Kişilər arasında ACF turunun birinci yarışı keçiriləcək

18 Aprel 2023 16:21 (UTC+04:00)

Azərbaycan Cüdo Federasiyası kişi cüdoçular arasında rəqabət səviyyəsinin artırılması, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılması üçün bu ildən etibarən ACF turu adı altında yarışların keçirilməsini planlayır. Bu barədə SİA-ya ACF-dən məlumat verilib.

İlk belə yarış 19 aprel 2023-cü ildə baş tutacaq. Yarışda 26 klub, cəmiyyət və idman təşkilatından olan 100-dən çox cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışda aparıcı cüdoçulardan Nazir Talıbov, Rövşən Əliyev, Əhməd Yusifov (-60 kq.), Yaşar Nəcəfov, Kamran Süleymanov, Kəramət Hüseynov (-66 kq.), Nurlan Osmanov, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev, Telman Vəliyev, İbrahim Əliyev (-73 kq.), Zelim Tçkayev (-81 kq.), Elcan Hacıyev, Vüqar Talıbov (-90 kq.), Adil Kərimli, Aslan Mirzəyev, Ruslan Nəsirli (-100 kq.) və Camal Qamzatxanov (+100 kq.) iştirak edəcəklər.

Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.