Bəs ermənilər niyə minaya düşmürlər? - HƏRBİ-EKPSERT DANIŞDI

1 May 2023 17:15 (UTC+04:00)

"Ermənilər soyqırım, terror, işğal, separatizm kimi beynəlxalq hüququ da ən ağır cinayətləri həyata keçirtməklə yanaşı qadağan olunmuş minalardan da istifadə edirlər. SSRİ zamanı ən böyük mina zavodlarından biri Ermənistan ərazisində tarixi Azərbaycan torpağı İrəvan şəhərində olub". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, orada yerləşən zavod vasitəsilə anbarlarda olan minaları gətirərək Qarabağ ərazisini çirkləndiriblər: "Özlərinin etiraf etdiyinə görə, təkcə Ağdam-Füzuli istiqamətində 97 min minanın xəritəsini vermişdilər ki, bunun da böyük bir hissəsi doğru deyildi. İlkin zamanlar yalandan minalanmış ərazinin xəritəsinin olmadığını bildirirdilər.

Bilirsiniz ki, mina ancaq peşəkarlar tərəfindən basdırıla bilər və xəritənin olmaması mümkünsüzdür. Minanı basdıran ölkənin öz hərbiçiləri minaya düşür. Bəs ermənilər niyə minaya düşmürlər və ya rus sülhməramlısı nəyə görə minaya düşmür? Lakin Azərbaycanın mülki və hərbi insanları minaya düşərək həlak olurlar. Minalar basdırılarkən üç xəritə tətbiq olunur. Bunlardan biri hərbi hissədə, biri birləşmədə digəri isə Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanılır. Minalar icazə ilə basdırılır.

Ermənilərin mina terror da davam edir. 2020-ci ilin 10 noyabr bəyanatından sonra 2021-ci ilin istehsal olunan minalarını da gətirib basdırırdılar. Beynəlxalq aləm buna heç bir reaksiya bildirmir. Azərbaycan dövləti ANAMA-nın fəaliyyətini genişləndirdi, səlahiyyətlərini artırdı. Həmçinin Müdafiə Nazirliyinin iki hərbi hissəsi yaradıldı, FHN, DSX və s. digər dövlət qurumlarımız da bu proseslə məşğuldur. Qısa zaman kəsiyində xeyli işlər görülüb. Təkcə mina təmizlənməyib, həmçinin işğaldan azad olunan ərazilərdə yenidənqurma işləri görülür, yollar çəkilir, hava limanları tikilir və s. Bütün bunların hamısı ölkə başçısının diqqəti və qayğısı nəticəsində olur. Ermənilər fikirləşirlər ki, azərbaycanlılar mina təmizlənməsini başa vurmayacaq və ya qorxub burdan çıxıb gedəcəklər. Lakin onlar mina terror ilə heçnəyə nail ola bilməyəcəklər. Azərbaycan xalqı öz ata-baba torpaqlarını cənnətə çevirir və yaxın zamanda da öz torpaqlarına geri dönəcək".