Orta yaşlı bir tanışımla söhbət əsnasında bir əhvalat nəql etmişdi, qızı ikinci övladını dünyaya gətirmək üçün doğum evinə gedəndə öz qızını nənəsinə-həmin tanışıma əmanət edib, 6 yaşlı nəvəsi iki gün ərzində “anne, fare” deyə qışqırıb, nənə “anne” qismini anlasa da, “fare” sözünü anlamayıb. Vəziyyət dəfələrlə təkrarlandıqdan sonra nənə başqalarından kömək istəyib və öyrənib ki, uşaq “siçan” deyə qışqırır. Sən demə, uşaq evdə siçan görübmüş. Siçanın azərbaycanca adını bilmədiyi üçün hər gün tamaşa elədiyi türk multfilmləri köməyinə çatıb.
Səbəbləri nədir?
Bu sətirlərimizi oxuyan əksər oxucumuz təsdiqləyəcək, uşaqlar getdikcə Türkiyə türkcəsində danışır, söhbət edir, mahnı oxuyur, sinifdə müəllimə dərs soruşanda elə türk dilində cavab verir. Evlərimizdə böyüyən uşaqlar gəlinciyinə “bebek”, divana “koltuk”, ev tapşırığına “ödev” deyir, qidaların, əşyaların adını azərbaycanca yox, türkcə bilir.
Bu vəziyyətin ilk səbəbi yerli telekanallarda milli cizgi filmlərinin demək olar ki, göstərilməməsidir. Dövlət televiziyasının arxivində yüzlərlə multfilmin olmasına baxmayaraq efirdə cəmi bir neçə adda cizgi filmi görürük. Halbuki, Azərbaycanda televiziyanın fəaliyyətindən, yəni 1956-cı ildən indiyə kimi yüzlərlə milli ruhda cizgi filmi lentə alınıb. Amma maraqlıdır ki, nədənsə bu cizgi filmlərinin əksəriyyəti efirdə nümayiş etdirilmir.
Əksər ailələrdə uşaqlar sərbəst şəkildə televizorda istədiyi telekanala baxa bilir, valideyn nəzarəti yoxdur. Ekspertlər hesab edir ki, bu doğru deyil, uşaqlara yalnız valideynin icazə verdiyi və əvvəlcədən təyin etdiyi cizgiləri izlətmək lazımdır. Fərqli dildə, fərqli mədəniyyəti ifadə edən cizgi filmlər onların alt şüurunda silinməz izlər buraxır və bu mütləq nəzarət altında olmalıdır.
Başqa bir səbəb də, bir çox valideyn sadaladığımız hallara diqqət etsə də, evdə övladına nəzarəti gücləndirsə də uşaq bağçasında, məktəbdə bu mümkün olmur. Həmyaşıdları ilə ünsiyyətdə olan uşaqlarda bəhs etdiyimiz problemlər yenidən baş qaldırır, “ekmek”, “muz”, “çikolota” kimi sözlər yenə gündəlik istifadə etdiyi sözlərə çevrilir.
“Tez təsir altına düşürük”
Dilçi alim Fəxrəddin İsmayılov deyir deyir ki, yad mədəniyyətlərə marağımız, onların yaşam tərzinə, adətlərinə, dillərinə ayaq uydurmağa çalışmağımız milli psixologiyamızda olan yarımçıqlıqla bağlıdır. Müsahibim deyir ki, bizim alt şüurumuzda sığınmaq istədiyimiz bir böyük qardaş, himayədar, qoruyucu olub: “Ərəbə, farsa, rusa, türkə - hamısına himayədar kimi baxmışıq, mədəniyyətlərini bizə aşılamağa izin vermişik, halbuki bizim bu millətlərin mədəniyyətindən daha güclü mədəniyyətimiz, dilimiz var. Türkiyə qardaş ölkədir, amma dilimiz ayrıdır.
Siz nə vaxtsa Azərbaycan dilində danışmağa bizim qədər həvəsli türk görmüsünüz? Onlar dillərinə hörmət edirlər. Azərbaycanda dramaturgiya, nəsr, ədəbi tənqid, opera olanda onların hansında vardı bu sadaladıqlarım? Bizim yeganə problemimiz odur ki, tez təsir altına düşürük, bizə asanlıqla yad mədəniyyəti sırıyıb özümüzünkündən imtina etdirə bilirlər. Türkiyəni sevə bilərik, amma bu sevgi öz dilimizə hörmətdən daha çox olmamalıdır”.
Alim deyir ki, dil məsələsi ən həssas nöqtədir, ona görə də uşaqların dil açdığı ilk gündən danışıqlarına maksimum diqqət edilməlidir: “İzlədikləri cizgi filmləri diqqətlə seçmək lazımdır, indi içində söyüş, jarqon olan multfilmlər də çəkilir, telekanallar belə şeylərə diqqət etmir, iş qalır valideynlərə. Uşaqlara dil öyrətmək olar, amma icazə verin əvvəlcə öz dillərini yaxşı öyrənsinlər, təməlləri sağlam olsun, sonra başqa dil öyrədin. Üstəlik, türk dilini öyrənib nə əldə edəcəklər? Onsuz da dillərimiz eyni dil qrupuna aiddir, bir-birimizi başa düşürük. Ondansa rus, ingilis, fransız, alman dilini öyrədin uşaqlara, gələcəkdə bir işlərinə yarasın”.
Müəllimə: “Çox əziyyət çəkirik”
Məktəbə yeni başlayan uşaqların nitqində problem olduğunu deyən pedaqoq Sevda Feyruzova deyir ki, birinci sinfə qəbul edilən uşaqların əksəriyyəti ilə işləmək çətin olur: “Siz təsəvvür edin, ilk günlər onların danışığında nə qədər fərqli dildə sözlər olur, əksəriyyəti türk dilində danışırlar. Hər dəfə birinci sinif götürəndə çox ciddi çətinlik yaşayıram, amma hazırkı sinfimdə çəkdiyim çətinlik qədər problemli sinfim olmamışdı, uşaqlar mənə müəllimə demək əvəzinə öyretmenim deyir, “ödev” deyirlər ev tapşırığına. Summativləri yazdıqdan sonra “karne vermeyecekmisiniz?” deyirlər.
Hələ bir şagirdim var, hər gün yaxınlaşır mənə, deyir öyretmenim, sən harikasın. Hər dəfə deyirəm Azərbaycan dilində de, öyrədirəm, sabah yenə eyni şey. Mən onların dilini düzəldə bilməsəm necə olacaq? Valideynlərə deyirəm azərbaycanca cizgi filmləri qoyun baxsın uşaqlar, deyirlər maraqları yoxdur. Başa salıram ki, olmaz, uşaqlarla işləmək çətin olur müəllimlərə, deyir neynim müəllimə, uşaq cizgi filmi istəyir, bizim telekanallar göstərmir, məcbur olub ya türkçə, ya ingiliscə, ya da rusca açırıq. Bir tərəfdən onlar da haqlıdır, bizim öz dilimizdə efirdə çox az cizgi filmi göstərilir”.
Tərcüməçi Leyla İsgəndərova isə deyir ki, Azərbaycan dili ilə türk dilini bir-birindən fərqləndirən sonluqlar var: “Tutaq ki, onlar “gəliyorum”, “gidiyorum” deyir, bu sonluqlu sözlər bizim dilə yaddır, heç vaxt işlətməmişik, məhz bu tip sözlərin bizim dilimizə daxil olması problem yaradır. Axı bizim öz dilimizin istifadəyə ehtiyacı var, istifadə edilməsə sonu necə olacaq? Ölü dillər siyahısına düşməzmi? Öz dilimizi bilməyən o qədər azərbaycanlı var ki. Onların əksəriyyəti də yeniyetmələrdir, yəni o cizgi filmləri ilə böyüyən qisimdir. Ya rusca danışırlar, ya türkcə. Yenə rus sektorunda oxuyan uşaqlar rusca danışırsa başadüşüləndir, tədris dilləri odur, bəs azərbaycanca təhsil alan uşaqlar niyə türkcə danışır?
Bizim dillərimiz oxşardır, amma qətiyyən eyni deyil. Lazım bilinsə Türkiyə türkcəsi ölkəmizdə ayrıca dil predmeti kimi tədris oluna bilər, necə ki, rus dili, ingilis dili tədris olunur, türk dili də elə. Demək ki, lazım bilinmir. Mən türk dilindən material çevirəndə çox yoruluram, dillərində o qədər alınma söz var ki, hər söz də öz dilində fərqli məna daşıyır. Adicə, Osmanlı dövrünün türkçəsi ilə Türkiyə Cümhuriyyətinin türkçəsi arasında yerlə-göy qədər fərq var. Osmanlı türkçəsi daha çox Azərbaycan dilinə yaxın idi. Ona görə də müasir türk xalqı Osmanlı türkçəsini yaxşı başa düşmür”.
Rus bölməsinə türkcə danışan uşaqlar gətirirlər
Bağça pedaqoqu Qənirə Məmmədova da eyni problemdən şikayətlənir: “Mən rus bölməsində işləyirəm, təsəvvür edin ki, rus bölməsinə gətirilən uşaqlar nə azərbaycanca, nə də rusca danışır, bütün günü türk dilində sözlər işlədirlər. “Ekmeyime yağ surermisin”, “tuvaletimi yapdım”, “öyretmenim, çayıma kaç şeker atdın?” kimi cümlələr qururlar. Bəzən biz də anlamırıq qurduqları cümlələri, bağçada olduqları müddətdə rus dilində danışmalarına çalışırıq, amma çox çətin olur, çünki evə gedən kimi yenə türk cizgilərinə tamaşa edirlər. Əgər türk dilini öyrətmək istəyirlərsə, niyə rus bölməsinə qoyurlar uşağı? Yox, əgər rus dilini öyrətmək istəyirlərsə, onda türk kanallarına baxmağı qadağan eləmək lazımdır.
Dil insan zəkasında böyük gücə malik faktordur, uşaq beyni ağ kağızdır, ilk nə yazsan o qalacaq. Bu ağ kağıza uşağın gələcək həyatında lazım olan dili yazmaq vacibdir. Siz də bilirsiniz ki, iş elanlarında rus, ingilis, alman, fransız və s. dillər tələb edilir, türk dili yox. Lap tələb edilsə belə, uşaqlara öz dilini öyrətmək lazımdır birinci”.
“Ata, nervileniyorum”
Problemin psixoloji yönləri ilə də maraqlandıq, müsahibimiz psixoloq Elnur Bəhramov deyir ki, uşaq əgər cizgi filminə baxırsa, orada həyatına nələrsə qatmaq istəyir: “Rast gəlmiş olarsınız, uşaqlar cizgidə gördükləri hərəkəti təkrarlayırlar, kinoda gördükləri formada oyun oynayırlar. Eləcə də dil məsələsi, qulaq nə eşidirsə dil onu deyir. Evdə yaşıdı olmayan uşaqlar bu problemlə daha çox üzləşir, çünki valideynlə dialoq qura bilmir, bütün günü televizora baxır, televizorda da türk dilində cizgilər izləyirsə o dildə danışır”
Müsahibimiz deyir ki, dil məsələsi bir qədər mübahisəli mövzudur: “ Bir pasiyentim vardı, 11 yaşlı qız uşağı idi. Aqressiv davranışlarına görə bir neçə seans etdik onunla. Uşaq öz dilimizdən çox rus və türk dilində danışırdı. Daha maraqlısı isə o idi ki, bu iki dili bir sözdə ifadə edirdi. Bir dəfə onu seansa gətirən atasına “ata, nervileniyorum mən burada” dedi. Ata güldü uşağın sözünə, amma onunla da söhbət etdik, başa saldım ki, bu gülməli deyil, ağlamalı problemdir. Çoxumuz uşağa rus, ingilis dilində cizgi filmləri, proqramlar izlədirik ki, dili öyrənsin. Bir peşəkar kimi deyə bilərəm ki, xarici dil öyrənmək baxımından bu yaxşıdır, amma öz dilini hələ yaxşı bilməyən körpələrin dil qüsurlarının ortaya çıxmasına səbəb olur. Türk dilində cizgi filmləri izləyən uşaqlarda bu qüsurlar çətinliklə aradan qaldırılır, çünki o türk dilini hər hansı xarici dil kimi deyil, sırf öz dili kimi görür, çünki evdə valideynlər də türk telekanalları izləyir. O zaman evdə uşağın türk dilində danışması təəccüb doğurmur. Evdə valideynlər bunu anlamır, amma uşaq bağçaya, məktəbə gedəndə problemi müəllimlər başa düşürlər. Uşaqlara dil açan gündən aşılamaq lazımdır ki, öz dili, öz mədəniyyəti var”.
Bütün müsahiblərimiz əslində eyni nəticəyə vardılar - uşaqlarımızın öz dilimizdə cizgi filmi izləməsi onların həm danışıq, həm davranışını tənzimləyir, həm də milli ruhda böyüməsinə xidmət edirsə fərqli dillərdə televizor proqramları izləməsi Azərbaycan dilinə daha az müraciət etməsinə səbəb olur. Ona görə də ekspertlər uşaqlara öz dilimizi öyrətdikdən sonra ikinci dili öyrətməyi məsləhət görür. İndidən problemi həll etmək lazımdır, sonra “nervileniyorum” deməmək üçün...
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb.