"Müdrik dövlət xadimi Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası dövlətimizin maraqlarına uyğun prinsipial mövqe ortaya qoyaraq qısa zamanda xalqın böyük dəstəyini qazandı. Heydər Əliyev şəxsiyyətinə sarsılmaz inam Yeni Azərbaycan Partiyasının da yüksək nüfuz qazanmasını şərtləndirdi". SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Müstəqil Azərbaycanın memarı" adlı tədbirdə deyib.
Tahir Budaqov qeyd edib ki, 1993-cü ilin 3 oktyabr tarixində keçirilən seçkilərdə xalqın müdrik seçimi – böyük etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli maraqlardan irəli gələn strateji hədəfləri uğurla reallaşdırmaqla Azərbaycanı müstəqil ölkəyə çevirdi, başqa sözlə, müstəqillik de-fakto təmin olundu: "Həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində sabitlik və təhlükəsizlik mühitinin yaradılması, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər mühüm addımlar müstəqilliyin möhkəmləndirilməsini, Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi, ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildi".