""Formula-1" yarışlarına çox yüksək səviyyədə ev sahibliyi etmişik" - QURUM RƏSMİSİ AÇIQLADI

28 Aprel 2023 13:19 (UTC+04:00)

“"Formula-1" üzrə dünya çempionatı 2016-cı ildən etibarən ölkəmizdə keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur". Bu sözləri SİA-ya açıqlamasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib.

Qurum rəsmisi qeyd edib ki, biz bu illər ərzində "Formula-1" yarışlarına çox yüksək səviyyədə ev sahibliyi etmişik: "Artıq 7 ildir ölkəmizdə keçirilən ən böyük idman tədbirlərindən biri olan bu çempionat həm də onu göstərir ki, ölkəmiz beynəlxalq səviyyəli kütləvi yarışları keçirməyə tam hazırdır. Dünyada geniş tamaşaçı auditoriyasına malik olan bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları və futbol üzrə Dünya Çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan "Formula-1" Qran Priləri bir zamanlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanın dörd bir tərəfində təşkil edilir. Ümumilikdə demək olar ki, "Formula-1" yarışı ölkə nüfuzunu dünya arenasında yüksəlməsi baxımından nadir fürsətlərdən biridir. Azərbaycanın beynəlxalq yarışları yüksək səviyyədə təşkil edəcəyi isə şübhəsizdir. Ölkəmiz müasirlik, sabitlik, təhlükəsizlik, infrastuktur və s. göstəricilər baxımından ən öndə gedən dövlətlər sırasındadır. Bu baxımdan yüzlərlə ölkədə canlı yayımlanacaq "Formula-1" yarışı Azərbaycanın imkanlarını dünyaya tanıdılması üçün növbəti bir fürsətdir. Beynəlxalq yarışlar həm də ölkə turizminin inkişafına böyük təkan verir. "Formula-1" yarışından sonra ölkəmizə gələn xarici qonaqların sayında artım müşahidə edilir, bu da öz növbəsində ölkəmizi dünyada tanıdılmasına gətirib çıxarır. Sonda qeyd etmək istəyirəm ki, gənclərimiz, idmansevər vətəndaşlarımız bu yarışı çox böyük maraqla izləyir, hətta minlərlə gəncimiz bu mötəbər çempionatın könüllüsü olur, təşkilində yaxından köməklik göstərir”.