Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı və İmişli Regional Ədliyyə İdarəsinin birgə təşkilatçılığı ilə İmişli rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. SİA xəbər verir ki, ekskursiyada YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov, İmişli rayon Məhkəməsinin hakimi Telman Quliyev, İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Samir Osmanov, İmişli rayon Qeydiyyat şöbəsinin rəisi Səfa Baxış və əməkdaşlar iştirak ediblər.
İlk öncə Ulu öndər Heydər Əliyevin mərkəzin binasındakı büstü qarşısına gül dəstələri qoyulub.
İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova ziyarətçilərə Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Ziyarətçilərə Ulu Öndərin zəngin dövlətcilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verilib. Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunan film nümayiş olunub.
Ekskursiyanın sonunda təşkil olunan tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, çoxəsrlik dövlətçilik tariximizdə dahi şəxsiyyət Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır. Dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan bu böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi. Azərbaycanın 34 illik dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Çıxış edən İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev dünyanın nadir insanlarından olmaqla hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi.
Digər çıxış edənlər vurğulayıblar ki, Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır.