Yaşadığımız zamanın müxtəlif zaman kəsiklərində aslanqeyrətlilərlə də, tülküqeyrətlilərlə də dəfələrlə rastlaşmışıq. Qonşuluqda, bir az ondan o tərəfdə, bir qədər ondan uzaqda çox rastlaşmışıq. Lakin İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında aslanın da, tülkünün də tam başqa mənzərəsi ilə qarşılaşdıq. Gördük ki, həqiqətən də Azərbaycana məxsus deyimdəki kimi, aslanın dişisi, erkəyi olmaz. Bunu türk idmançı qızların simasında, türk bayrağını göylərə qaldırmalarında, Milli Marşı səsləndirmələrində gördük. Və onu da gördük ki, tülkü tülkülüyündə qalır. Bunu isə bayrağımızı yandıran erməninin simasında gördük.
Türkiyəli idmançı- aslanqeyrətli qızlar Azərbaycana qarşı bu mənzərədən təsirləndilər, qələbələrini Azərbaycana həsr etdilər. Orada-Ermənistanda isə bayrağımızı yandıran tülküqeyrətliyə, gözün üstə qaşın var, deyən olmadi. Bu, ümumilikdə aslanqeyrətli, tülküqeyrətli məsələsini ortaya qoymurmu?
Əlbəttə qoyur. Türkün aslanqeyrətli qızlarının qeyrətini ortaya qoyur, erməninsə tülküqeyrətli bayraq yandıranının.
Əslində qarşılaşdığımız mənzərə o qədər də gözlənilməz deyildi. Çünki biz ermənilərin nələrini görməmişik... Bir də o mənada gözlənilən idi ki, torpaqlarımızdan it kimi qovulan, başına dəfələrlə dəmir yumruq endirilən erməni başqa cür hərəkət də edə bilməzdi. Dara düşəndə bütün xislətini tam mənası ilə ortaya qoyan qonşuluqdan kənar olmuşların bu dəfə tülkü qeyrəti nümayiş etdirmələri o qədər də təəccüb doğuran deyildi.
Yanırlar, ona görə də yandırırlar. Düzgün yanaşma deyilmi? Hələ çox yanacaqlar, elə olacaq ki, yandırmağa bir şey tapmayıb özlərini yandıracaqlar. Buna şübhə ola bilməz.
Yanmadılarmı? Aprelin 28-də ölkəmizin Prezidentinin İrəvanda qələbələrini Azərbaycana həsr etmiş idmançılarla görüşməsinə yanmadılarmı? Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr etdiklərinə görə “Tərəqqi” medalı ilə təltif edilmələri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı onları alovlandırmadımı? İki dövlətin bir millətinin uğurlarına, həm də bir-birinə dəstək olan uğurlarına bağırları çatlamadımı? Həmin görüşdə olan söhbətləri tülküxislətli və tülküqeyrətlilər hərf-hərf oxuyublar.
Cənab Prezidentin “Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq.
Sizin qələbənizin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmisiniz. Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmisiniz, gözəl gənclər, qardaş ölkənin nümayəndələri” cümlələri tülküqeyrətlilər üçün ölümdən betər olub.
Olsun da. Ona görə ki, yarış bitdi, hər kəs ölkəsinə qayıtdı. Lakin tarixin bir səhifəsinə aslanqeyrətlilərlə və tülküqeyrətlilərlə bağlı bir səhifə yazıldı. Hər zaman vərəqlənəcək və qiyməti veriləcək səhifə...
Mətanət Məmmədova