"Qərbi Azərbaycanlılar" silsiləsindən
Ramilə xanıma qulaq asdıqda onun çox mehriban danışığını, həyat eşqinin yüksək olmasını görüdkdə ilk əvvəl adam fikirləşir ki, çox gözəl həyat yaşayıb. Amma onunla söhbət etdikdə Ramilə Şamxal qızının yarım əsrlik ömrünün çox çətin, ağır, məşəqqətli keçdiyinə şahid olursan. Və inana bilmirsən ki, bu gözəl, yaraşıqlı xanım belə məşəqqətli ömrü keçməklə, həyatda öz istəklərinə, arzularına da lazım olan səviyyədə nail olub.
Ramilə Şamxal qızı Cəbrayılova 1973-cü ilin aprel ayının 20-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Kacaran şəhərində anadan olub. Bu şəhər çox axar-baxarlı yerdədir. Ramilə xanım uşaq yaşlarında Kacaranı əhatə edən dağlara baxanda böyük heyranlıq duyurdu və ömrünü həmişə belə gözəl yerdə keçirmək istəyirdi. Amma, amma... ağlına gəlmirdi ki, bir vaxtlar vəhşi ermənilər ayağa qalxıb, bu yerlərin məhz onlara məxsus olduğunu bar-bar bağıracaq və azərbaycanlıları öz doğma yerlərindən zorla, silahla köçürəcəklər. “Arxalı köpək qurd basar”, deyib atalarımız. Ermənilər xaricdə olan öz havadarlarının hesabına buna nail oldular.

1988-ci ildə Ramiləgilin ailəsi də Sumqayıta pənah gətirdilər. Bu şəhərdə məskunlaşdılar. Ramilə xanım təhsilini bu şəhərdəki 14 nömrəli tam orta məktəbdə davam etdirdi və 1991-ci ildə məktəbi yaxşı qiymətlərlə bitirdi. Arzusu mühasibatlıq sahəsində işləmək olduğuna görə elə bu sahədə təhsil alıb və Sumqayıt Boru Prokatı zavodunda mühasib işləməyə başlayıb. Sonra taleyini Mənzil İstismar sahələrilə bağlayıb. Sumqayıtdakı 12 nömrəli Mənzil İstismar Sahəsində uzun illər mühasib kimi işləyib və 2021-ci ildən 6 nömrəli Mənzil İstismar Sahəsində mühasib kimi öz işini davam etdirir.
Ramilə xanım gözəl anadır. O, iki övlad böyüdüb. Bu övladlarına həm ana olub, həm də ata. Böyük oğlu Nicat Rəfael oğlu İbrahimli Sumqayıt Təbiət Elmləri Təmayüllü Liseyi bitirəndən sonra təhsilini İqtisadiyyat Universitetində davam etdirib. Burada ali təhsil aldıqdan sonra Türkiyəyə gedib və orada magistratura təhsilini davam etdirib. İndi isə orada doktoranturada təhsil alır. İkinci oğlu Nihad Rəfael oğlu İbrahimli İnşaat Mühəndislri Universitetini bitirib. Çox sevindirici haldır ki, Nicat və Nihad həm də musiqi təhsili alıblar. Bu sahədə də uğurları var. Hətta “Ümid qanadları” kitabında Nicat haqqında çox maraqlı fikirlər yazılıb. Bəli. Belə savadlı, gözəl övladlar böyüdən Ramilə ana fəxr edə bilər ki, xalqımıza layiq övladlar böyüdüb. Deməli, onun yarım əsrlik keşməkeşli həyatı boş keçməyib.

Bax, Xalq şairimiz Bəxtiyar vabzadə də “Ana” şeirini belə analara həsr eləyib.
Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır “ya rəbbim! – deyə:
- Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.
Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.
Əzizimiz Ramilə xanım. Deməli, siz 50 illik ömrünüzü heç də məşəqqətli keçirməmisiniz. Əslində çox mənalı, maraqlı və yaxşı yaşayıbsınız. Mübarəkdir yarım əsrlik ömrünüz və yubileyiniz.

Zeynəb GƏNCƏLİ