"Məktəbi qızıl, gümüş medal ilə bitirən şagirdlər üçün hər hansı bir güzəşt yoxdur. Əvvəllər bununla bağlı güzəştlər var idi, hətta şagirdlər imtahansız ali məktəblərə daxil olmaq şansını əldə edə bilirdilər. Hazırda isə bu güzəştlər ləğv edilib, qızıl və gümüş medal ilə məktəb həyatını başa vuranların yalnız adları məktəbin şərəf kitabına yazılır. Bu şagirdlərin də yolu ali məktəbə daxil olmaq üçün məhz Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan keçməlidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, bu yanaşma tamamilə doğrudur: "Çünki qızıl medal alma yolunda atılan addımlar müəyyən neqativ hallara da səbəb ola bilər. Ümumiyyətlə məktəbi qızıl medal ilə bitirən şagirdin universitetə imtahansız qəbul olmasını gözləməsi, ali təhsil pilləsini qırmızı diplomla bitirən tələbənin magistraturaya imtahansız qəbul edilməsini gözləməsinə bərabərdir. Hansı ki, bu gözlənti tamamilə absurddur".