Qərbi Azərbaycanda hansı toy adət-ənənələri var? - TƏDQİQATÇI DANIŞDI

19 Aprel 2023 14:20 (UTC+04:00)

“Toy zəngin bir etnoqrafiyadır. Bu etnoqrafiya nəsildən-nəsilə ötürülür. Təəssüf ki, bugünkü gündə getdikcə bu dəyərləri itiririk. Qərbi Azərbaycan ərazisi ermənilərin əlinə keçdikdən sonra təkcə torpaqlarımız, abidələrimiz yox, adət-ənənələrimiz, toylarımız, folklorumuz da ayaqlar altında qaldı. Bunu da düşmənlərimiz bilərəkdən etdilər. Dağların qoynunda olan kəndlərimizdə nağıl kimi toylar keçirdi. Dədə-babalarımız gözəl bir toy sistemi yaratmışdı”. Bu sözləri SİA-ya açıqlamasında tədqiqatçı Buludxan Xəlilov deyib.

Onun sözlərinə görə, toyun başlaması elin şənliyinə səbəb olurdu: “Toyda görülən bütün işlər ağsaqqal, ağbirçək xeyir-duası ilə baş tutmalı idi. Toy onda gözəl olur ki, dədə-baba ocağında öz adət-ənənələriylə təşkil olunsun. İrəvan və onun ətraf bölgələrindəki toy adət-ənənələrinin bərpa olunması özümüzə qarşı dəyərin bərpa olunması deməkdir. Qərbi Azərbaycanda özünəməxsus elçilik adət-ənənələri var idi. Ana-atamız kimisə məsləhət görürdüsə deyirdi ki, get o adamın qapısından bir qara daş gətir həyətimizə qoy görək, bunun düşərliliyi olacaq ya yox”.

Tədqiqatçı sözlərinə davam edərək bildirib ki, xınayaxdı mərasimlərində qızlar nanaylar oxuyurdu: “Müqayisə üçün deyə bilərəm ki, türk xalqları içində nanayları oxuyan xalqlar çox azdır. Azərbaycan regionunun Ağbaba bölgəsində xınayaxdıda ən xarakterik mərasimlərdən biri nanayların oxunması idi. İndiki toylarda gəlini çırağın başına fırladırlar. Amma Qərbi Azərbaycan toylarında gəlini ya ocağın ya da təndirin başına döndərirdilər. Bu, gəlinin öz evindən, ocağından xeyir-dua alması və köçdüyü ocağa aparması demək idi. Toyun əvvəlindən axırına qədər gəlinin üzü duvaq ilə örtülü olurdu. Heç kim gəlinin üzünü görməzdi. Ata evindən köçərkən gəlin özü ilə çörək, sandıq, eyni zamanda bir qazan halva aparardı. Bu, şirinlik əlaməti idi. İndi bu adət-ənənələr bir qədər dəyişib. Bundan əlavə, qız ata evindən gedəndə onun əlinə pul qoyub bağlayardılar. Yəni, qız özü ilə getdiyi ocağa ruzi-bərəkət aparsın.

Gəlin gedəndə zurnaçılar ağlamalı hava çalardılar ki, ana balasından ayrıldığı üçün kövrəlsin. Nə qədər mənəm-mənəm deyən ana da olsa, o havanın təsirindən kövrəlirdi.

Keçmişdə oğlan evi bəzən gəlini uzaq yerdən gətirərdi. Həmin dövrlərdə də at nəqliyyat vasitəsi kimi aparıcı rol oynayırdı. Ona görə də Qərbi Azərbaycanda da gəlini atla gətirərmişlər.

Gərək bu adət-ənənələrin hamısını olmasa da, bir çoxunu qoruyub saxlayaq. Bu adət-ənənələr özünəməxsusluğunu itirməsin. Tariximizin, keçmişimizin yaşaması üçün bölgəmizə məxsus adətlərimizi yaşatmalıyıq”