Avropa çempionatında hələlik 2 qızıl və 1 gümüşümüz var - QURUMDAN AÇIQLAMA

19 Aprel 2023 16:36 (UTC+04:00)

Aprelin 17-dən başlayan Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Sərbəst güləş üzrə Azərbaycan millisi də çempionatda iştirak edir. SİA mövzu ilə əlaqədar olaraq Azərbaycan Güləş Federasiyasının mətbuatla əlaqələr şöbəsinin müdiri Sərxan Musalı ilə əlaqə saxlayıb.

Qurum rəsmisinin verdiyi məlumata görə, Avropa çempionatı hələ ki güləşçilərimiz üçün uğurlu keçir: "Sərbəst güləşçilər artıq 2 qızıl və 1 gümüş medal qazandı. Hal-hazırda komandamız 90 xalla ölkələrin sıralamasında aşkar liderdi. 2-ci yerdəki Ukraynanı 19 xal qabaqlayırıq. Bu gün sərbəst güləş üzrə mübarizə başa çatacaq. Ötən il komandamız Avropa çempionu olmuşdu. Titulu qorumaq şanslarımız yüksəkdi. Bu yolda əsas rəqibimizin Gürcüstan olacağını düşünürəm. Bu gün axşam seansında da uğurlu çıxış edə bilsək, ardıcıl 2-ci il kuboku ölkəmizə gətirə bilərik".