, nəqliyyatın sıx olduğu saatlarda əhalinin istifadəsinə verilib.

Xatırladaq ki, paytaxtımız artıq yeddinci dəfə bu mötəbər idman yarışına ev sahibliyi edib.