Gənc nəslin, uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafı cəmiyyətin inkişafını şərtləndirir. Çünki cəmiyyətin gələcəyi uşaqlar və gənclərin necə yetişməsindən bilavasitə asılıdır və bu baxımdan gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi, məlumatlı olması, dəyərlərimizə sahib çıxması cəmiyyətin inkişafında önəmli rol oynayır.
Cəmiyyətin inkişafında uşaq və gənclərin fiziki və mənəvi inkişafının əsaslı rol oynadığı nəzərə alınaraq, ölkəmizdə bu sahəyə xüsusi diqqət var. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan üçün uşaq və gənclərin fiziki və mənəvi inkişafı prioritet məsələ olaraq hələ ilk gündən qəbul olunub. Elə ilk gündən də bu sahəyə qayğı göstərilib və son illər bu qayğının, diqqətin daha da artdığı göz önündədir. Biz bu qayğını hər bir sahədə müşahidə etməkdəyik və deməli, uşaq və gənclərin fiziki və mənəvi inkişafının diqqət mərkəzində olduğunu inkar etmək mümkün deyil.
Uşaq və gənclərin sağlamlığı, fiziki cəhətdən inkişaf etməsi istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər də təkzib edilə bilməz. Ölkəmizdə idman strukturlarının yaradılması, istifadəyə verilməsi, olanların da əsaslı təmir edilməsi məhz gənc nəslin fiziki cəhətdən inkişafına hesablanıb. Çoxlu sayda stadionların tikilib istifadəyə verilməsi, hətta olimpiya komplekslərinin yaradılması dövlətimizin uşaq və gənclərin fiziki inkişafına olan diqqətinin, qayğısının bariz nümunəsidir. Bu kimi komplekslərin yaradılması, ümumiyyətlə idman strukturlarına yer verilməsi heç də təsadüfi deyil, fiziki cəhətdən sağlam gəncliyin yetişməsi üçündür, hansı ki, bu, yenə də cəmiyyətin inkişafına öz töhvələrini verməkdədir.
Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində, mötəbər idman yarışlarında ölkəmizi layiqincə təmsil edirlərsə, deməli, uşaq və gənclərin fiziki cəhətdən inkişaf etdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər öz bəhrəsini veribdir. Əgər ölkəmizin gəncləri ən mötəbər beynəlxalq yarışlarda bayrağımızı ucalara qaldıra bilirlərsə, bu o deməkdir ki, gənclərimizin fiziki cəhətdən inkişafına nail olunub. Məsələ burasındadır ki, bu sahənin inkişafı, yəni, uşaq və gənclərin fiziki cəhətdən inkişafı hər zaman öz aktuallığını qoruyur, çünki bu günkü gənclik bizim gələcəyimizdir və gələcəyimizin sağlam olması ən vacib məsələ olaraq qəbul edilməlidir. Elə buna görə də dövlətimiz uşaq və gənclərin fiziki və mənəvi inkişafını hər an diqqət mərkəzində saxlayır.
Gənclərin fizki inkişafı ilə yanaşı, onların mənəvi cəhətdən inkişafı da vacib şərtdir. Hər bir uşağın, hər bir gəncin gələcəkdə layiqli vətəndaş olması üçün onun məhz mənəvi cəhətdən inkişafına diqqət yetirilməlidir. Burada uşaq və gənclərin təhsili xüsusi rol oynayır, çünki gənc nəslin mənəvi tərbiyəsində ailədən sonra ilk yeri məhz təhsil ocaqları, orta və ali məktəblər, universitetlər tutur. Valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi ilkin şərt olsa da, bunun ardınca gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının rolu danılmazdır. Təhsil ocaqlarında uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün çalışan pedoqoji kollektivin, müəllimlərin xüsusi xidməti var. Tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi tərbiyədə yetişməsini təmin etməkdir. Bu baxımdan həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar və daşıyırlar.
Böyüməkdə olan nəslin mənəvi və fiziki cəhətdən inkişaf etdirilməsi ilə bağlı mühüm addımlar atmaq üçün hər bir dövlət çalışır və bu da başadüşüləndir. Çünki məhz böyüməkdə olan gənc nəslin düşmən qüvvələrin təsiri ilə çirkin niyyətlərə yönləndirilməsi çox acınacaqlı nəticələr verə bilər. Ötən əsrin sonlarında, daha dəqiq desək, 1991-1993-cü illərdə gənclərin siyasi məqsədlər naminə çirkin kampaniyalara sürüklənməsi, daxildə olan xəyanətkar qüvvələrin gəncləri öz məqsədləri üçün istifadə etmək niyyətləri gənclərimizə çox böyük mənfi təsir göstərirdi. Məhz Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bu sahədə mühüm və nizamlı işlər görülməyə başladı və bütün mənfi təsirlərin qarşısı alındı. Məhz 1994-cü ildə Ulu Öndən Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı və artıq gənc nəslin hər sahədə inkişafı diqqətə götürüldü. Umummilli Liderimizin layiqli davamçısı, cənab Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirməyə başladı və azərbaycançılıq ideologiyası bu ideyaların mərkəzində qərarlaşmış oldu və bunun üçün müxtəlif dövlət proqramları qəbul olundu. Dövlət gənclər siyasətinin qəbul olunması, zaman-zaman bu qanun layihəsinin daha da təkmilləşdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, xaricdə təhsil proqramlarının həyata keçirilməsi, idman tədbirlərinin əhatəsinin genişləndirilməsi, bunun üçün infrastrukturun qurulması, Azərbaycan gənclərinin daha təhsilli, savadlı olmaları üçün ölkə daxilində universitetlərin təkmilləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət hesab olunur. Məqsəd həm Azərbaycan gənclərinin fiziki inkişaf etməsi, həm də öz savadları, hazırlıqları ilə beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini, haqq səsini çatdırmağa şərait yaratmaqdan ibarətdir.
Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə böyüyən gənclərimizin 44 günlük Vətən Müharibəsində necə qəhrəmanlıq göstərdiklərinin təkcə biz deyil, hamı, bütün dünya şahidi oldu. Şahidi oldu ki, vətən torpaqlarının hər qarışı üçün gəncliyimiz canından, qanından keçməyə hər an hazırdır və bunu şəhid və qazilərimiz dəfələrlə təsdiq etdilər. Həm də şahidi oldu ki, Azərbaycan gəncləri necə vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmək və ehtiram hissi ilə yetişib və bunun da kökündə məhz ölkə Prezidentinin apardığı düzgün, düşünülmüş, məqsədyönlü siyasət dayanır. Bu siyasət, sözsüz ki, gələcəkdə də ölkəmizin, onun torpaqlarının, ərazi bütövlüyünün, suverenliyinin daha etibarlı şəkildə qorunacağına indidən zəmin deməkdir. Azərbaycan Ordusunun əsasını təşkil edən Azərbaycan gəncliyi artıq dünyada sözünü demiş bir gənclikdir və inanırıq ki, həmişə olduğu kimi Azərbaycanın müstəqilliyinin qorunmasında, haqq səsinin dünyaya çatıdırılmasında gənclərimiz ölkə Prezidentinin ətrafında bundan sonra da sıx birləşəcək. Bəli, məhz gələcəyimiz düşünülərək, uşaq və gənclərin fiziki və mənəvi inkişafı bu baxımdan hər zaman diqqət mərkəzindədir. Bu gün əminliklə deyə bilərik ki, uşaq və gənclərimizin gələcəyi, uşaq və gənclərin fiziki və mənəvi inkişafı etibarlı əllərdədir. Ona görə etibarlı əllərdədir deyirik ki, əvvəla, xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan gənclər siyasəti dövlətimiz tərəfindən uğurla davam etdirilir. Digər tərəfdən də uşaq və gənclərin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb, çünki həqiqətən də gənclər bizim gələcəyimizdir.
Müəllif: İnam Hacıyev
6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
