Rada rəsmi olaraq iş prosesinə “raşizm” ifadəsini daxil edib, lakin...

3 May 2023 00:01 (UTC+04:00)

Ukrayna Ali Radası rəsmi olaraq iş prosesinə “raşizm” ifadəsini daxil edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 2-də xalq deputatı Aleksey Qonçarenko özünün Teleqram səhifəsində məlumat verib.

Ukrayna deputatları millətçilərin işlətdiyi “raşizm” ifadəsini rəsmən tanıyıb və onu “Rusiyanın dövlət ideologiyası” adlandırıblar. Sənədin qəbuluna 281 deputat səs verib.
“Ali Rada rəsmi olaraq “raşizmi” Rusiyanın dövlət ideologiyası kimi tanıyıb və BMT, Aİ və demokratik ölkələrin hökumətlərini “raşizm” siyasətinin pislənməsini dəstəkləməyə çağırıb”, - Qonçarenko yazıb.

Müvafiq bəyanat Ukrayna Ali Radasının saytında dərc olunub. Orada bildirilir ki, “raşizm” dedikdə Rusiya Federasiyasında yaranmış rejimin əsasında duran totalitar ideologiya və təcrübənin yeni çeşidi nəzərdə tutulur.

Bundan əlavə, sənəddə “raşizm əlamətləri” də göstərilir. Xüsusilə, ukraynalı parlamentarilərin fikrincə, bu, rus dili və mədəniyyətinin yayılması, Rus Pravoslav Kilsəsi, Rusiya KİV-ləri və s.dir.

Ağasəf Babayev