Müxtəlif ölkələrdə 22 restoranı olan məşhur türkiyəli qəssab Nüsrət Gökçe keçmiş işçiləri tərəfindən məhkəməyə verilib. SİA xəbər verir ki, ABŞ-nin aparıcı media qurumlarından biri olan İnsider-ə danışan iddiaçılar Gökçenin restoranlarında cinsiyyətçi atmosferin olduğunu və işçilərin milliyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını iddia ediblər.
Bundan başqa, Nüsrət Gökçe ilə işləyən bəzi qadınlar “dekolte” geyinməyə məcbur edildiklərini bildiriblər.
“Nusr-Et New York”da əvvəllər barda işləyən Elizabet Kruz adlı bir qadın, "Baş menecer işdəki ilk günümdə qısa ətək, hündürdaban ayaqqabı və sinəsi açıq paltar geyinməyimi istədi", - sözlərini deyib. Qadın, rəhbərinin ona seksist və irqçi ifadələr işlətdiyini də bildirib. Kruz, “O vaxt restoranda işləyən türk qadınlar adi forma geyinirdilər”, - şərhini verib.