"Qədirbilən Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq" - KOMİTƏ SƏDRİ

2 May 2023 12:09 (UTC+04:00)

"Bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında – sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə əldə olunan nailiyyətlər və hazırkı reallıqlar Heydər Əliyev yolunun Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil etdiyini bir daha təsdiqləyir". SİA xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsinin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə komitə sədri, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O qeyd edib ki, fenomenal şəxsiyyətin layiqli siyasi varisi olan Prezident İlham Əliyevin milli maraqlara, müasir tendensiyalara əsaslanan, tərəqqi və Zəfərə hədəflənən strateji kursu nəticəsində ölkənin iqtisadi sisteminin güclənməsi, maliyyə imkanlarının genişlənməsi, strateji valyuta ehtiyatlarının artması, əhalinin rifahının yüksəlməsi, müasir ordu quruculuğuna nail olunması, ölkənin dünya miqyasında reputasiyasının möhkəmlənməsi, bölgənin güc mərkəzinə - regional liderə çevrilməsi və digər mühüm nailiyyətlər çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycanı reallığını mümkün etmişdir: "30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarımızın ikili standartlara, mürəkkəb beynəlxalq şəraitdə qərəzli geopolitik oyunlara, ədalətsiz və mürtəce yanaşmalara rəğmən, Prezident İlham Əliyevin komandanlığı ilə dövlətimizin qüdrəti və xalqımızın iradəsi nəticəsində düşmən tapdağından azad edilməsi Heydər Əliyev siyasətinin möhtəşəm təntənəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, uzun illər hərbi-siyasi əsarətdə qalan tarixi yurd-yerlərimizdə həyatın canlanması, milli ruhunu itirməyən xalqımızın çoxillik arzusu olan Böyük Qayıdışın sürətlə və layiqli şəkildə həyata keçirilməsi Heydər Əliyev ideyaları əsasında zirvələr fəth edən Azərbaycanın daha bir şanlı uğuru və əzəmətli tarixi gerçəkliyidir".

Tahir Budaqov sözlərinə davam edərək bildirib ki, bütün bu nailiyyətlərə, müasir, qalib və qüdrətli Azərbaycan reallığına görə Ulu Öndərimizə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə borclu və minnətdarıq: "Qədirbilən Azərbaycan xalqı müstəqil dövlətimizin banisi, yeni və müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq, Onun əbədiyaşar ideyalarına dərin hörmət, böyük ehtiram və yüksək sədaqət nümayiş etdirəcəkdir".