Azərbaycanın 20 illik müstəqillik tarixinin ən mühüm uğuru ölkənin heç bir dövlətdən və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf və tərəqqi kursu bu gün bütövlükdə müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Ölkədə liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin,və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı 2011-ci ilin ilk rübündə təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Heydər Əliyevin iqtisadi siyasəti inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. Mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra həyata keçirilən uzaqgörən siyasət və gərgin fəaliyyət nəticəsində sürətli sosial-iqtisadi inkişaf yoluna çıxmış, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyanı təmin etmişdir. Böyük şəxsiyyətin gərgin zəhməti, uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq müstəqil iqtisadiyyat formalaşmış, Azərbaycanın öz suveren iqtisadi siyasətini həyata keçirməsi üçün ilk növbədə neft-qaz sektoru inkişaf etdirilmiş, xarici investorlar Azərbaycana cəlb olunmuş, investisiya təhlükəsizliyi mühiti formalaşdırılmışdır. Digər bir mühüm sahədə, makroiqtisadi sabitliyə nail olunması fonunda həyata keçirilən sürətli islahatlar Azərbaycanın qarşısında tamamilə yeni inkişaf mərhələsi açmışdır. Aqrar sahənin bazar iqtisadiyyatına məxsus prinsiplər əsasında yenidən qurulması, bu sahədə dövlət mülkiyyətinin özəlləşdirilərək əhaliyə paylanması, həyata keçirilən struktur dəyişiklikləri kənd təsərrüfatının yenidən canlanmasına, sürətli tərəqqisinə, istehsalın həcminin əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olmuşdur. Böyük özəlləşdirilmə nəticəsində bazar iqtisadiyyatı prinsipinə xas olaraq təsərrüfat subyektləri arasında yeni münasibətlər formalaşmış, infrastrukturun inkişaf etdirilməsi, xarici investorların Azərbaycana gəlişini sürətləndirmişdir. Sosial sahədə mövcud problemlərin kompleks həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin həcm və keyfiyyəti artırılmış, insanların maddi rifah halı yüksəlməyə başlamışdır.
Heydər Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradılmış və həyata keçirilmişdir. Belə ki, 1995-ci ildə “Aqrar islahatının əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və 1996-cı ildə isə “Torpaq islahatı haqqında” qanunlar qəbul edilmişdir. Kənd təsərrüfatının inkişafı üçün Heydər Əliyevin başçılığı altında respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 1372, 8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min mal-qara tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar düşürdü. Hazırda ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyəti mövcuddur. İstehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşür. Bu məhsulların satışında qiymətlər tam sabitləşdi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı. Hazırda Azərbaycan idxaldan asılı dövlətdən ixrac edən dövlətə çevrilmişdir. Aqrar islahatların birinci mərhələsində torpağın və əmlakın özəlləşdirilməsi başa çatdırılmışdır. Digər bir sahə, xüsusi mülkiyyətə veriləcək torpaq sahələrinin 99,8 faizi, əmlakın isə 98,9 faizi özəlləşdirilmişdir. Həyata keçirilən aqrar islahatlar nəticəsində 867 minə yaxın ailə torpaq payı almış, mülkiyyətçilər yaranmışdır. Aqrar sahədə yaradılmış əlverişli şərait nəticəsində 842 minə qədər xırda (ailə-kəndli) təsərrüfatı, 36 dövlət təsərrüfatı (məhdud məsuliyyətli cəmiyyət), 79-dan çox kənd təsərrüfatı istehsal kooperativi, 2409 kənd təsərrüfatı müəssisəsi (birgə təsərrüfatlar), 2571 fərdi sahibkarlar (hüquqi şəxs yaradanlar) və 220 sair kənd təsərrüfatı müəssisəsi (elmi-tədqiqat, tədris, təcrübə və s.) təsərrüfat formaları yaradılmışdır.
Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası yolunda “ilk göyərçin” rolunu ölkənin xarici investisiyalar cəlb etmək üçün hazır olduğunu bildirən siqnal oynadı. Bu, 1994-cü il sentyabrın 20-də imzalanmış əfsanəvi “Əsrin müqaviləsi” idi. Nəticədə nəinki neft strategiyasının əsası qoyuldu, həm də iqtisadiyyatın mərhələli şəkildə möhkəmlənməsi və dayanıqlı inkişafı üçün şəraitin yaradılmasına yönəlmiş bir sıra tədbirlərin görülməsinə imkan yarandı. Bundan başqa, bu sənəd sayəsində Azərbaycan dünya ictimaiyyətində özünə layiq yer qazanmış oldu. 7 ölkəni (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 şirkətlə (“Amoco”, BP, “McDermott”, UNOCAL, SOCAR, LUKOIL, “Statoil”, TPAO, “Pennzoil”, “Ramco”, “Delta”) müqavilənin imzalanması ölkəyə investisiya cəlb edilməsinə imkan yaratdı. Bu investisiyalar sadəcə yataqların işlənməsini əhatə etmirdi. Bununla xarici investorlara vacib siqnal verilmiş oldu: Azərbaycan sabit dövlətdir, ona güvənmək, investisiya yatırmaq nəinki olar, hətta lazımdır. Nəticədə ölkəyə yeni investorlar axını başladı, kapital qoyuluşları isə zaman keçdikcə daha çoxşaxəli olmağa, iqtisadiyyatın daha geniş sektorlarını əhatə etməyə başladı. Beləliklə, neft sektoru ilə yanaşı iqtisadiyyatın digər sahələri də birbaşa xarici investisiya şəklində əlavə dəstək almağa başladı. Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində bazar iqtisadiyyatı prinsipinə xas olaraq təsərrüfat subyektləri arasında yeni münasibətlər formalaşmış, infrastrukturun inkişaf etdirilməsi, xarici sərmayədarlar üçün əlverişli mühitin yaradılması, perspektivli sektorların beynəlxalq miqyasda məharətli təbliği xarici investorların Azərbaycana gəlişini sürətləndirmişdir. Sosial sahədə mövcud problemlərin kompleks həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin həcm və keyfiyyəti artırılmış, insanların maddi rifah halı yüksəlməyə başlamışdır.
Beləliklə Ulu Öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş və bu modelin həyata keçirilməsini təmin edən layihələrin işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Bu illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin, əsas yaratmış və bunlar dönməz xarakter almışdır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Keyfiyyətcə yeni mərhələ üçün milli inkişaf prioritetləri düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialı, məhz bu yöndə səfərbər edilmişdir. Müasir dünya iqtisadi sisteminə inteqrasiya istiqamətində makro layihələr reallaşdırıldı. Cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində dinamizm və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. Yeni xarici investorlar Azərbaycana cəlb olunmuş, investisiya təhlükəsizliyi mühiti formalaşdırılmışdır. Xalqımız əmin olmalıdır ki, Cənab Prezident İlham Əliyevin apardığı düzgün iqtisadi-siyasət sayəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında qərarlaşmış və yeni bir inkişaf mərhələsini yaşamaqdadır.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri