"Heydər Əliyev zamandan uca bir insandır" - DEPUTAT DANIŞDI

3 May 2023 11:50 (UTC+04:00)

"Ümummilli Lider Heydər Əliyev zamandan uca bir insandır. O, zamana sığmır. Bu söz fiziki mənada mümkün deyil. Hamımız zamanın diktəsi altındayıq. Lakin elə insanlar var ki onlar zamana diqtə edirlər. Heydər Əliyev belə bir insandır. Heydər Əliyev nəinki bizim üçün, bütün dünya üçün əvəzsiz liderdir. Heydər Əliyevin dövlət təhlukəsizlik orqanlarında işlədiyi dönəmlərdən danışmaq istəyirəm. Heydər Əliyev dahiyanə, istedadlı, qeyri adi bir insan idi". SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin akademiyasında "Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi-idarəçilik və varislik fəlsəfəsinin təbliği" mövzusunda keçirilən tədbirdə Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov çıxışında deyib.

Deputat bildirib ki, Ulu Öndər təhlükəsizlik orqanlarında işləyərkən sanki azərbaycanın müstəqilliyini qabaqcadan bilirdi görürdü: "Bizə 44 günlük müharibədə stimul verən, əsgərlərimizə bu çətin və müqəddəs yolda addımlamağa güc verən məhz Heydər Əliyevin qoyduğu yoldur.

Heydər Əliyev harda, necə, nə zaman xalqa xidmət etməli olduğunu çox gözəl bilirdi. Heydər Əliyevin fəaliyyətləri, ölkəmizə etdiyi xidmətlər saymaqla bitmir. Naxçıvanın adından sovet sözünü çıxardır, Azərbaycan xalqının düşmənlərini susdurur, xain hakimiyyətin bütün ünsürlərini məhv edir. Heydər Əliyevin heç vaxt hakimiyyətdə gözü olmayıb. Sadəcə xalqının dar günündə onu tək qoymaq istəməyib. 90-cı illərdə ziyalı təbəqə Heydər Əliyevi partiya rəhbəri olmağa razı salır. Bu da "Səs" qəzetində çap olunur. Heydər Əliyevin gəlməsi Azərbaycandaki qarışıqlığa, xaotik vəziyyətə kəskin şəkildə son qoydu. Onun "Türkçülük, Turançılıq, Müsəlmançılıq" ideyası bizi 44 günlük müharibədə qalib etdi"- Sadiq Qurbanov çıxışında qeyd edib.

O, daha sonra özünün "Zamana sığmayan lider" kitabından danışıb: "Kitabın fəsilləri üç dahi şəxsiyyətin, Heydər Əliyev, onun mənəvi, siyasi varisi İlham Əliyev, Azərbaycanın birinci xanımı, xalqımıza müstəsna xidmət göstərən Mehriban Əliyeva haqqındadır. Mən bir daha təşəkkür edirəm bu kitabı belə məkanda, belə insanların qarşısında təqdim edə bildiyim üçün"- deyə çıxışını bitirib.