İllərdir torpaq həsrəti ilə yaşamaq necə bir hisdir, bunu öz doğma torpağından didərgin düşən insanlardan daha yaxşı heç kim bilə bilməz. Qərbi Azərbaycan sakinləri həsrətlə öz dədə-baba yurdlarına dönəcəyi günü gözləyirlər. Tarixi qələbəmizdən sonra düşmənin təslim olması ilə Azərbaycanın diqtə edən tərəf olması və haqqını tələb etməsi Qərbi Azərbaycan sakinlərinin doğma yurdlarına qayıdacağı barədə ümidlərini artırıb. SİA mövzu ilə bağlı Qərbi Azərbaycan sakinləri arasında sorğu keçirərək onların təəssüratlarını öyrənib.
Qərbi Azərbaycan sakini Arif Qarayev: “Qərbi Azərbaycana qayıdış hər birimizi həyəcanlandırır. Düşünürük ki, Azərbaycan Prezidenti bu məsələ ilə bağlı doğru addımlar atacaq. Necə ki Qarabağa qayıdış təmin olunur, eləcə də Qərbi Azərbaycana qayıdacağıq. Qərbi Azərbaycanlılar da öz növbəsində qayıdışla bağlı əlindən gələni etməlidir”.
Qərbi Azərbaycan sakini Raya Ağayeva: “İnanın ki, vətən həsrəti çox ağırdır. Bu illər ərzində nə qədər əzab çəkmişik yurdumuzdan ayrı. Artıq dədə-baba yurdumuza qayıtmaq yolunda müəyyən addımlar atılıb. Çox sevincli və ümidliyik. Allah ölkə başçımızı və ordumuzu qorusun. Əminik ki, biz bunun da üstəsindən gələcəyik. Qərbi Azərbaycan bizi gözləsin. Çünki biz illərdir, onu gözləyirik”.
Qərbi Azərbaycan sakini Rauf İsgəndərov: “Qərbi Azərbaycan deyiləndə ürəyim sızıldayır. Amma eyni zamanda, qəlbimdə qığılcımlar olur. Bir ümid deyib gözləmişik. Allahın izni ilə gözlədiyimiz gün yaxındır. Bizim kəndimiz kimi kənd yox idi. Havası, suyu, torpağı, insanı belə fərqliydi. Bakıda nə qədər dost-tanışımız, yaxınımız olsa da, yurdumuzun insanı bir başqa idi”.
Qərbi Azərbaycan sakini Rafilə Nəsirova: “Doğma torpaqlarımıza qayıdış yaxındır. İnanıram ki, mənim kimi bütün yerlilərim o günü səbirsizliklə gözləyir. Uşaqlıq xatirələrimiz, kənddəki evimiz, qonşularımız heç vaxt yadımdan çıxmayıb. Doğrudur, 35 ilimizi geri qaytarmaq olmayacaq, amma bəlkə o illərə dəyəcək günlər yaşamaq nəsib olar”.
Qərbi Azərbaycan sakini Adil Şahəliyev: “Ermənilər gözəl yurdumuzu əlimizdən aldılar. Heç torpaqlarımızın, o cür gözəlliklərin dəyərini də bilmədilər. Yerimiz-yurdumuz indi boş qalıb. Biz ora qayıtsaq, hər yan canlanar. Doğma yurdumuz bizi gözləyir, biz də yurdumuzu. İnsan ancaq öz torpağında rahat nəfəs ala bilir. Mən də rahat nəfəs alacağım günlərin həsrətini çəkirəm”.