Fransızsayağı nonsens

25 Aprel 2023 18:20 (UTC+04:00)

Makronlu Fransanın son vaxtlar hətərən-pətərən vurması adi hal alıb. Sanki bu ölkədə bir ağıllı yoxdur, nə beynəlxalq hüquq, nə ölkələr arasında münasibətlər, nə ölkələrin ərazi bütövlüyünə hörmət tanımırlar. Hüquq anlayışından başı çıxan isə heç yoxdur. 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfi Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan-Ermənistan sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etdi. Hadisə Azərbaycanın suveren ərazilərində baş verdi, Ermənistan adlanan dövlətə məxsus torpaqlarda, yaxud Paris yaxınlığında yox. Və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən əsassız, heç bir məntiqə uyğun olmayan bəyanat verildi, təbii ki, Xarici İşlər Nazirliyimiz tərəfindən payını da aldı.

XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə açıqlamasında bildirdi ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur: “Guya bu addımın Üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.

Kiçik, həm də əsaslı bir haşiyə çıxaq. Həm Fransanın, həm də digər beynəlxalq dairələrin məkrli oyunları göz qabağındadır. Bir tərəfdən ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkəsi Rusiyanın təkbaşına iştirakı ilə müharibə tərəfləri arasında imzalanan Üçtərəfli Bəyannaməni tanımadıqlarını deyirlər, digər tərəfdən isə məqamı gələndə bu sənəddən yararlanırlar. Fransa və ABŞ-ın, eyni zamanda Avropanın bəzi rəsmi dairələri, senator və deputatları guya Azərbaycanın adıçəkilən Bəyannamənin şərtlərini pozduğunu əsas gətirərək üzərimizə gəlməyə çalışırlar. Hansı şərtlərindən söhbət gedir? Məgər münaqişənin digər tərəfi - Ermənistan Üçtərəfli Bəyannamənin hansısa şərtinə əməl edibmi?

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, Ermənistanın isə baş naziri Nikol Paşinyan arasında imzalanan Bəyannamənin 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. İndi gəlin reallığa baxaq. Ermənistan və Qarabağdakı separatçılar açıq şəkildə etiraf edirlər ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin nəzarət etdiyi ərazilərdə “özünümüdafiə dəstələri var və onların sayı 12 mindən(!?) çoxdur. Bu, üçtərəfli Bəyannamə imzalanan gündən belədir. Deməli, nə Ermənistan, nə də Rusiya Sülhməramlı Kontingent şərtlərə əməl etməyib. Digər bir maddədə göstərilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Buna necə, əməl edilibmi? Yox. Sülhməramlıların əraziyə yerləşməsi üçün vacib şərtləri Rusiya tələsik yerinə yetirdi və Ermənistana qaçan separatçıları avtobuslarla yenidən Azərbaycan ərazilərinə yerləşdirməklə özünün fəaliyyət göstərməsi, Qarabağda qalmasını şərtləndirən məsələni həll etdi. Əks təqdirdə Rusiyanın sülhməramlı missiyası fiaskoya uğrayacaqdı. Yəni Rusiyanın “müdafiə” edəcəyi kiminsə Qarabağda olması lazım idi. Məskunlaşma Azərbaycanlı məcburi köçkünlərə də şamil olunmalı idi. Baxmayaraq ki, sənədin müvafiq məndində bu barədə yazılmışdı, amma hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində bir nəfər də olsun azərbaycanlı yoxdur.

Başqa bir maddədə qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Başqa sözlə desək, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdi.

Belə görünür ki, üçtərəfli Bəyannamənin şərtlərinə yalnız Azərbaycan əməl etməli imiş. Ermənistanın nə imzası, nə də öhdəlikləri isə heç kimin yadına da düşmür. Azərbaycanın son addımları isə Bəyannamənin şərtlərinə qarşı deyil. Rusiya sülhməramlıları Laçın yolunu və ermənilərin yaşadığı əraziləri nəzarətdə saxlamalı, burada təhlükəsizliyi təmin etməli idilər. Sərhəd isə Azərbaycana məxsusdur, onu sərhədçilər qorumalıdır. Sülhməramlılar isə sərhəddən sonrakı ərazilərə nəzarət etməlidirlər.

Atalar məsəlidir, xain xoflu olar. Azərbaycan Həkəri çayı üzərində olan körpüdə sərhəd keçid məntəqəsi yaradıb ki, bu da bizim suveren haqqımızdır. Ermənistandan yüklərin daşınmasına kimsə etiraz etmir, əlbəttə yüklər qanunidirsə və qəbul edilmiş norma və prinsiplərə uyğundursa. Yoxsa Azərbaycan sərhədin bu hissəsini tam bağlamayıb. Əgər ermənilər normalar çərçivəsində yükləri daşımağa davam edəcəklərsə heç bir sıxıntı yoxdur. Amma görünür, Ermənistan bundan sonra qanunsuz əməllərini davam etdirə bilməyəcəyini anladığı üçün haray, həşir salır.

Fransalı və amerikalı bəzi deputatlar və senatorlar isə məntiqsiz davranışları ilə özlərini və ölkələrini ifşa ediblər. Onlar qanunsuz yüklərin bundan sonra daşınmasına son qoyulduğunu anladıqları üçün ən son addımlarını realizə etmək həvəsindədirlər, “Qarabağın müstəqilliyini tanımaq”. Təbii ki, iki fərsiz, həm də uğursuz senatorun boşboğazlışı, hətərən-pətərəni ilə başqa dövlətin ərazisində yeni dövlət qurula bilməz. Azərbaycanın timsalında buna yalnız xalq razılıq verə bilər, Fransanın senatoru Korsika problemi ilə məşğul olsa yaxşıdır...

V.VƏLİYEV