Bayramqabağı BAZAR QİYMƏTLƏRİ - SAKİNLƏR NƏ DEYİR? - REPORTAJ

20 Aprel 2023 18:11 (UTC+04:00)

İslamda ilin ayları arasında Ramazan ən müqəddəs ay hesab edilir. Onu digər mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil olmuşdur. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə bütün müsəlman dünyasında ramazan bayramı qeyd edilir. Ramazan bayramına hazırlaşan insanların əksəriyyəti özü paytaxtda yerləşən bazarlarda tapır. Təbii ki, bir çoxlarımızı süfrəmizi bəzəmək üçün meyvə və tərəvəzlər alırlar. Bəs gəlin görək, hazırda bazarlardakı ümumi vəziyyət necədir? İnsanlar bayram alış-verişində daha çox nələrə üstünlük verirlər? Ümumilikdə bazardakı mövsümi meyvələrin qiyməti neçiyədir? Bütün bu suallara cavab tapmaq məqsədi ilə SİA olaraq "Yaşıl bazar" a yollandıq.

Öncə bazardakı ümumi vəziyyətlə tanış olmaq üçün qarşımıza çıxan ilk piştaxtaya yaxınlaşdıq. İlkin olaraq mövsümi qiymətlər barədə suallarımızı satıcıya ünvanladıq.

Satıcı Elşən Quliyevin sözlərinə görə, mövsümi meyvə hesab olunan çiyələyin qiyməti 4 manatdan başlayır, 7 manata kimi qalxır. Əsasən çiyələk Şəmkir, Sabirabad, Salyan rayonlarından gətirilir. Göycənin qiyməti 25 manatdan başlayır 50 manata kimi qalxır.

Hazırda alça təzə çıxdığına görə qiymətlər bu dərəcə də bahadır. Qarpızın kilosu 2manat 50 qəpikdən, yemişin isə 7 manatdan hesablanır. Şaftalının qiyməti isə 35-40 manat təşkil edir ona görə ki, hələ bölgəmizdə bu meyvə yetişməyib Türkiyədən gəlir. Bu səbəbdən bahadır.

Satıcı həmçinin istehlakçıların alıcılıq qabiliyyətindən danışdı və buna aid sualımıza cavab verib: “ İnsanlar az da olsa mövsümi meyvələrdən alırlar. Lakin ümumi vəziyyət ürəkaçan deyil. Bazarda meyvə stendləri çoxdur. Buna görə də qiymət baxımından rəqabət üstünlük təşkil edir. Qeyd edim ki, bayramla əlaqədar olaraq bazarda insan çoxluğu müşahidə olunur. Çünki hər kəs bayram alış-verişi edir.

Satıcının sözlərinə görə mövsümi meyvələrin qiyməti may ayında normalaşacaq. Belə deyək hər kəs normal qiymətə öz evinə ürəyi istədiyi mövsümi meyvəni almağa gücü çatacaq. Alçanın qiyməti 4-5 manat, çiyələk isə 3-4 manat, şaftalının qiyməti isə 3 manata düşəcək. Hazırda bazardakı meyvələrin əksəriyyəti parnikdə yetişdiyi üçün qiymətlər daha bahadır”.

Daha sonra növbəti mövsümi meyvələr satılan piştaxtaya yaxınlaşıb Rüstəm Hüseynovla söhbətləşdik.

Satıcının sözlərin görə, bazardakı vəziyyət normaldır: “Lakin insanlar hazırda mövsümi meyvələrin bahalığından şikayət edirlər. Çiyələkləri Şəmkir rayonundan gətiririk. Hazırda insanlar ən çox çiyələk alırlar. Satıcı deyil, bir alıcı olaraq deyə bilərəm ki, bizim satdığımız çiyələklərin dadı çox yaxşıdır".

Növbəti olaraq isə bayram süfrələrinin bəzəyinə çevrilən qidalardan biri də quru meyvələr və çərəzlərdir. İnsanlar əsasən bayram günlərində çərəzlərə üstünlük verirlər. Bizdə sizlər çərəz və quru meyvələrin qiymətləri ilə tanış etmək üçün Yaşıl bazarda yerləşən çərəz mağazasına daxil olduq. Sizləri də maraqlandıran sualları satıcıya ünvanladıq.

Öncə satıcıdan əsasən daha çox pilovlarda istifadə olunan quru kişmişlərin qiymətini soruşduq: “ Əsasən yeməklərdə istifadə olunan quru kişmişlərin qiyməti 6-7 manatda başlayır 12 manata kimi qalxır. Quru əriyin qiyməti 20 manatdır, Türkiyədən gətirilir. Xurmaların qiymətinə gəlincə isə ”Mədinə xurması” 12 manatdır, “Bala Mədinə” adlanan xurmanın qiyməti isə 8 manatdır. Hazırda mağazamızda 100-dən çox meyvə quruları mövcuddur. İnsanlar əsasən şirəsi az olan meyvə qurularına üstünlük verirlər.

Püstənin qiyməti 30-32 manatdan başlayır. Belə baha olmasının əsas səbəbi İrandan və Türkiyədən gətirilməsidir. Badamın qiyməti 16 manat təşkil edir. Qozun qiyməti isə müxtəlif aralıqdadır. Zaqatala qozu 22 manat, təmizlənmiş qoz 15 manat təşkil edir. Təmizlənmiş qoz Şəkidən gətirilir. İnsanlar əsasən təmiz qoza üstünlük verirlər. Fındıq 10 manat, təmizlənmiş fındıq isə 12 manat təşkil edir.

Çərəzlər satılan mağazada daha çox diqqətimi yaşıl görünüşü olan xırda tumlar çəkdi. Satıcıdan bunun nə olduğunu soruşanda boranı tumu olduğunu qeyd etdi. Boranı tumu insan sağlamlığında bir çox şeylərə xeyirlidir. Boranı tumunun qiyməti isə 15 manat təşkil edir. Bu tumdan daha çox kişilərin prostat vəzində problem yarandığı zaman istifadə olunur.

Sonuncu olaraq isə elə yaşıl bazarda yerləşən öz rəngarəng stendləri ilə fərqlənən mürəbbə və turşuların satıldığı yerə yaxınlaşdıq. Burada bir-birindən maraqlı mürəbbə növləri var idi.

Belə ki, öz rəngləri isə seçilən çiyələk və kakos mürəbbəsinin yarım kilosu 5 manat, qırmızı badam mürəbbəsinin 3 kilosu isə 25 manat, ananas mürəbbəsi isə 20 manatdır.

Satıcı Vidadi Qurbanovun sözlərinə görə, bu mağazada çoxlu sayda turşu və mürəbbə çeşidi var: “Xiyar və pomidor turşularının 3 kilosu 10 manat, yaşıl zeytun turşusunun kilosu 13 manat, qara zeytun turşusu isə 14 manatdır. Demək olar ki, qış və yay aylarında turşuiların qiymətində heç bir dəyişiklik olmur. İnsanların ağız tamı fərqli olduqları üçün hər biri özünə məxsus şəkildə bizdən bazarlıq edib gedirlər”.

Sonda isə alıcıların bazar barədə fikirlərini öyrənmək məqsədi ilə onlara yaxınlaşdıq.

Alıcı Seyfədin Qurbanlı: “Bazarda qiymətlər bahadır. Keçən illə müqayisədə artım kəskin şəkildə hiss olunur. Bu gün bazardan bir sıra şeylər aldım. Demək olar ki, tez-tez bu bazara gəlirəm. Lakin qiymətlər o qədərdə sərfəli deyil”.

Alıcı Hidayət Alıyev: “Mən daimi olaraq "Yaşıl bazar" dan evə bazarlıq edirəm. Qiymətlər normaldır. Deməzdim ki, qiymətlərdə artım hiss olunur. Bu gündə bazardan yumurta, pendir və yelpənək aldım. Qiymətlər məni qane etdi.

Alıcı Elmar Yusifli: “Biz restoran işlədirik, ona görə burada çox bazarlıq edirik. Qiymətlərdən razıyıq. Hər il artım az da olsa olur. Amma bu bazarın malları insanın ürəyinə yatır. Ona görə də buranın daimi müştərisiyik. Bu gündə restoran üçün xiyar, pomidor, qatıq, süd və s.bir sıra şeylər aldım”.

Alıcı Babək Heydərli: “Yaşıl bazardan qarağat aldım. Mən tort mağazasında çalışıram, sifarişlər olanda bu cür meyvələr alırıq. Qarağatın 1 qutusuna 7 manat pul vermişəm. Qiyməti yüksəkdir, çünki ölkəmizdə yetişməyib, xaricdən gəlir ona görə də bu qiymətə olması normaldır.

Bəli, əziz "Səs" oxucuları, biz bayram həftəsində bazardakı qiymətlər və mövcud vəziyyət barədə sizə məlumat verdik. Ümid edirik ki, qeyd etdiyimiz məlumatlar sizin üçün yetərincə yararlı olar.

Bayramızın mübarək! Qoy süfrəniz daima bol ruzili, bərəkətli olsun!